Azərbaycan dövlətinin varlığı Milli Qurtuluş GÜNÜ ilə BAGLIDIR

“Azərbaycanda bir çox rəsmi və qeyri-rəsmi bayramlar qeyd olunur. Lakin 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın tarixinin ən önəmli bayramlarından biridir. Çünki 15 iyun tarixi olmasaydı, bu gün müasir, qüdrətli Azərbaycan dövlətinin mövcudluğundan söhbət gedə bilməzdi”.

Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, “ İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor söyləyib ki ümumiyyətlə, Azərbaycan dövlətinin varlığı, mövcudluğu, eləcə də cəmiyyətimizin müasir inkişafı bilavasitə Milli Qurtuluş Günü ilə bağlıdır: “Əgər Ulu Öndər Heydər Əliyev xalqın tələb və təkidi ilə hakimiyyətə qayıtmasaydı, bütövlükdə Azərbaycanın mövcudluğundan söhbət gedə bilməzdi. Gözümüzün önündə 1990-cı illəri canlandıranda Azərbaycanda iqtisadi tənəzzülün günü-gündən dərinləşdiyini, siyasi və silahlı qrupların, anarxiyanın hökm sürdüyünü görürük. İnsanların sabaha olan ümidi məhv olmuşdu. Ümummilli Liderin qayıdışı müasir, qüdrətli Azərbaycan dövlətini qoruyub saxlamaqla yanaşı, cəmiyyətimizi inkişafa, xaosdan stabilliyə aparacaq təməl prinsiplərini müəyyən etdi”.

V. Rəhimzadə söyləyib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət atributları yarandı: “Azərbaycanda müstəqillik aktı 1991-ci ilin oktyabr ayında qəbul olunmasına baxmayaraq, həmin dövrdə heç bir müstəqillikdən, dövlətçiliyimizin bərqərarından söhbət gedə bilməzdi. Bütövlükdə Ulu Öndər Azərbaycanın, eləcə də hər bir fərdin həyatında tarixi missiyanı yerinə yetirdi və ölkəmizin dünya birliyindən, siyasi xəritədən silinməsi təhlükəsini aradan qaldırdı. Biz bu gün müasir, qüdrətli Azərbaycan vətəndaşı olmağımızdan qürur hissi keçirir, və 15 İyun tarixini şərəflə qeyd edirik. Çünki bu tarix bizə asan başa gəlməyib”.

“Baxmayaraq ki, Ulu Öndər hakimiyyətə qayıtmışdı, Azərbaycanda yenə də siyasi sabitliyi pozmağa cəhd edən daxili yaramazlar, eləcə də xaricdən dəstək alan və idarə olunan qruplar var idi. 1994-cü ildə oktyabr, 1995-ci ildə mart hadisələri buna əyani sübutdur. Azərbaycan çox ağır dövr yaşamasına baxmayaraq, başda Ulu Öndər olmaqla bu ağır dövrü tarixə çevirdi. Bu gün Ulu Öndərin irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər siyasəti Azərbaycanın parlaq gələcəyi, inkişafının təminidir. Bu ideyalar sayəsində ölkəmiz bu gün dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilməkdədir”- deyə, V. Rəhimzadə əlavə edib.

AzerTaym.az






Fikirlər