ZAHİD Oruc: “FORMULA-1” AZƏRBAYCANIN iqtisadi maraqlarına ZİYAN vurmayacaq”
“Formula-1” yarışlarından imtina etmək Azərbaycanın cərimə ödəməsinə səbəb ola bilər. Yalnız 12 milyon yol xərcini çıxmaqla, yerdə qalan xərcləri müxtəlif korporosiyalar, ayrı-ayrı kampaniyalar öz reklamlarını həyata keçirmək üçün üzərlərinə götürüblər. Yəni, bütün vəsaitlər Azərbaycanın üzərində deyil”.
Bunu İnform.az-a-a millət vəkili Zahid Oruc Azərbaycanda "Formula-1" yarışlarının 5 il məcburi keçirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, “Formula-1” yarışlarına maraq artırmaq üçün müxtəlif layihələr həyata keçirilməlidir:
“Faktiki olaraq elan olunmuş 10 il ərzində guya 324 milyon dollar xərclənəcəyi ilə bağlı yayılan məlumatların yalan olduğu rəsmi səviyyədə elan edildi. Hazırda dövlət tərəfindən iqtisadi maliyə sektorunda sabitləşmə tədbiri həyata keçirilir. Bunun paralelində “Formula-1” üzərindən hansı önəmli addımları ata bilərik? Özəl kampaniyalar burada necə rol oynaya bilər? Azərbaycanın buradan gerçək qazancı nə formada həyata keçirilə bilər? “Formula-1”-ə olan maraq cəmiyyətdə futbola olan maraq qədər deyil. Ona görə də bu yarışların keçirilməsinin faydasını necə formalaşdırmaq olar? Bunun üçün layihələr tərtib etmək lazımdır. Vəsaitlər qeyd olunan qədərdisə, orada özəl qurumlar iştirak edərsə, bunu xüsusi bir ajiotaja çevirmədən də gerçəkləşdirmək lazımdır. Hesab edirəm ki, “Formula-1” Azərbaycanın iqtisadi maraqlarına ziyan vurmayacaq”.
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında bildirib ki, müqavilə 10 illik bağlanıb: “Müqaviləyə əsasən, Azərbaycanda "Formula-1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik”.
A. Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər. Ancaq ilk 5 ildə keçirilməlidir: “Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".