İlham Əliyev: “Metro tikintisi növbəti illərdə sürətlə aparılacaq”

"İctimai nəqliyyat elə olmalıdır ki, insanlar rahat istifadə etsinlər. Onların içində metro ən ucuz, ən rahat nəqliyyat vasitəsidir. Metro tikintisi növbəti illərdə sürətlə aparılacaq"
İlham Əliyev: “Metro tikintisi növbəti illərdə sürətlə aparılacaq”
Azertyam.az-a verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O, bildirib ki, metro tikintisi Azərbaycanda geniş vüsət almalıdır: “Hazırda bizdə 23 stansiya var. Son illərdə bir neçə stansiya tikilib. Ancaq Proqrama əsasən, 2035-ci ilə qədər Azərbaycanda, Bakıda 70 stansiya tikilməlidir. Deməli, hər il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu çox böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan məsələdir. Çünki bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir. Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir. Əlbəttə, nə qədər çox stansiya tikilərsə, dövlət büdcəsinə bir o qədər də çox yük olacaq. Ancaq biz bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq”.

Azərbaycan prezidenti qeyd edib ki, ölkədə qaz tarifləri də ən aşağı səviyyədədir: "Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də. Yəni, bütün bunları dövlət tənzimləyir. Bütün bunlar dövlət tərəfindən ödənilir. O cümlədən, metro tikintisi də dövlət investisiyası hesabına icra edilir. Metronun istismarı da bir daha demək istəyirəm ki, subsidiyalar əsasında öz həllini tapır”.

"Bizim planlarımız böyükdür. Çünki ictimai nəqliyyat elə rahat olmalıdır ki, insanlar daha çox ictimai nəqliyyatdan istifadə etsinlər. Düzdür, indi insanların rifah halı yaxşılaşır, biznes mühiti çox müsbətdir" - deyən prezident İlham Əliyev bildirir ki, Azərbaycana hər il yüz min, bəlkə də ondan çox avtomaşın idxal edilir. Yəni, əgər rifah halı yaxşılaşmasaydı, bunların heç biri mümkün olmazdı. Əlbəttə, gətirilən on minlərlə, yüz minlərlə maşın yol infrastrukturuna əlavə təzyiq göstərir. Ona görə tıxaclar yaranır. Biz nə qədər yol qovşağı, tunel, yol ötürücüsü tiksək də, yenə də bu, təzyiq olacaq. Son 10 il ərzində onlarla tunel, yol ötürücüsü, yol qovşağı, yeni yollar tikilib. O yollar yox idi. Təbiidir ki, indi hər şey tez unudulur. Ancaq bu gün aeroportu şəhərlə birləşdirən ikinci yol fəaliyyət göstərir ki, bu yol heç vaxt olmayıb. Şəhərin içində nə qədər yol genişləndi. Aeroport yolu iki dəfə genişləndi. Əgər genişlənməsəydi nə olacaqdı?! Digər yerlər də, harada mümkündürsə, biz yeni yolları, damarları açırıq ki, şəhər nəqliyyatı rahat fəaliyyət göstərsin. Biz bu prosesi gələcəkdə də davam etdirəcəyik. Yeni yol qovşaqlarının, yolların tikintisi nəzərdə tutulur".






Fikirlər