“8 ay ərzində bütün millət, xalqımız mənə dəstək oldu...” -Əsir düşən Hüseynin anası DANIŞDI

“8 ay ərzində bütün millət, xalqımız mənə dəstək oldu...”-Əsir düşən Hüseynin anası DANIŞDI

“Yay ayından onun sevdityi turşuları bağlayıb, çiyələk mürəbbəsi bişirmişəm”
 
“Hüseynin əsirlikdən azad edilməsi xəbərini eşidəndən onun yolunu gözləyirəm. Nə vaxt gələcəyini hələ bilmirəm. Çünki bizə dəqiq deyilməyib. Beynəlxalq Qızıl Xaç Komitəsindən və Ombudsman aparatından zəng edib, bizə göz aydınlığı veriblər. Bu 8 ay ərzində bir saniyə də ümidimi itirmədim. Cənab prezidentimizə, Ali Baş Komandanımıza inanırdım. İnanırdım ki, 30 ildən sonra torpaqlarımızı işğaldan azad edən cənab prezidentimiz, bizim əsirimizi də orada qoymayacaq. Çünki onun çıxışlarını izləyirdim, hara gedirdisə, harada çıxış edirdisə əsirlərimiz haqda danışırdı. Onun üçün də səbrlə gözləyirdim. Hüseynin nə vaxt gələcəyini bilmədiyim üçün hazırlıq görüb, yemək bişirə bilmirəm. İnşallah gələndən sonra hər şey hazırlayacam. Yay ayından onun sevdiyi turşuları bağlamışam. Hərbi xidmətdən zəng edəndə həmişə deyirdi ki, “ana, heç nə istəmirəm, mənə çoxlu çiyələk mürəbbəsi bişir”. İnanın ki, o qədər çiyələk mürəbbəsi hazırlamışam ki. Dünən birini bacısı açıb çayla içdi, onu danladım bunlar Hüseynindir”
 
 
 
Bunu Moderator.az-a özəl açıqlamasında əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
 
O daha sonra əlavə edib:
“Sanki ürəyimə dammışdı. Digər əsir Aqşinin anası Dürdanə xanıma deyirdim ki, yeni ili övladlarımızla birgə keçirəcəyik. Bu arzumuz da reallaşır. Mənim üçün bundan böyük arzu ola bilməz. Allah cənab prezidentimizə ömür versin ki, bu xoş günü bizə yaşadır. Nə Hüseyn, nə də ki, Aqşin əsir düşdüklərindən bu günə qədər düşmənə əyilməyiblər. Mən övladımı tanıyıb bu sözləri deyirəm. Onların həbs olunan hərbçisi məhkəmə zalında yalvarır ki, mənə yazığınız gəlsin. Deyirəm ki, bəs siz mənim oğlumu nə hala saldınız. Şükür ki, oğlum sizin qarşınızda ağlamadı, əyilmədi, sınmadı. Əli-qolu bağlı olsa da sizə güc gəlməyə çalışdı. 8 ay ərzində bütün millət, xalqımız mənə dəstək oldu. Mənəvi baxımdan hər bir dəstək göstərdilər. Yaşadığım Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı, Polis Bölməsinin rəisi, Elçin Ləmbəranski, Günel Eminova adlı xeyriyyəçi xanım və s. insanlar mənə maddi dəstək olublar. Abşeron Rayon İcra Hakimiyyətində qeydiyyatdayam, Masazırda yaşamışam. Amma onlardan heç bir yardım, dəstək görməmişəm. Kirayə yaşadığım Biləsuvar rayonunun başçısından və vətəndaşlarından razıyam. Onlar mənim səsimə səs verdilər, kirayə yaşadığım evin bir neçə aylıq pulunu ödədilər. Biz daxmada kirayədə yaşayırıq. Heç bir ev-eşiyimiz yoxdur. Mən ev istəmək üçün müraciət edə bilmərəm. Qorxuram sabah desinlər ki, ana oğlunun əsirliyindən istifadə edir. Bu sözlər mənim üçün ölümdən betər olar. Hər şeyi dövlətimizin ixtiyarına buraxmışam. Əlbəttə ki, evi olsa onu evləndirib, nəvə-nəticə görərəm. Həmişə deyirdi ki, hərbi xidməti bitirib vətənə xidmət etməkdə davam edəcəm. Ən böyük arzusu idi ki, evimiz olsun, kirayələrdən canı qurtarsın. Qismət olsa bütün bunlar həyata keçər” deyə Hüseynin anası deyib.
 
 
 
 

 






Fikirlər