Fazil Məmmədovun biznesini idarə edən şəxsin ölkədən çıxışına “STOP” qoyulur - TƏFƏRRÜAT...

Fazil Məmmədovun biznesini idarə edən şəxsin ölkədən çıxışına “stop” qoyulur - TƏFƏRRÜAT

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tanınmış iş adamı Kamilov Əşrəf Kamil oğluna qarşı məhkəmə iddiası qaldırıb.

 "AzerTaym.az" yeniavaz.com-a istinadla xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində 03.10.2022-ci il tarixində baxılacaq məhkəmə işinə hakim Leyla Əliyeva sədrlik edəcək.

Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Əşrəf Kamilov vaxtı ilə ölkənin ən böyük şirkətlərindən biri olmuş “Ataholding” MMC-nin (VÖEN-1400096711) Müşahidə Şurasının sədr müavini və qanuni təmsilçisdir. Nizamnamə kapitalı 40 milyon manatdan çox olan “Ataholding”in tərkibində onlarla şirkət fəaliyyət göstərib. Hazırda ləğv prosesində olan “AtaBank” ASC də (VÖEN-9900006651) “Ataholding”ə məxsus olub. Əşrəf Kamilov eyni zamanda “AtaBank”ın Müşahidə Şurasının sədri və bank səhmlərinin 16%-nə sahib olub.
Qeyd edək ki, hazırda “Ataholding” MMC-nin dövlət büdcəsinə 1 milyon 15 min 68 manat 92 qəpik vergi borcu var.
Onu da bildirək ki, uzun illər mətbuatda “Ataholding” şirkətinin sabiq vergilər naziri Fazil Məmmədova məxsus olması ilə bağlı məlumatlar yayılıb. 20 yaşından (1983-cü il təvəllüdlü) “AtaBank”da çalışan və 2016-cı ildə bankın İdarə heyətinin sədri vəzifəsinə təyin olunan Dəyanət Quliyev sabiq nazirin bacısı oğludur. Dəyanət Quliyev 2014-16-cı illərdə Fazil Məmmədova məxsus olduğu deyilən “Synergy Group” MMC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb. Hazırda isə 50 milyon manat nizamnamə kapitalı olan “Synergy Group”a Fazil Məmmədovun digər bacısı oğlu Elnur İsgəndərov rəhbərlik edir.
Elnur İsgəndərov həm də Binəqədi rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərovun oğludur və daha əvvəl Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışıb. Fazil Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra həm Xaləddin İsgəndərov, həm də onun oğlu tutduqları vəzifələrdən azad olunublar.






Fikirlər