Zaurun narkomanı efirə çıxarması qalmaqal yaratdı: “Pula görə...”
Son illər yerli teleməkanda yeni “trend” yaranıb. Aparıcılar tez-tez “TikTok”da, “İnstagram”da məşhurlaşan şəxsləri efirə dəvət edir, onlarla müxtəlif məsələləri müzakirə edirlər. "Bizimləsən" verilişinin son buraxılışında aparıcı zaur Baxşəliyevin təşəbbüsü ilə bu hadisə yenidən yaşandı. Belə ki, bu dəfə proqrama sosial şəbəkələrdə məşhurlaşan Hikmət “Sovetski” qatılıb. O, efirdə narkotikə qurşandığı illərdən danışıb. Sözügedən şəxsin efirə çağırılması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb, bəziləri narkomanın televiziyalarda göstərilməsini sərt tənqid edib. Məsələ ilə bağlı danışan teleaparıcı Rövşanə Ağasəfqızı aparıcıların bunu reytinq xatirinə etdiyini bildirib. O, bu cür halların yolverilməz olduğunu bildirib: “Onlar bunu reytinqə görə edirlər. Aparıcılar, layihə rəhbərləri bəzən reytinqə görə hər ucuz yola əl atmağa məcburdur. Onlar görürlər ki, həmin şəxslərin “İnstagram”da, “TikTok”da baxış sayları çoxdur və düşünürlər ki, onları efirə dəvət etdikdə tamaşaçı sayını artıracaqlar və bununla da reytinq artacaq. Reytinqin artması da pulun artması deməkdir. Televiziyalar artıq biznes sahəsinə çevrilib. Bu normaldır, çünki özəl telekanallar özlərini dolandırmalıdır. Amma məsələ bu deyil, əsas məsələ hansı şəxslərin efirə çağrılmasıdır. Televiziya başqadır, onu sosial şəbəkələrlə bir tuta bilmərik. Baxmayaraq ki, bu gün sosial şəbəkələr telekanallardan daha populyardır, amma bəzi qaydaları nəzərə almaq mütləqdir. Bu gün gənclərin hamısının əlində telefon var, heç kim oturub televizorda 2-3 saatlıq verilişləri izləmir. “TikTok”da da çox səviyyəli, ağlı başında, maraqlı kontent yaradan şəxslər var. Onları efirə dəvət etmək normaldır. Çünki onlar cəmiyyətə faydalı ola biləcək hər hansı mesajı verməyi bacaracaqlar. Bir insanın obrazı yoxdursa, cəmiyyətə faydalı nəyisə aşılaya biməyəcəksə, o insanı ümumiyyətlə, efirə buraxmaq olmaz”. Aparıcı özü də vaxtilə reytinq xatirinə kimlərisə efirinə çağırmağa məcbur olduğunu etiraf edib: “Sabah deyə bilərlər ki, Rövşanə, axı sən özün də reytinqə görə kimlərisə efirə çağırmısan. Bəli, mən də bunu etmişəm, buna məcbur olmuşam. Ona görə teleaparıcıları qınamıram. Bu gün hər kəsin qarşısına bir siyahı qoyulur və deyilir ki, reytinq verməlisən. Reytinq vermədinsə, verilişin bağlanacaq və işsiz qalacaqsan. Bu gün telekanallara nəzər yetirsəniz görəcəksiniz ki, elə adamlar efirdədir ki, onları əslində heç kanala buraxmaq olmaz, amma 5-10 sponsoru var deyə televiziyadadır. Bu zaman savadlı jurnalistlər kənarda qalır. Çünki savadlı jurnalistlər özlərinə sığışdırıb sözügedən adamları efirinə çıxarmaq istəmir, onlarla bir efiri bölüşmək istəmirlər. Belə olan halda da telekanal rəhbərliyi deyir ki, reytinqin aşağıdır səninlə niyə işləməliyəm? Məsələ budur. Tiktokeri, blogeri efirə çağırmaq olar, əsas odur ki, o öz fəaliyyəti ilə cəmiyyətə fayda verə biləcək nələrisə danışsın, hesab edirəm ki, hansısa narkomanı efirə çıxarmaq olmaz”. Yenisabah.az