XİN-də tenderlərdən qazanılan pullar bu şəxslərin də adına köçürülüb- MƏHKƏMƏ İŞİ

XİN-in sabiq şöbə müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahidlər Xəqani Zalov, Şahin Rəsulov, Seymur Əsədov, Bilal Qasımov və digərləri ifadə verən zaman deyiblər ki, onların adına müxtəlif zamanlarda şirkətlər açılıb.

Həmin şirkətlər vasitəsi ilə XİN-dəki tenderlərə görə pullar köçürülüb və onlara da 2 faizə qədər qazanc verilib. Bu pullar nağdalaşdırılaraq F.Mollazadə və S.Əlizadəyə verilib.

Rəsmi ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.

F.Mollazadə və S.Əlizadə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.

 

 






Fikirlər