15 iyun 1993-cü il mühüm tarixi missiya idi -ŞƏRH

Bu il Azərbaycan xalqı özünün ən əhəmiyyətli bayramlarından birini, 15 İyun – Milli Qurtuluş Gününü bütün tariximiz üçün ən əlamətdar bir ildə, Heydər Əliyev İlində qeyd edir. Ölkənin 30 il bundan əvvəl qədəm qoyduğu möhtəşəm qurtuluş və nicat yolu bu gün xalqımızı ard-arda gələn möhtəşəm qələbələr, tarixi nailiyyətlərlə müjdələyir. Milli Qurtuluş Günü həqiqətən də Azərbaycan xalqının ən möhtəşəm bayramlarından biridir. Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə, hər bir vətənpərvər azərbaycanlı üçün örnək ala biləcək fədakarlıqla sevirdi. Məhz Ulu Öndərimizin bu fədakarlığı və dahi rəhbərin XX əsrin ən görkəmli dövlət və siyasi xadimlərindən biri kimi malik olduğu ali keyfiyyətləri Heydər Əliyevə Azərbaycan xalqının Ümummilli Lideri adını qazandırmışdır.

Məlumdur ki, hər bir xalqın öz müstəqil dövlətini qurmasında mühüm tarixi missiya daşıyan dahi şəxsiyyətlərin əvəssiz, müstəsna rolu olub. Öz xalqlarını milli müstəqilliyə qovuşdura bilən həmin dahilər heç zaman unudulmurlar. Azərbaycanın suveren dövlət kimi qurulması, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev dühası Azərbaycan xalqına dövlət müstəqilliyini yenidən qazandıra bilən əsl xilaskarlıq fenomenidir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli Liderimizin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə Onun dayanıqlı milli dövlət qurması və onu möhkəmləndirməsidir.

Dövlət müstəqilliyinin ilk illərində 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız rəsmən müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

Müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. Ayrı-ayrı siyasi partiyaların qanunsuz silahlı birləşmələrə malik olmaqla dövlətin o zamankı rəhbərliyinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərini həyata keçirmələri üçün münbit şərait yaranmışdı.

Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Məhz belə bir kritik dönəmdə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev xalqın səsinə səs verərək respublikada ikinci dəfə hakimiyyət sükanını öz əllərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Buna görə də 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin gün dövlətçiliyimiz faktiki olaraq yox olmaq təhlükəsindən xilas edilib. Ümummilli lider Heydər Əliyevin milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu gün-gündən daha da artır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu strateji kursun nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib, özünün ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyevin ideyalarını dönmədən həyat keçirir. Bu gün yaranmış gözəl təməl üzərində yeni, daha qüdrətli Azərbaycanın qurulması naminə bütün qüvvələr səfərbər olunub. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açıb. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyinin təminatında aparıcı rollardan birinə sahib olmaqla beynəlxalq mövqelərini daha da gücləndirib.

Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla addımlayır və bütün sahələrdə özünün dinamik inkişaf dövrünü yaşayır. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Ulu Öndər Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq.

Namiq Ağamalıyev,

İnşaat Kollecinin direktoru 






Fikirlər