DEPUTATDAN FƏRHAD Məmmədova TƏNQİD: “Bunları bacarmalıdır..”

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Strateji Araşdırmalar Mərkəzininin (SAM) fəaliyyətini şərh edib.

Deputat Modern.az saytına açıqlamasında deyib ki, SAM mühüm bir dövrdə yaradılıb.

“Ölkə rəhbərliyi bu cür mühüm təsisatı formalaşdırarkən onun qarşısına mühüm vəzifələr qoydu. İlk növbədə region və beynəlxalq aləmdə Azərbaycanın maraqları ilə bağlı analizlər hazırlamaq, dövlətin siyasəti işlənərkən onun qərarlarının formalaşmasında mühüm rol oynamaq bu strateji qurumun əsas vəzifələrindəndir”.

Zahid Oruc bildirib ki, SAM obyektiv, səriştəli, dürüst təkliflər hazırlamalıdır və bunu beynəlxalq məkana çıxarmalıdır.

“Strateji analiz mərkəzinin istiqamətləri cəmiyyətin mövqelərinə təsir etmək, beynəlxalq “beyin mərkəzləri” ilə işləmək və Azərbaycanın mövqeyini xarici məkana çıxarmaqdır. Bununla bağlı məlumatlı biri kimi deyə bilərəm ki, Strateji Araşdırmalar Mərkəzi bir institut halında formalaşıb və orada kifayət qədər peşəkar, savadlı kadrlar var. Onların da əksəriyyəti canı-dildən bu dövlət üçün çalışır. Bu, hamıya bəllidir. Bəzi sənədlərin məxfi qrif altında olması mümkündür ki, bunlar da dövlətin elitasına təqdim olunur”.

Komitə üzvü bununla yanaşı SAM-ın fəaliyyətindəki nöqsanları da dilə gətirib. O, bu “beyin mərkəzi”ni media ilə əlaqə qurmamaqda ittiham edib:

“Heç şübhəsiz düşünürəm ki, bu qurum daha fəal olmalı və mediaya açıq olmalıdır. İnformasiyalarını aşkarlamalı və bir sıra rəy institutları kimi hərəkət etməlidir. Bu gün Azərbaycanın informasiya məkanına bəzən çox məkrli informasiyalar yeridilir. Bunu isə həmin qurum dərhal görür. Bu, elə də çətin məsələ deyil. Hansısa nazirliyin fəaliyyəti üçün direktiv hazırlayıb göndərməkdənsə, bu qurumun özünün imkanı var ki, mediaya açıqlamalar versin”.

Parlamentari arqumentini belə əsaslandırıb:

“Məsələn, Azərbaycanda dini təhlükə məsələlərində Mübariz Qurbanlının rəhbəri olduğu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəal formada fəaliyyət göstərdi. İndi Azərbaycan əleyhinə bəzi sanksiyalar tətbiq etmək istəyən qüvvələr var. Bunun üçün Avropa məkanında müxtəlif təbliğatlar aparılır. Bu yöndə “Karnegi” Fondu, “Nauman” İnstitutu və s beynəlxalq təşkilatlar kimi fəaliyyət aparılmalıdır. Müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməyi bacarmalıdır. Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın ideyalarını xaricə ixrac etməyi bacarmalıdır. Biz bu yöndə fəaliyyəti təkcə, diaspor üzvlərindən gözləməli deyilik”.

Qeyd edək ki, SAM 2007-ci ildə Azərbaycanda  aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədi ilə yaradılıb.

SAM-ın direktoru Fərhad Məmmədovdur.

(Azərtaym.az)






Fikirlər