Ağstafa rayon icra başçısı YAP-ın binasının ərazisini satdı – FOTO

Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Habelə, qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.


Dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir.

Amma bu qanunların işləmədiyi rayonlar da vardır. Ağstafa rayonu qanunun “hörümçək toru” hesab edildiyi, “iri həşəratların vurub asanlıqla dəldiyi” həmin rayonlardandır. Zaman-zaman Ağstafada bələdiyyə sədrlərinin torpaq sahələrini qanunsuz, təkbaşına qərar verməklə satdıqları barədə məlumqatlar yayılıb, bəziləri barədə ciddi ölçü götürülüb. Amma hamıya məlumdur ki, yerli özünüidarəetmə qurumlarının rəhbərləri Rayon İcra Hakimiyyətinin başçısından və yüksək vəzifəli digər məmurlardan gizli özbaşına iş görə bilməzlər. Müşahidələr göstərir ki, sabiq icra başçısı Məhərrəm Quliyev korrupsiya ittihamı ilə həbs olunandan sonra da rayonda bu müstəvidə problemlər səngiməyib. Cənab Seymur Orucov hakimiyyətə gələndən sonra da torpaqların qanunsuz satılması, icarəyə, istifadəyə verilməsi ilə bağlı şikayətlər yayılmaqdadır.


Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, Ağstafa şəhərində Heydər Əliyev prospektində Yeni Azərbaycan Partiyasının inzibati binasının park kimi istifadə olunan həndəvəri gələcəkdə ticarət köşkləri kimi fəaliyyət göstərəcəyi qabaqcadan bəlli olan yanaşı obyektlər üçün satılıb. Məlumata görə, torpağı alan adam alan yüksək vəzifəli şəxsdir. Hərçənd, ictimai marağın obyektivinə tuş gəlməmək üçün araya söz buraxıblar ki, guya həmin obyekt sahəsi şəhid ailəsinə verilib. Qeyd edildiyi kimi, köşklərin yerləşəcəyi ünvan göz qabağında, izdihamlı yerdədir. Cənab Seymur Orucov bu məsələdən xəbərinin olmadığını deyə bilməz. Yeni Azərbaycan Partiyasının 30 illiyinin qeyd olunduğu bu ərəfələrdə partiyanın rayon təşkilatının inzibati binasının həndəvərində hətta məqsədəuyğunluqla da izah edilə bilməyəcək belə bir qanunsuzluğa imza atmaq yəqin rayon rəhbərliyinin YAP-ın yubileyinə özünəməxsus hədiyyəsidir. (azerbaycanrealligi.com)






Fikirlər