AŞPA-Azərbaycan münasibətlərinin sonu necə olacaq? - Deputatlar danışır...

Məlum olduğu kimi, yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası(AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdi.

Dünən isə AŞPA-nın növbəti iclası oldu.

Sözügedən iclasda Azərbaycan tərəfi iştirak etmədi, səbəb olaraq isə AŞPA Azərbaycana qarşı qeyri-obyektiv qərarlar qəbul etməsi göstərilir.

Bu gün rəsmi Bakı qarşı tərəfdən addım gözləyir və qoyulan sanksiyanın ləğvini tələb edir.

Bildiririk ki, AŞPA Azərbaycanda siyasi məhbusların mövcudluğunu nəzərə alaraq Azərbaycanın deputat qrupunun mandatını təsdiq eləməkdən imtina etmişdi. Bizdə bunu qərəzli addım adlandırdıq.

Bəs yaxşı, necə olmalıdır?

Həll yolu təkcə AŞPA-nın addım atmasıdırmı?

Axı biz orada indiyə qədər aktiv fəalliyyət göstərmişik, lakin siyasi məhbus məsələsi isə hər yerdə problem yaradır.

Doğrudanmı bütün bu məsələlərin hamısı bizə qarşı qərəzdir?

Bəs görəsən, Milli Məclisin deputatları bu haqda nə düşünür?

“Etiraf edək ki, bugünkü Avropa Monteskyönü, Hüqonu yetirən Avropa deyil.”

"AzerTaym.az" bildirir ki,gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib:

Onun sözlərinə görə, əgər demokratik yanaşmalardan söhbət gedirsə, dünyanın, eləcə də Avropanın hansı ölkəsində  demokratik müvazinət tam şəkildə təmin olunub?

“Təbii ki, hamı kimi, mən də bu məsələnin Azərbaycanın xeyrinə bitməsini istərdim və inanıram ki, belə də olacaq. Məsələyə bir az tarixi, bir qədər də fəlsəfi rakursdan yanaşmaq daha doğru olardı. Etiraf edək ki, bugünkü Avropa Monteskyönü, Hüqonu yetirən Avropa deyil. Əgər demokratik yanaşmalardan söhbət gedirsə, dünyanın, eləcə də Avropanın hansı ölkəsində  demokratik müvazinət tam şəkildə təmin olunub? Bu proseslərə cavabım Hz. İsanın təbiriycə olacaq: İlk daşı günahı olmayan atsın. Bu kontekstdə görəsən, Avropa ilk daşı ata bilərmi?”,- deyə E.Akimova bildirib

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin fikrinə görə isə, bu qərar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qazandığı Qarabağ zəfərindən sonra ölkəmizə qarşı təzyiq göstərmək məqsədi daşıyır:

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatını məhz Qarabağ zəfərindən sonra ləğv etməsi ölkəmizə qarşı qərəzli və siyasi motivli bir addımdır. Bu qərar, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qazandığı Qarabağ zəfərindən sonra ölkəmizə qarşı təzyiq göstərmək məqsədi daşıyır və AŞPA-nın bu məsələdə obyektivlikdən uzaq olduğunu sübut edir. Azərbaycan 30 il ərzində BMT qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, regionda sülh və sabitlik üçün ciddi səylər göstərmişdir. Lakin AŞPA, Ermənistana dəstək nümayiş etdirərək, bu sülh təşəbbüslərinə kölgə salır. AŞPA-nın Azərbaycana qarşı belə yanaşmaları bir neçə məqamı açıq şəkildə göstərməkdədir. Birincisi, təşkilat, Azərbaycanın ədalətli mübarizəsini tanımaq əvəzinə, ikili standartlara əsaslanan qərarlar qəbul edir. ikincisi, AŞPA bölgədə yeni reallıqları qəbul etməkdən imtina edərək, Ermənistanın destruktiv siyasətini dolayısı ilə dəstəkləyir. Üçüncüsü, bu qərar həm də Azərbaycanın öz ərazi bütövlüyü sahəsində prinsipial siyasətinə təzyiq göstərmək məqsədi daşıyır. Gördüyümüz kimi, Azərbaycan hakimiyyəti  bu cür qərarlarla razılaşmır və maraqlarını müdafiə etmək üçün bütün beynəlxalq platformalarda prinsipial mövqeyini davam etdirməkdədir. AŞPA-nın bu addımı nəinki Azərbaycanın, həm də regionun sülh və sabitlik səylərinə ciddi zərbə vurmaqla bərabər, həm də bir çox vacib məsələlərdə, o cümlədən insan hüquq və azadlıqları sahəsində kommunikasiya kanallarını bağlayır. Görünən fakt budur ki, Azərbaycan AŞPA-nın tələblərinə boyun əyməyəcək. Bu o deməkdir ki, Azərbaycan nümayəndə heyətinin mandatını ləğv edilməsinin arxasında dayanan məqsəd havadan asılı qalacaq. Buna görə də AŞPA kommunikasiya kanalını açmaq və danışmaq üçün Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməlidir. Bu imkan verəcək ki, AŞPA Azərbaycan hökuməti ilə siyasi, iqtisadi, sosial, demokratiya, insan hüquq və azadlıqları sahəsində müzakirələr və danışıqlar apara bilsin. Əks halda, qarşılıqlı ittihamlar münasibətləri daha da gərginləşdirərəcək və bu da heç bir tərəfə xeyir gətirmir.”

Saytımıza açıqlamasında deputat Elman Nəsirov isə, ümumiyyətlə, Azərbaycanda siyasi məhbus olmadığı, AŞPA-nın bu qərarınında da qərəzli olduğunu bildirir:

“Azərbaycanın AŞPA-da təmsilçiliyinin dayandırılmasının bir ili tamam oldu və düz bir il bundan öncə yanvar ayının 24-də Azərbaycan nümayəndə heyəti bu qurumun Azərbaycana qarşı qərəzli davranışını, qondarma məsələlərdə ittiham etməsini və açıq-aşkar ermənipərəst mövqeyini nəzərə alıb, fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmışdır. AŞPA-da Azərbaycana qarşı sanksiytalar tədbiq etmişdir. Qondarma iddiaların da mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda guya söz-mətbuat azadlığını, eyni zamanda siyasi məhbus məsələlərini qabardırlar. Halbuki Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz. Çünki biz demokratik ölkəyik. Bu gün özlərini siyasi məhbus kimi təqdim edən adamlar cinayət törədən adamlardır və buna görə də ittiham olunublar. Burada başqa nəsə axtarmağa ehtiyac yoxdur. Azərbaycan AŞPA-da təmsilçiliyini dayandırılması qarşı tərəfin iddiaları ilə bağlı məsələdir. Biz gözləyirik ki, onlar özlərində güc tapacaq, ortaya obyektiv mövqe qoyacaqlar. Bir təşkilat ki, Ermənistanın hər zaman mövqeyini dəstəkləsin, Ermənistanı heç bir zaman təcəvüzkar adlandırmasın, bir təşkilat ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməsini süngü ilə qarşılasın- bütün bunlar nə qədər absurd iddialardır? Halbuki Ermənistan 1 milyondan çox soydaşımıza qarşı soyqırım siyasəti həyata keçirmişdi. Onlar bizimlə təzyiq dili ilə danışmaq istəyir və bu, qəbuledilməzdir. Bütün bunların heç biri bu təşkilata başucalığı gətirmir və biz də bu təşkilatla əməkdaşlığımızın dayanması ilə heç nə itirmirik. Bu davranış, nəticə etibarı ilə Avropanın özünün, region maraqlarına ziddir. Regionda söz sahibi Azərbaycandır. Çünki Azərbaycan bu dəqiqə beynəlxaq sülhə və təhlükəsizliyə ciddi töhfələr verən dövlətdir. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox ciddi bir faktordur. Hesab edirəm ki, AŞPA-nın bu davranışı, əslində, oturduğu ağacın budağını kəsməkdən başqa bir şey deyil və hadisələrin istənilən ssenari üzərində inkişafı üzrə məsuliyyət qarşı tərəfin üzərinə düşür.” 

 






Fikirlər