“Əliyevin işi”: 30 milyon dollara görə qətl

“Əliyevin işi”: 30 milyon dollara görə qətlAvstriyanın ədliyyə nazirinin tapşırığı ilə xüsusilə vacib işlərin istintaqını aparan Məsləhət Şurası Qazaxıstan prezidentinin keçmiş kürəkəni, bu ölkənin Vyanadakı keçmiş səfiri Rahat Əliyevə qarşı iki nəfərin qətli üzrə rəsmi ittiham irəli sürüb.

Virtualaz.org saytı “Die Presse” qəzetinə istinadən xəbər verir ki, Vyana prokuroru Bettina Vallnerin hazırladığı ittiham aktına görə, istintaq Qazaxıstanın kommersiya bankı “Nurbank”ın iki meneceri Joldas Timiraliyevin və Aybar Xasenovun sifarişli qətlində hər hansı siyasi motivi istisna edir. Rahat Əliyev menecerlərin qətlində şübhəli bilinir.

Prokuror istintaqın gedişində 90-dan çox şahidi dindirib və belə qənaətə gəlib ki, Qazaxıstan hakimiyyətinin şahidlərə təzyiq göstərməsi ehtimalı istisnadır. Bundan əvvəl Rahat Əliyev Avstriya təcridxanasında bildirirdi ki, Qazaxıstan hakimiyyəti onun keçmiş qayınatası ilə münasibətlərinin korlanmasından istifadə edərək bu iş üzrə şahidlərə təzyiq göstərib.

30 milyon dollarlıq kredit

Ancaq Avstriya prokurorlarının apardığı istintaq göstərib ki, menecerlərin qətlinin real motivi “Nurbank” tərəfindən Xasenovun firmasına verilmiş 30 milyon dollar kredit olub. Bu qətldə Əliyevin “hərisliyinin, kininin və harınlığının” müəyyən rolu olub.

İstintaq müəyyən edib ki, R.Əliyevin “Nurbank”da payı olub. O, Nazarbayevin kürəkəni və hakimiyyətinin əsas varisi olan vaxtlarda bankı satmaq istəyib. Ancaq bankda aparılan auditor yoxlaması “Nurbank”ın keçmiş və fəaliyyətdə olan menecerlərinə məxsus firmalara verilən, geri qaytarılmayan iri məbləğdə kreditlərin olduğunu üzə çıxarıb.

Rahat Əliyevə çatdırıblar ki, Timiraliyev və bankın daha bir əməkdaşı həmin firmalara qanunsuz kreditlər verib, əvəzində “haqq” alıblar. Nəticədə banka böyük ziyan dəyib. Bu zaman Əliyev ikili oyundan şübhələnib və ehtimal edib ki, bankın bəzi əməkdaşları, o cümlədən Timiraliyev və Xasenov onun hesabına varlanıblar.

“Əliyevin işi”: 30 milyon dollara görə qətl




Timiraliyev və Xasenov






Sonra Əliyev Timiraliyevi yanına çağıraraq onu kreditlərin verilməsi əvəzində komission “haqq” almaqda günahlandırıb və Xasenovun firmasına verilmiş 30 milyon dollar kreditin üzərində dayanıb. R.Əliyev bankın menecerlərindən hər şeyi etiraf etməyi və bütün mal-mülklərini təhvil verməyi tələb edib.

Ancaq əhvalatın kulminasiya nöqtəsi Əliyevin əlbir olduğu iki şəxslə birlikdə bank menecerlərini öldürməsi ilə nəticələnib.

Rahat Əliyevin karyerası necə çökdü...

Qeyd edək ki, Rahat Əliyev bu ilin iyun ayında Avstriyada həbs olunub və təcridxanaya salınıb. Nazarbayevin böyük qızı Dariqa ilə evli olan R.Əliyev bir vaxtlar Qazaxıstan hakim elitasının ən güclü fiqurlarından hesab olunurdu və karyerası sürətlə yüksəlirdi.

Ölkənin bütün gəlirli biznes sahələrinə Rahat və Dariqa nəzarət edirdilər. Rahat Nazarbayevin sevimli kürəkəni idi və onun yerinə gələcək varis sayılırdı.

“Əliyevin işi”: 30 milyon dollara görə qətl



Dariqa və Rahat






Lakin 2007-ci ildən etibarən elə səs-küylü hadisələr baş verməyə başladı ki, R.Əliyevin karyerası sürətlə üzü aşağı getdi.

Söhbət “Nurbankgeyt” adı alan və keçmiş sovet respublikalarında bir çox korrupsioner hakimiyyətlərdə sərvətlərin necə bölüşdürüldüyünə dair bariz nümunə olan qalmaqaldan gedir.

Rahat qəsəbəsində işgəncə və iki bankir yoxa çıxır

2007-ci il, fevralın 1-də ölkənin ən iri banklarından olan “Nurbank”ın səhmdarı Rahat Əliyev bankın sədr müavininin müşaviri olan Vadim Koşlyakla birlikdə bankın idarə heyətinin üzvü Abilmajin Qilimovu və bankın idarə heyəti sədrinin keçmiş birinci müavini Joldas Timiraliyevi zorla öz maşınına oturdaraq Alma-Ata ətrafındakı Rahat qəsəbəsi rayonuna aparıb.

Orada prezidentin kürəkəni bankirləri iki sutka dustaq saxlayaraq tələb edib ki, Qilimovun və Timiraliyevin dostları və qohumları bütün əmlaklarını onun adına keçirsinlər. İşgəncələrdən sonra bankirlər şərtləri qəbul ediblər və onlar buraxılıb.

Həmin il fevralın 9-da isə Rahat Əliyev yenidən Vadim Koşlyakla birlikdə “Nurbank”ın təsərrüfat müdiri Aybar Xasenovu və yenidən Joldas Timiraliyevi zorla avtomobilə mindirərək naməlum istiqamətdə aparıb. Bundan sonra Xasenovun və Timiraliyevin izi itib.

“Əliyevin işi”: 30 milyon dollara görə qətl

Nursultan Nazarbayev


Prezidentin kürəkəni adam oğurluğunda ittiham olundu

Mayın sonunda Əliyev bu iki şəxsin oğurlanması üzrə qaldırılan cinayət işində əsas fiquranta çevrilib. Qazaxıstan Baş Prokurorluğu ona qarşı ittiham irəli sürüb və təbii ki, bu, Nazarbayevin öz kürəkənindən üz döndərdiyini göstərirdi.

Bir neçə gün sonra Nazarbayev kürəkənini bütün postlardan azad edib. Elə həmin gün Rahat Əliyev Vyanadan elan edib ki, Nazarbayevə qarşı müxalifətə keçir.

Həmin il mayın 28-də Qazaxıstan prokurorluğunun və İnterpol nümayəndələrinin daxil olduğu qrup Rahat Əliyevin həbsi üçün Vyanaya göndərilir. Lakin Avstriya hakimiyyəti prezidentin kürəkəninin təqib olunmasını siyasi motivli hesab edərək həbsə icazə vermir.

Qazaxıstanda isə Əliyevin və onun adamlarının işi üzrə məhkəmə başlayır, 2008-ci ilin yanvarında Alma-Ata məhkəməsi Əliyevi qiyabi olaraq 20 il həbsə məhkum edir. Məhkəmə prosesi başlayanda Əliyev Avstriyadan sığınacaq istəyir. Dariqa isə hökm oxunana qədər ərindən boşanır.

Timiraliyevin və Xasenovun cəsədləri tapılmadığı üçün məhkəmə Əliyevi qətldə təqsirli hesab edə bilmir. Onu adam oğurluğuna görə məhkum edirlər. Əliyev isə bütün ittihamları rədd edərək Qazaxıstan prezidentiliyinə namizədliyini irəli sürməyə hazırlaşdığı üçün təqib olunduğunu bəyan edib, Nazarbayev hakimiyyətinin və prezidentin ailə sirlərinin yer aldığı kitablar, məqalələr yazmağa başlayıb.

Avstriya polisi isə R.Əliyevi saxlasa da 1 milyon avro girovla və ölkəni tərk etməmək barədə iltizam almaqla onu buraxmışdı.

“Əliyevin işi”: 30 milyon dollara görə qətl
Dəmir çəlləkdə, kimyəvi maddədə basdırılmış iki cəsəd

Nəhayət, 2011-ci il, mayın 13-də Almatı şəhərinin ətrafında çəlləkdə tanınmaz dərəcədə eybəcər vəziyyətə salınmış iki cəsəd tapılır. İstintaq orqanları cəsədlərin yoxa çıxmış bankirlərə aid ola biləcəyini elan edir.

Qazaxıstan prokurorluğunun məlumatında deyilirdi ki, Almatı şəhərinin ətrafında, “Kazteleradio”nun anbar bazasının ərazisində 3-3,5 metr dərinlikdə metal çəlləkdə, təbaşirin yandırılmasından alınan kimyəvi maddənin içində basdırılmış iki çürümüş cəsəd aşkar edilib. Cəsədlərin başlarında qara papaq olub, üstündən sellofonla bağlanıb, cəsədlərin boyunları kəndir və məftillə boğulub.

Cəsədlərin üzərində işgəncə izləri olub. Onların başlarına keçirilən sellofon torba ilə boğulub öldürüldüyü ehtimal edilib. Xaricdən dəvət edilmiş mütəxəssislərin iştirakı ilə DNK analizi aparılıb, ancaq ölüm hadisəsinin tarixini müəyyən etmək mümkün olmayıb. İstintaq cəsədlərin Xasenova və Timiraliyevə məxsus olduğunu müəyyən edib.

Jurnalistin qətli və Nazarbayevin böyük faciəsi

Bu, Rahat Əliyevin ittiham olunduğu yeganə qətllər deyil. Prezidentin keçmiş kürəkəni həmçinin qazax telejurnalisti Anastasiya Novikovanın Livanda qətlə yetirilməsini təşkil etməkdə ittiham olunur.

“Əliyevin işi”: 30 milyon dollara görə qətl

2008-ci ildən başlayaraq Nazarbayevin sirlərini açan Rahat Əliyevə Qazaxıstanda daha bir neçə maddə üzrə ittiham irəli sürülüb. Bura qanunsuz dinləmələr, dövlət sirlərini yaymaq da daxildir.

Vaxtilə Nazarbayev keçmiş kürəkəni haqda danışaraq demişdi ki, bu qalmaqal onun ailəsi və bütün ölkə üçün böyük sarsıntı, faciə oldu.

“Mənim kürəkənim, üç nəvəmin atası təkcə ailəsini və uşaqlarını deyil, vətənini də satıb, bütün mümkün sərhədləri keçib” - Nazarbayev deyirdi.

Məşuqənin qətli, yaxud Rahat qurbanlarının başlarını niyə keçəl qırxırdı

Rahat Əliyevin adı daha çox ona məxsus olan “Nurbank”ın iki menecerinin oğurlanması və qətli işinə görə çəkilsə də “Nurbankqeyt” qalmaqalının başlamasından sonra istintaq telejurnalist Anastasiya Novikovanın müəmmalı ölümünü də araşdırmağa başladı.

1980-ci ildə anadan olmuş Anastasiya Novikova Almatıya Daşkənddən köçmüşdü və Rahat Əliyevə məxsus KTK kanalında aparıcı işləyirdi. O, həm də Rahat Əliyevin məşuqəsi idi. 2002-ci ildə Rahat Əliyev Qazaxıstanın Avstriyadakı səfiri təyin olunanda qohum Daniyar Esteyanı da səfirlikdə sürücü kimi işə götürdü. Anastasiya isə Avstriyaya köçüb yerləşmək üçün Estenlə saxta nigaha girdi.

2003-cü ildə Anastasiya formal əri Daniyarla birlikdə Beyruta gedir və orada Rahat Əliyevin livanlı qohumunun evində yaşamağa başlayır. Həmin ilin avqustunda onun Luiza adlı qızı dünyaya gəlir. 2004-cü il iyunun 19-da isə Anastasiyanın cəsədi yaşadığı evin yanında metal hasardan asılı tapılır. Daniyar Esten və həmin vaxt orada olan, Rahat Əliyevin “vuran əli” sayılan mayor Vadim Koşlyak və Kurman Akimkulov Livan polisinə izahatlarında bildirirlər ki, qadın psixi pozğunluqlardan əziyyət çəkirdi və bu səbəbdən özünü ataraq intihar edib. Rahat Əliyevin livanlı qohumu İssam Xorani isə nüfuzlu tanışı vasitəsilə Livan polisini əmin edib ki, “bu hörmətli adamların işlərinə qarışmasın”.

Nəticədə saxlanılanlar buraxılıb, məhkəmə-tibb ekspertizası aparılmayıb. Anastasiyanın cəsədi Rahat Əliyevə məxsus hava yolları şirkətinin çarter reysi ilə diplomatik yük adı altında Qazaxıstana aparılıb. Sink tabutu isə Vadim Koşlyak və Kurman Akimkulov müşaiyət edirdi. Təyyarə Tarazda yerə enir və onları Rahat Əliyevin qohumları qarşılayır. Qadının cəsədi gizlicə Cənubi-Qazaxıstan vilayətində kənd qəbiristanlığında dəfn olunur. Lizanı isə Daniyar Estenin qohumlarına verirlər. Daniyar yenidən Qazaxıstanın Avstriyadakı səfirliyinə qayıdır və sürücü işləməkdə davam edir.

Qazaxıstan mediası yazır ki, o, zəif iradəli, içki düşgünü adam idi, Rahatdan tam asılı vəziyyətə düşmüşdü, etibarsız adam hesab olunurdu. Ona görə də Rahat qohumundan yaxa qurtarmağı qərara alır. 2005-ci ildə Daniyar Vyanada müəmmalı avtomobil qəzasında ölür.Onun ölümü də araşdırılmamış qalır.

Anastasiyanın müəmmalı ölümü haqda araşdırma isə ancaq 2008-ci ildə “Nurbankqeyt” qalmaqalından sonra başlayır. Cəsəd eksqumasiya olunur və məlum olur ki, Anastasiyanın bədənində çoxsaylı amansız işgəncə izləri var, bütün sümükləri qırılıb, ölü tapılanda başı keçəl qırxılmış olub. Teleaparıcının qətlinə görə cinayət işi qaldırlır və R.Əliyevə yeni “qətl” ittihamı irəli sürülür. Lakin Avstriya keçmiş kürəkəni təhvil vermir.

Maraqlıdır ki, yoxa çıxan bankirlərin çürümüş cəsədi çəlləkdən tapılanda onların da başının keçəl qırxıldığı məlum olmuşdu. Qazaxıstan prokurorluğu bu detala görə qətlin Rahat Əliyev tərəfindən törədildiyinə bir daha əmin olub. Çünki qurbanları işgəncə verib öldürdükdən sonra başlarını keçəl qırxmaq onun dəst-xətti idi...

Dariqadan boşanandan sonra Rahat Əliyev Elnara Şorazova ilə evlənib və bu nikahdan bir oğlu var. Keçmiş kürəkən ikinci nikahdan sonra təzə arvadının familiyasını götürüb və indi Rahat Şoraz ad-soyadı ilə yaşayır.

F.Məmmədov

Virtualaz.org






Fikirlər