KREML AVROPA BİRLİYİNƏ ŞANTAJI GÜCLƏNDİRİB – Qərb ölkələri isə...

Məlum olduğu kimi, Avropa Birliyi Rusiya enerji daşıyıcılarından mərhələli şəkildə imtina etmək qərarına gəlib. Avropa neft və neft məhsulları ilə yanaşı, gec və ya tez Rusiyadan təbii qaz alışını da durduracaq. Amma hələlik Avropanın mavi yanacağa ehtiyacı var.

Avropa ölkələri indidən qışa hazırlıq görürlər və ona görə də, yeraltı anbarların qazla doldurulmasına başlayıblar. Rusiya Avropanın qaz toplamasının qarşısını almaq və gələcəkdə onlara güclü siyasi təzyiq göstərmək üçün qaz nəqlini qəsdən azaldır.

Ancaq ekspertlərin fikrincə, Rusiyanın istədiyi baş tutmayacaq, çünki Ukrayna öz ərazisindəki böyük həcmli qaz anbarları sayəsində Avropanın qarşılaşacağı çətinlikləri yüngülləşdirə bilər.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Unian.net” internet portalı “Ukraynanın qaz anbarları Avropanı qışda donmaqdan necə xilas edə bilər” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqələni qısa ixtisarla təqdim edirik:

“Avropalılar gözləyirlər ki,”Qazprom “şirkəti Kremlin göstərişinə əsasən qaz nəqlini bu qışda tam dayandıracaq. Ona görə də soyuqlar düşənədək yeraltı qaz anbarlarını doldurmağa çalışırlar. Hazırda Avropa Birliyi soyuqlar düşənədək qaz anbarlarını maksimum doldurmağı planlayır.

 

Mavi yanacağın yüksək qiymətləriylə yanaşı, Avropa üçün daha bir problem onun kifayət gücdə qaz anbarlarına malik olmamasıdır. Avropa Birliyinindəki energetik vəziyyətin kəskinləşməsi Ukrayna üçün müəyyən imkanlar “pəncərəsi” açır.

 

 

Son zamanlar Avropada və Ukraynada dörd aydan sonra başlayacaq gərgin isitmə mövsümündən danışılır. Rusiyanın növbəti dəfə qaz vintilini burmasına görə, Avropa birjalarında qazın qiyməti 60 faiz yüksələrək min kub metr üçün 1500 dollara çatıb.

Təbii qazın yüksək qiymətləri ilə yanaşı, Rusiya ordusunun infrastruktura vurduğu ziyan Ukrayna üçün bu qışın hədsiz dərəcədə çətin keçməsinə səbəb olacaq.

Rusiya diktatoru və onun əlaltıları artıq anlayırlar ki, Ukraynaya qarşı apardıqları müharibə Avropanı parçalamadı. Əksinə, onlar Rusiya qaz ilgəyindən qurtulmaq üçün bütün səylərini birləşdiriblər. Buna cavab olaraq, Kreml Avropa Birliyinə şantajı gücləndirib. Onun qaz dəyənəyi sayılan “Qazprom” şirkəti qiyməti qaldırmaq və siyasi təsir mexanizmlərini artırmaq üçün qaz nəqlini əhəmiyyətli dərəcədə azaldıb.

Məsələn, hazırda Rusiyanın Ukraynanın qaz nəqliyyat sistemi vasitəsilə Avropaya yolladığı qazın həcmi nəzərdə tutulandan 60 faiz aşağıdır. Bundan başqa, Rusiya “Şimal axını-1” qaz boru kəməri ilə axan qazın həcmini də azaldıb. Ruslar bunu avadanlıqlarda yaranan nasazlıqla bağlayırlar. İyun ayının ortasında təxminən bir həftə ərzində “Türk axını” qaz kəməri də işləməyib. Moskva qazın kəsilməsinin səbəbini təmir işləri ilə izah edib.

“Qazprom” qış gələnə kimi Avropanın kifayət qədər təbii qaz ehtiyatı yığmasını əngəlləməyə çalışır. Avropa Birliyinin qaz saxlama anbarlarını doldurması Rusiyanın payızda süni surətdə qaz qıtlığı yaratmasını və bundan istifadə edərək siyasi təzyiq göstərməsini imkansız edir.

 

 

 

Kreml yaxşı bilir ki, Avropa Birliyinə ixrac olunan qazın həcminin daha gec dövrlərdə azaldılması Avropa qaz bazarına ciddi təsir göstərməz. Ona görə də, Rusiyanın Avropaya nəql etdiyi qazın həcmini azaltması siyasi xarakter daşıyır. Beləliklə, yayın ilk ayında Rusiya Avropa Birliyinə göndərdiyi qazın həcmini, demək olar ki, iki dəfə aşağı salıb.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Avropaya məsləhət görüb ki, onlar Rusiyanın qışda qazı tamamilə kəsəcəyinə hazırlaşsınlar.

Fatih Birol deyib: ”Avropa Rusiyanın qazı tamamilə kəsəcəyinə hazır olmalıdır. Biz qışa yaxınlaşdıqca, Rusiyanın niyyətini daha yaxşı anlayırıq.”

Bu yaxınlarda Avropa Parlamenti noyabr ayına kimi qaz anbarlarının 80%-ə, sonrakı illərdə isə 90 faizə kimi doldurulması ilə bağlı qanun qəbul edib.

Ukrayna energetika naziri Qerman Qluşenko bildirib: “Bu qərar göstərir ki, Avropa Rusiya tərəfindən həyata keçiriləcək enerji təcavüzünün qış aylarında necə təhlükəli həddə gələcəyini real dəyərləndirir. Əhalinin və sənayenin etibarlı şəkildə enerji resursları ilə təmin edilməsi üçün Avropa ölkələrinin heç də hamısında qaz saxlama anbarları yoxdur. İş ondadır ki, Avropanın əksər qaz saxlama anbarları “Qazproma” məxsusdur. Elə paradoks da buradadır, avropalılar öz anbarlarına qaz vurmaqla, faktiki “Qazprom” şirkətinə qaz vururlar. Artıq bəzi şirkətlərə bu qazın istifadə olunması və ona nəzarət edilməsi ilə bağlı adminsitrativ göstərişlər verilib”.

 

 

Qeyd etmək lazımdır ki, Avropanın ən böyük qaz saxlama anbarları Ukraynadadır və mavi yanacaq çox yaxşı şəraitdə saxlanılır.Bu baxımdan Ukrayna Avropanın qaz xəzinəsi ola bilər.

Ukraynanın yeraltı qaz anbarının operator şirkəti “Ukrtransqaz”ın rəhbəri Sergey Pereloma deyib: “Həqiqətən də, bizim anbarlar Avropada ən böyüyüdür. Onların əksəriyyəti ölkənin Qərb sərhədlərində yerləşir və biz durmadan işləyirik. Bütün sifarişçilərə yaxşı xidmət göstəririk və ən mühümü isə Rusiyanın “Qazprom” şirkətindən asılılığımız yoxdur”.

Ukraynanın yeraltı anbarlarında 10 milyard kub metrdən artıq qaz saxlanılır ki, bu da maksimum gücün yalnız üçdə biri qədərdir. Müvəqqəti işğal olunmuş ərazilərdəki itkilərə baxmayaraq, Ukraynanın Avropa üçün öz anbarlarında 10 milyard kub metr həcmində qaz saxlamaq imkanı var.

Sıxılmış təbii qaz terminallarının tikilməsi ilə bağlı Avropa ölkələrinin müştərək fəaliyyətləri qaz nəqlinin mənbələrinin diversifikasiya ediməsinə güclü təkan verəcək. Bu, Rusiyanı milyardlarla dollardan məhrum edəcək. Ümumi nəticədə isə Rusiya raketlərin, tankların istehsalına və paltaryuyan maşın, tozsoran oğurlayan “böyük orduya” milyardlar xərcləyə bilməyəcək”.

 






Fikirlər