BDU-nun magistrantları onlayn imtahan sessiyasının təşkilini MÜSBƏT QİYMƏTLƏNDİRİLİR...

COVID-19 pandemiyası böhran dövrlərində təhsilin məzmunu və formatına yenidən nəzər salmaq zərurətini meydana çıxardı. Azərbaycan təhsili tarixində ilk dəfə baş tutan onlayn təlim-tədris prosesi və imtahan sessiyasının reallaşmasına Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim kollektivi, texniki heyəti, hətta tələbələri də böyük təəsübkeşlik hissi ilə öz töhfəsini verdi.

Nəticədə Bakı Dövlət Universiteti bu çətin günlərdə tədris prosesini onlayn formata keçirməklə, ikinci semestrin imtahan sessiyasının uğurla təşkilini təmin edə bildi. Başa çatan tədris ili ali təhsilimizin inkişafında yeni bir mərhələ olmaqla, rəqəmsal texnologiyaların sürətli inkişafı, qlobal pandemiya ilə şərtlənən reallıqlarla xarakterizə oluna bilər.

Bakı Dövlət Universitetində keçirilən yaz semestrinin yay imtahan sessiyasının təşkili, imtahan prosesinin gedişi haqqında akademik kareyasının ilk pilləsində olan magistr tələbələrlə həmsöhbət olduq. Elə imtahan sessiyasında olduğu kimi, söhbətimiz onlayn formada baş tutdu. 

"AzerTaym.az" magistrantların imtahanların gedişi, hazırlıq prosesi, qiymətləndirmə və s. haqqında fikirlərini sizə təqdim edir:

Sosial elmlər ve psixologiya fakültəsinin magistrantı Xalidə Məlikova:Tədris prosesinin mövcud şəraitə uyğunlaşdırılması, müasir tələblər səviyyəsində qurulması səbəbindən yaddaş təhsilindən təfəkkür təhsilinə keçid zərurəti yarandı. Bu baxımdan, BDU-da pandemiya şəraitində həyata keçirilən təhsil prosesi təqdirəlayiq addımlarla yadda qaldı. Onlayn formada reallaşan imtahanlar, mart ayından davamlı şəkildə həyata keçirilən onlayn dərslər mütəşəkkil qaydada təşkil edildi. Ənənəvi təhsil zamanı qarşılıqlı emosional əlaqənin və duyğuların ötürülməsi onlayn dərslərə nisbətən daha güclü olsa da, məsafədən dərslərin də tələbələr arasında müəyyən marağa səbəb olduğu, kommunikasiya texnologiyaları ilə əlaqələndiyi üçün tələbələrdə dərslərə həvəslə yanaşılması müşahidə edildi.

İmtahan nəticələri, ən əsası giriş ballarının yüksək olması hamımızı sevindirdi. Onlayn dərslərimiz də ən azı auditoriyada olduğu qədər məhsuldar keçdi. Sessiyanı yüksək qiymətlərlə bitirdiyimə görə çox sevinirəm. BDU-nun rəhbərliyi və fakültəmizin müəllim kollektivinə, imtahanların yüksək səviyyədə təşkili üçün öz təşəkkürümü bildirirəm.

Bakı Dövlət Universitetinin, zərurət yaranarsa, onlayn tədrisdə daha mütərəqqi metodlardan istifadə etməklə tədris prosesinin maksimum yerinə yetirilməsi, bilik və peşə vərdişlərinin tələbələrə daha müasir metodlarla çatdırılmasında böyük nailiyyətlərə imza atacağına əminəm.

Tarix fakültəsinin magistrantı Ruqiyyə Piriyeva:

 

COVID-19 pandemiyası yeni çağırışlar irəli sürdü, distant təhsillə bağlı təşəbbüslərin sürətli həllinə yeni imkanlar yaratdı. Müvafiq proflaktik tədbirlərin görülməsi məqsədilə tədrisin dayandırılması distant formata keçidi zəruri etdi. Mövcud vəziyyətə əsasən, BDU-da semestr imtahanları distant formada təşkil olundu. Bu təcrübənin uğurlu nəticələnməsində fədakar müəllimlərin, öyrənməyə həvəsli tələbələrin və yorulmadan çalışan əməkdaşların zəhməti danılmazdır.

İmtahan sessiyasının gedişində tələbələrin onlayn tədris prosesində əldə etdikləri bilik və bacarıqların nümayişi üçün həm universitet rəhbərliyi, həm də fənn müəllimləri tərəfindən şəffaf imtahan mühiti vardı. Tədrisin distant şəkildə təşkil olunması dərslərin keyfiyyətinə təsir etmədi. Onlayn dərs zamanı mövzular müəllim-tələbə arasında diskussiya şəraitində aydınlaşdırıldı. Müəllimlər tələbələrin verilən mövzuların fərdi şəkildə çatdırmasına hər cür şərait yaratdı. Bakı Dövlət Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə onlayn formada baş tutan dərs və imtahan prosesinin şəffaf şəkildə həyata keçirilməsini təşkil etdiyinə görə minnətdarlığımızı bildiririk.

Kitabxanaçılıq-informasiya fakültəsinin magisrtrantı Hacı Qasımlı:

 

Pandemiya şəraitində Bakı Dövlət Universitetinin ilk mərhələdə əsas vəzifəsi tədris prosesində davamlılığın təmin edilməsindən ibarət oldu. Onlayn dərslərin təşkil olunmasında, imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində bütövlükdə universitet kollektivi fəal iştirak etdi. Təhsil aldığım müddətdə imtahanların təşkili və gedişi zamanı şahidi olduğum əsas məqam imtahan nəticələrimin yazdığım cavablara uyğun qiymətləndirilməsi olub. Onlayn imtahan nəticələri də bilavasitə tələbənin yazdığı suallara uyğun, konkret məzmunlu, 0-10 bal aralığında qiymətləndirilərək, obyektiv həyata keçirildi. Pandemiya şəraitində təhsilin fasiləsizliyini təmin etmək ilk baxışda nə qədər çətin görünsə də, BDU ailəsi bu çətinliyin öhdəsindən layiqincə gəlməyi bacardı.­­­­­­ “Microsoft Teams” platforması üzərindən dərslərin və imtahan sessiyasının təşkili müvəffəqiyyətlə həyata keçirildi. Ümumiyyətlə, Azərbaycanda bu ilk təcrübə olsa da, Bakı Dövlət Universiteti bu işin öhdəsindən müvəffəqiyyətlə gəldi.

Geologiya fakültəsinin magistrantı Elnur Qasımov:

 

Onlayn tədrisin metodologiyası tamamilə fərqlidir. Distant – müəyyən məsafədən keçirilən təlim-tədris sistemi hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Bakı Dövlət Universitetində də mövcud səbəbdən imtahanların onlayn formada təşkilinin ilk olmasına baxmayaraq, tədris və imtahan zamanı problem müşahidə olunmadı. Əksər tələbələr semestri yüksək qiymətlərlə başa vurdular. Yekun olaraq imtahan prosesinin gedişatını müsbət qiymətləndirirəm. Universitetdə tələbələrin bu dönəmdə maarifləndirilməsi, tədris zamanı  elektron dərs vəsaiti ilə təmin edilməsi və  imtahanların təşkili birbaşa olaraq BDU kollektivinin əməyinin nəticəsidir. Bu çətin dönəmdə bu ağır işin öhdəsindən uğurla gəldiklərinə görə kollektivimizi təbrik edirəm. Universitet rəhbərliyinin tələbəyönümlü qərarları tələbələrin imtahanlarda uğurlu nəticələr əldə etməsinə müsbət  təsir göstərdi.

Kimya fakültəsinin magistrantı Xanım Novruzlu:

 

Ökəmizdə ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universiteti mövcud COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətə uyğun məqsədyönlü addımlar ataraq məsafədən təhsilin təşkili işində uğurlu fəaliyyət göstərdi. Mövcud şəraitlə əlaqədar olaraq digər ölkələrdə olduğu kimi respublikamızın ali təhsil ocaqlarında da dərslərin və imtahan sessiyasının təşkili onlayn qaydada keçirildi.

Azərbaycanda onlayn dərslərin və imtahanların ilk dəfə keçirilməsinə baxmayaraq, Bakı Dövlət Universiteti bu işin öhdəsindən yüksək səviyyədə gəldi. Məsafədən dərslərin təşkili, ənənəvi qaydadan uzaq olsa da, tələbələrin bu sistemə asanlıqla uyğunlaşması tələbəni özünü auditoriyadankənar daha sərbəst, rahat hiss etməsinə şərait yaratdı.

İmtahanlar şəffaf keçirildi, qiymətləndirmənin obyektivliyi maksimum qorundu. Yaz semestrinin uğurla yekunlaşması, imtahanların yüksək təşkili BDU kollektivinin birgə əməyinin sayəsində həyata keçdi. İlk dəfə olmasına baxmayaraq, tələbələr üçün mükəmməl təcrübə oldu. İmtahanların yüksək səviyyədə təşkili, tələbəyönümlü olmasına, edilən güzəştlərə görə BDU rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.






Fikirlər