Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxslər KİMLƏRDİR? – DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Ədliyyə Nazirliyində üç yüksək vəzifəyə yeni təyinatlar olub. Belə ki, nazir Fərid Əhmədovun müvafiq əmrlərinə əsasən, Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi, Seyfəlpaşa Əliyev Ədliyyə nazirinin müşaviri, Cəmil Kamilli isə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin olunub. AzerTaym.az bizim.media-ya istinadən onların dosyelərini təqdim edir: Vidadi Məmmədov 1974-cü ildə anadan olub. 1997-ci ildə Türkiyənin Dokuz Eylül Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələri ilə bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan V.Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində hakim, 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib.
V.Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.
Azərbaycan Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Seyfəlpaşa Əliyev 1992-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr və kommersiya hüququ ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2024-cü ildə Böyük Britaniya hökumətinin nüfuzlu Çivninq (Chevening) Təqaüd Proqramı çərçivəsində Kembric Universitetinin hüquq üzrə magistr proqramında təhsil alıb.
Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsində aparıcı məsləhətçi olaraq başlayıb.
S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən bu vəzifəyə təyin olunanadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.
O, həmçinin 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.