“Azərbaycan rüşvətə qarşı amansız mübarizə aparacaq”

“Azərbaycan rüşvətə qarşı amansız mübarizə aparacaq”"Azərbaycan sosial dövlətdir. Əsaslı iqtisadi islahatların aparılması ilə bərabər, güclü sosial siyasətin həyata keçirilməsi bugünkü reallıqları müəyyən edir. Əlbəttə ki, gələcəkdə də bu sahəyə diqqət daha da böyük olacaq".


Azertaym.az xəbər verir ki, bunu Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində iştirak edən prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, gənclərimiz vətənpərvərdir, Vətənə bağlı olan gənclərdir, biliyə, savada çox meyllidirlər. "Bu gün hesab edirəm, hər kəs dərk edir ki, yüksək bilik olmasa, cəmiyyətdə layiqli yer tutmaq mümkün olmayacaq. Dövlət bundan sonra da bu sahədə öz siyasətini aparacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini verəcək. Hər bir sahə üzrə təmizlik, şəffaflıq, ədalət əsas prinsiplər olacaq. Əminəm ki, hər bir vətəndaş, xüsusilə əlil, fiziki imkanları məhdud olan vətəndaş bunu hiss edəcək".

Prezident çıxışında bildirib ki, məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq və məşğulluğu artırmaq üçün dövlət proqramları icra edilir. Belə ki, hər il 20 min köçkün yeni mənzillərə yerləşdirilir. Fiziki imkanları məhdud olan şəxslərə, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən hər il mənzillər, minik maşınları verilir.

O, sosial məsələlərin həlli üçün ölkənin daha da yaxşı imkanlar olacağını deyib.

İ.Əliyev siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı olduğunu bir daha bəyan edib. "Bu, sadəcə sözlər deyildir, bu, reallıqdır, siyasətdir. Biz çalışmışıq və bundan sonra çalışacağıq ki, Azərbaycanı daha da möhkəmləndirək. Bu gün bizə heç kim təsir edə bilməz. Ancaq Azərbaycan xalqının iradəsi Azərbaycanın inkişafını müəyyən edir. Ona görə daha da güclü, daha da möhkəm olmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar var".

O, bu yaxınlarda start verilən böyük qaz layihəsinin bundan sonra ən azı 100 il Azərbaycanın iqtisadi inkişafını təmin edəcəyini qeyd edib. Prezident İlham Əliyev ölkədə həyata keçirilən sosial islahatların davamlı olacağını vurğulayaraq ədalət prinsipinin cəmiyyətdə mühüm meyarlardan biri olduğunu qeyd edib. "Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görə hər yerdə ədalət olmalıdır.

Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaq. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər.

Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcək. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaq. Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə.

Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq".






Fikirlər