Xüsusi xidmət orqanlarının Bakı toplantısında Azərbaycana təhlükəli xəbərdarlıqlar

 Xüsusi xidmət orqanlarının Bakı toplantısında Azərbaycana təhlükəli xəbərdarlıqlar

İlham İsmayıl: “Konkret faktlar var ki, gündəmə gətirilir”; Sülhəddin Əkbər: “Edilən xəbərdarlıqlar əsaslıdır” 

 

MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Bakıda keçirilən şurasında səslənən fikirlər ölkə və dünya gündəmini zəbt etdi. İclasda regiona olan təhdidlərlə bağlı verilən narahatedici açıqlamalar Azərbaycan da daxil, MDB ölkələrinə radikal, ekstremist qrupların, terror şəbəkələrinin təhlükəsinin getdikcə artdığını bir daha sübut etdi.
Prezident İlham Əliyevin iclasda iştirak edən qonaqları qəbul edərkən bu barədə səsləndirdiyi fikirlər məsələnin nə qədər ciddi olduğunu açıq şəkildə göstərdi. Ölkə başçısı təhdidlərin artmasından söz açıb: “Təəssüf ki, təhlükələr get-gedə artır. Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir. Həmçinin düşünürəm ki, artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Bu gün təəssüf ki, həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir. Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması - bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq”.
 
 
Image result for Mədət QUliyev
 
İclasda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev bildirib ki, dünyada artan terror aktivliyi, dini-radikal və ekstremist qruplaşmaların transmilli mütəşəkkil cinayətkarlıqla birləşməsi daha sıx əməkdaşlıq, bu çağırış və təhdidlərə cavab vermək üçün yeni və səmərəli yolların işlənib hazırlanmasını tələb edir.
Şuranın sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun iclasda verdiyi sensasion açıqlamalar kifayət qədər narahatlıq doğurur. Şura sədri terror təşkilatları rəhbərlərinin Şimali Qafqazda fəaliyyətlərini genişləndirmələri barədə sənədlər əldə etdiklərini qeyd edib: “Hazırkı geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir. MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət bizdə xüsusi narahatlıq yaradır. MDB-yə üzv  və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir. Son vaxtlar biz Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik. Bizim ölkələrdən kənarda fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının funksionerləri öz terror şəbəkələrini uzaqdan idarə edirlər.
Bunun üçün onlar bir çox vasitələrdən, o cümlədən agentlərdən, peyk əlaqə vasitələrindən, internetin imkanlarından yararlanırlar".
Image result for İlham İsmayıl
 
Təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl təhdidlərin radikal dindarlarla bağlı olması ilə əlaqədar səslənən fikirlərin əsaslı olduğunu bildirdi: “İŞİD-ə son dövrlərdə koalisiya qüvvələri tərəfindən endirilən zərbələrdən sonra mümkündür ki, onların müəyyən dəstələri geri qayıtsınlar. İŞİD-in isə ən zərbəçi dəstələri ən çox ruslardan ibarət olan Qafqaz ordusudur. Bu ordunun isə əsası Şimali Qafqazdan ibarətdir. Onların Azərbaycan və digər ərazilər üzrə Şimali Qafqaza keçmələri tamamilə mümkündür. Görünür, bu barədə konkret faktlar var ki, gündəmə gətirilir. Suriyada baş verənlərin əks-sədasının bizdə və Rusiyada üzə çıxacağını təxmin etmək mümkündür. Buna görə də Suriyada gedən prosesləri dərindən izləmək lazımdır. Orada olan radikal dindarların hara gedəcəyini, necə hərəkət edəcəklərini perspektivdə izləmək vacibdir. Əməliyyat məlumatlarının əldə olunması olduqca əhəmiyyətlidir. Bu baxımdan, ölkələrin birgə əməkdaşlıq etməsi indiki halda olduqca vacibdir. Bunun bəhrə verəcəyinə inanıram. Hər şey informasiyadan asılıdır, özü də qarşılıqlı. Təhlükəsizlik informasiya ilə idarə olunur. Bu məsələlərə ciddi şəkildə yanaşmaq lazımdır”.
Image result for Sülhəddin əkbər
 
MTN-in sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər qarşıdakı ilin postsovet məkanı üçün sınaq ili olacağını qeyd etdi: “MDB Rusiyanın geopolitik maraqlarına xidmət edən bir qurumdur. Postsovet məkanının lider ölkəsi kimi xüsusi xidmət orqanlarının mütəmadi toplantılarını keçirir. Bütün dünyaya göstərilir ki, bu məkanın lideri Rusiyadır və bütün operativ şəraitə də Rusiya nəzarət edir. Postsovet məkanı uğrunda Amerika, NATO və Avropa Birliyi bir tərəfdə dayanıb, Rusiya isə digər tərəfdə. Qarşıdakı dövrdə bu qarşıdurmanın daha da dərinləşəcəyi gözlənilir. Ukraynada müharibə gedir, Azərbaycan-Ermənistan müharibə vəziyyətindədir. Mərkəzi Asiyada gedən prosesləri də hər kəs görür. Rusiya və Amerika arasında gedən vəkalət müharibəsi onu göstərir ki, qarşıdakı müddətdə bizim regionda sabitliyin pozulması gözləniləndir. Bu baxımdan, edilən xəbərdarlıqlar əsaslıdır. Qarşıdakı zamanlarda postsovet məkanında vəziyyət aydın şəkildə ortaya çıxacaq. Qara dəniz məsələsinə diqqət çəkmək istəyirəm. Postsovet məkanında birinci istiqamət Qara dəniz, ikinci istiqamət Cənubi Qafqaz və Xəzər, üçüncü isə Mərkəzi Asiya. Hər üç istiqamətdən Rusiyanı təhdid gözləyir. Bu baxımdan, təhdidlərlə bağlı səslənən fikirlər əsaslıdır. Rusiya Türkiyə, İran və postsovet ölkələrini ətrafına yığaraq, qalaqurma siyasəti aparır. Regionda strateji maraqların, xüsusən siyasi hakimiyyət maraqlarının üst-üstə düşməsindən Rusiya regional müdafiə xətti qurmaq üçün istifadə edir”.






Fikirlər