Dövlət başçısı İsmayıllıda Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib...
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib. Musavat.com xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb. Dövlətimizin başçısına İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda aparılmış işlər barədə də məlumat verilib. Qeyd edilib ki, uzunluğu 13 kilometr olan bu yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii amillərin təsirindən yararsız vəziyyətdə olub. Hazırda isə yol müasir səviyyədə yenidən qurulub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilən yol 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına töhfə verəcək. Dövlətimizin başçısına Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisi barədə də məlumat verilib. Prezident İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışını edib.