Avtosalonlar kralını həbs gözləyir?

Nüfuzlu şəxslərdən birinin himayəsində olan Dəmir adlı şəxsin obyektlərində yoxlamalara başlanılacaq.

 

Bu ilin əvvəlindən etibarən ölkənin avtomobil bazarında ciddi durğunluq müşahidə olunsa da, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən avtosalonların bir qismi bundan elə də ciddi ziyan görməyiblər. Yəni onlar hələ də maşın alveri ilə külli miqdarda gəlir əldə etməkdədirlər.

 

Görünür, bu, hazırda ölkədə avtomobil biznesi ilə məşğul olan şəxslərin bir çoxunun hansısa nüfuzlu şəxslərin himayəsində olması ilə əlaqədardır. Misal kimi, Bakının ayrı-ayrı rayon və qəsəbələrində çoxlu sayda avtosalonu olan Dəmir adlı şəxsi göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, adıçəkilən şəxs son günlər ölkədə cərəyan edən hadisələrdən, daha dəqiq desək, həbslərin və işdən kənarlaşdırılma hallarının intensivləşməsindən ciddi narahatlıq keçirir: "Xatırlayırsınızsa, bu ilin aprel ayında daxili işlər orqanlarının əməkdaşları paytaxtda yerləşən avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat təşkil edib. Məhz həmin əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulmuşdu. Deyilənlərə görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub. Bildirilir ki, şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş, yəni ikinci əl avtomobillərin yürüşünün aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.

Qeyd olunan əməliyyat tədbirləri zamanı bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar. Məhz həmin vaxt bir neçə avtosalona sahib olan Dəmir adlı şəxs də təlaş içində idi. Çünki onun dükanlarında da qeyd olunan qanun pozuntularına imza atılır və buna görə də o, əməllərinin üstünün açılacağından ehtiyat etdiyi üçün dərhal himayəsində olduğu şəxslə əlaqə saxlayıb. Həmin nüfuzlu şəxs isə öz növbəsində, Dəmiri mümkün təhlükələrdən sığortalamaq məqsədi ilə əlaqələrini işə salır. Beləliklə də, bu ilin aprel ayında baş tutan əməliyyat zamanı "avtosalonlar kralı" Dəmirə və onun sahibi olduğu avtosalonlara dəyib-dolaşan olmur. Təbii, bunun əvəzində avtosalon sahibi himayədarına öz minnətdarlığını lazımi şəkildə bildirib. Lakin son günlər ölkədə cərəyan edən məlum hadisələrdən, ard-arda həbslərin baş tutmasından sonra Dəmir yenidən əndişələnməyə başlayıb. Çünki o, müxtəlif üsullarla vergidən yayınma hallarına yol verib və bu zaman himayədarının yardımları ilə özünü sığortalamağı bacarıb. İndi isə onun himayədarının özünün işi tükdən asılıdır. Bu səbəbdən də hər gün dərin fikrə gedən, gələcəyi ilə bağlı düşüncələrə dalan Dəmir artıq əriməyə başlayır…" Bu arada, Dəmir adlı sahibkarın ölkəyə gətirdiyi avtomobillərinin satış qiyməti ilə alqı-satqı müqavilələrindəki qiymətlər arasında kəskin fərqin olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, avtosalonlar zəncirinin sahibi bu yolla dövlət büdcəsindən külli miqdarda vəsaiti yayındırır: "Deyilənlərə görə, Dəmir adlı şəxsin sahibi olduğu avtomobil satış mərkəzlərində oqaçırılmış, hətta istismar üçün təhlükəli olan avtomobillərin satılması hallarına rast gəlinir. Həmçinin nəzərinizə çatdırım ki, onun Babək prospektində, Bakı Avtomobil Satış Mərkəzində, eləcə də Badamdar qəsəbəsində bir neçə avtosalonu var və onlar müxtəlif yollarla vergidən yayınmağa çalışırlar. Dəmir adlı şəxsin avtosalonlarında dünyanın ən məşhur maşın brendlərinin bahalı modelləri satılır. Məsələn, həmin avtosalonlarda "Mercedes", "BMW", "Mazda", "Lexus", "İnfiniti", "Porsche", "Hummer", "Honda", "Nissan" və bu kimi digər tanınmış avtomobillərin ən son modellərinə rast gəlmək olar. Bundan başqa, o da deyilir ki, Dəmir adlı şəxsin avtosalonlarında ölkə ərazisində yaşayan vətəndaşlardan qaçırılmış avtomobillər də satışa çıxarılır. Qeyd edim ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bununla bağlı yetərincə məlumata malikdirlər. Odur ki, tezliklə Dəmir adlı iş adamının həbs olunacağı, onun avtosalonlarının isə geniş yoxlamalardan sonra bağlanacağı ehtimal olunur…" Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 (Gündelikbakı.com)

 






Fikirlər