“Muğan Bank” bağlandı: 106 milyon manatın taleyi NECƏ OLACAQ?

“Muğan Bank”ın əmlakları satışa çıxarılacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev lisenziyası ləğv edilən “Muğan Bank”da qalan əmanətlərin taleyinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, oktyabr 1-nə “Muğan Bank” ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub:
“Mərkəzi Bank açıqlamasında bildirib ki, bu müddətə bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Deməli, hardasa 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır”.
Bəs bu vəsaitlərin sahibləri nə etməlidir, pullarını necə və hansı yoldan qaytara bilərlər? Samir Əliyev prosesin uzun çəkəcəyini vurğulayıb:
“Bankın əmlakları satışa çıxarılacaq. Kreditor borcları ödəniləcək. Məsələn, Əmanətlərin Sığortalanması Fondunun pulu ödəniləcək. Daha sonra əgər pul qalarsa, bu halda vəsait sahiblərinin pullarını ödəyəcəklər. Proses 3-5 il çəkəcək və əgər əmanətçilərin bəxtləri gətirsə, pullarını ala biləcəklər. Amma neçə faizini ala biləcəkləri məchul olaraq qalır”.
Qeyd edək ki, “Muğan Bank” ASC ləğv edilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
“Muğanbank” ASC 1992-ci ildən fəaliyyət göstərir. “Muğanbank” ASC “Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı kimi tanınır. Bankın səhmlərinin 40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə, 16,27%-i Vəfa Vəliyevaya, 9,22%-i Fəridə Mehdiyevaya, 0,66%-i Elmir Mehdiyevə məxsusdur.






Fikirlər