Sabiq nazirin 48 minlik borcu - Şirkəti məhkəməyə verildi ...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi "Synergy Group” MMC-ni məhkəməyə verib. 

Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, idda Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır.

"Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Şirkətin qanuni təmsilçisi İsgəndərov Elnur Xaləddin oğludur. Elnur İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur.

"Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına diqqət yetirdikdə məlum olur ki, 4 dekabr 2020-ci ildə şirkətin sənədlərinə dəyişiklik edilib. Ehtimal edilir ki, bu dəyişiklik Elnur İsgəndərovun MMC-nin qanuni təmsilçisi olması ilə bağlıdır. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Axundov Rauf Arif oğlu olub. Rauf Axundov 2017-ci ildə lisenziyası ləğv edilən "Dəmir Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

Fazil Məmmədov nazir olduğu dönəmdə "Synergy Group” MMC Azərbaycanın ən iri holdinqlərindən biri kimi tanınıb. O,  şirkətə istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib. Fazil Məmmədov işdən çıxarıldıqdan sonra şirkətin işi axsayıb. 

2019-cu ildə yayılan məlumata görə, sabiqlərin sırasına qoşulduqdan sonra bir müddət səhhətindəki problemlərlə məşğul olan keçmiş nazir yenidən əsas diqqətini "Synergy Group” MMC-yə yönəldib. 

Amma deyəsən Fazil Məmmədovun işləri yaxşı getmir. Çünki hazırda "Synergy Group” MMC-nin 48 168.93 AZN vergi borcu var.






Fikirlər