Ermənistan mina terroru ilə müharibə cinayətlərini davam etdirir – ARAŞDIRMA + FOTOLAR

Ermənistan mina terroru ilə müharibə cinayətlərini davam etdirir və nəticədə Azərbaycanda mina qurbanlarının sayı zaman keçdikcə daha da artır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 342 vətəndaşı mina qurbanı olub. Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 277 nəfər yaralanıb. 2020-ci il noyabrın 10-dan indiyədək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 113 mülki şəxs və 164 hərbçi yaralanıb.

Sonuncu belə hadisə Ağdamın işğaldan azad olunmuş ərazisində yanvarın 21-də baş verib. Azərbaycanın Xarici İşlər Nazirliyi bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayaraq bildirib ki, Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir.

Azərbaycan XİN bəyan edib ki, hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir. Lakin əfsuslar olsun ki, beynəlxalq səviyyədə bu məsələ ilə bağlı Ermənistana hər hansı təsir və ya təzyiq yoxdur.

Mövzu ilə bağlı Medianews.az-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, dünyanın aparıcı dövlətlərinin Ermənistanın mina terroruna seyrçi qalması, dəqiq mina xəritələrini Azərbaycana təhvil vermədiyi üçün İrəvana təsir etməməsi ikili standartların daha bir nümunəsidir. Onun sözlərinə görə, Ermənistana fərqli münasibət göstərilməsi artıq təəccüblü deyil və faktdır. Hüquqşünas deyib ki, beynəlxalq aləm hər zaman Azərbaycana qarşı ədalətsiz olub: “Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladı, insanlarımızı məcburi köçkünə çevirdi. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdi. İndiki Ermənistanın aborigen əhalisi olan 100 minlərlə azərbaycanlını öz ata-baba yurdundan zorla çıxardı. Bütün bu faktların qarşısında dünya susdu. Üstəlik, vaxtilə Ermənistan  ərazilərimizi işğal edəndə ABŞ Konqresi “Azadlığı Müdafiə Aktına” bədnam 907-ci düzəlişi etdi. Halbuki işğalçı siyasət yürüdən Ermənistan, işğala məruz qalan Azərbaycan idi. Amma ikili standartlardan çıxış edərək Azərbaycana qarşı belə bir addım atılmışdı. 2020-ci ildə biz ordumuzun gücü ilə öz ərazilərimizi işğaldan azad etdik. Kimsəni də qovmadıq. Lakin bizə qarşı sərt basqılar yenə davam etdirilib”.

S.Məmmədov qeyd edib ki, hazırda beynəlxalq hüquq ədalət prinsipinə əsaslanmır: “Hüququn özü var, beynəlxalq prinsiplərə əsaslanır, amma tətbiqində ədalət yoxdur. Burada ikili standartlar, ikili yanaşmalar var. Avropa Şurası Parlament Assambleyası (AŞPA) təşəbbüs göstərir ki, Azərbaycanın səsi dondurulsun. Avropa Parlamenti, Fransa Senatı bizim əleyhimizə qətnamələr qəbul edirlər. Lakin həmin orqanlar Ermənistanın mina terroru ilə bağlı heç nə demir və deməyəcəklər. Qərbi Azərbaycanda, o cümlədən işğaldan azad olunan ərazilərimizdə minlərlə maddi-mədəni irsimiz məhv olunub. Lakin UNESCO təşkilatı bütün bunlar barədə hər hansı mövqe ortaya qoymur, yalnız bizim ərazilərdə erməni mədəni irsini araşdırmaq istəyir. Halbuki onlar gəldikdə, hər hansı ayrı-seçkiliyə yol vermədən bütün mədəniyyətlərə məxsus irsi araşdırmalıdırlar. Bundan əvvəl UNESCO Suriyada araşdırma aparıb “Xristian irsinin vəziyyətinə dair” birtərəfli hesabat ortaya qoymuşdu. Məsələ burasındadır ki, orada yalnız xristian irsi yoxdur, Suriyada minlərlə İslam mədəniyyətinə dair abidələr də dağıdılmışdı. Bu faktın özü də beynəlxalq aləmin hadisələrə qərəzli, birtərəfli yanaşmasını ortaya qoyur”.

Hüquqşünas vurğulayıb ki, qlobal informasiya məkanında məlumatlandırma işini təkmilləşdirmək lazımdır: “Qlobal məlumat-mübadilə sistemi qurulmalıdır. Bizə qərəzli olan orqanlara dərc etməsələr belə müvafiq prosedurlar çərçivəsində məlumatlar göndərməliyik. Biz başa düşməliyik ki, burada həm xristian həmrəyliyi məsələsi var, həm də erməni lobbisinin bu qurumları uzun illər ərzində ələ almaq bacarığı, orada müvafiq şəxsləri yerləşdirmək imkanları olub, müvafiq beyin mərkəzləri fəaliyyət göstərir və sair. Bunu onlar gizli edirlər, izinə düşmək belə olmur. Erməni lobbisi 70-ci illərdə dünyada özünə yer tapmaq üçün “kürü diplomatiyası” həyata keçirirdi. Dünyada qara kürü bazarına nəzarətin təxminən, 25 faizi Petrosyan şirkətinin əlindədir. İndi ermənilər “bizimkilər”in də köməyi ilə bu “kürü diplomatiyası”nı bizim adımızla əlaqələndirməyə çalışırlar. Ona görə də dost-düşmənimizi tanımalı, mövcud resurslarımızı qiymətləndirməli, müttəfiqlərimizlə birlikdə hərəkətə keçməli, bacardığımız qədər mənfi hallara qarşı müqavimət göstərməliyik”.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri, Qarabağ qazısı Bəhruz Məmmədzadə də Medianews.az-a bildirib ki, Azərbaycan dünyanın ədalətsizliyini 44 günlük Vətən müharibəsində növbəti dəfə görüb. Onun sözlərinə görə, beynəlxalq aləmdə hər zaman ölkəmizə qarşı təbliğatlar olub: “İkinci Qarabağ savaşında ABŞ, Avropa dövlətləri, xüsusən də Fransa açıq-aşkar Ermənistanın tərəfini saxlayırdı. Bu regionda sülhün bərqərar olmasını adlarını çəkdiyim ölkələr istəmirlər. Azərbaycanın regionda güclənməsi, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, burada əbədi sülhün bərqərar olması onlara sərf etmir. Ona görə də biz nə qədər erməni terrorizmini, o cümlədən Ermənistanın mina terroru barədə faktları dünyəvi güclərə, təşkilatlara çatdırsaq da, onlar rəsmi İrəvana hər hansı təzyiq göstərməyəcəklər. Elə bunun nəticəsidir ki, Ermənistan hökuməti müharibədən sonra düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib”.

Qazi B.Məmmədzadə Ermənistanın indiyə qədər Azərbaycana verdiyi mina xəritələrinin reallığı əks etdirmədiyini dilə gətirib: “Minalanmış ərazilərin xəritəsi adı altında bizə təqdim olunan xəritələr heç 20-25 faizi həqiqəti əks etdirmir. İrəvan bunu məqsədli şəkildə edir ki, işğaldan azad olunan ərazilərdə Azərbaycanın məskunlaşdırma siyasətini yubatsın. Mina xəritələrinin verilməsi, Qarabağın tamamilə yenidən qurulması, keçmiş məcburi köçkünlərin hamısının öz el-obasında sürətli məskunlaşması həm də regiona sülhün gəlməsi, problemlərin arxada qalması, ikitərəfli sülhün əldə olunması prosesinin güclənməsi deməkdir. Lakin görünən budur ki, Ermənistan mina xəritələrini Azərbaycana verməməklə prosesi yubadır, mina terrorunu davam etdirir. İkinci Qarabağ müharibəsindən, ötən ilin sentyabrındakı antiterror tədbirlərindən indiyə qədər ötən vaxt ərzində 342 nəfər mina terrorunun qurbanı olub. Onlar arasında ölənlər, yaralananlar, sağlamlıqlarını əbədiyyən itirənlər var. Real mina xəritələri əldə olunmayınca, ərazi tamamilə minadan təmizlənməyincə mina terroru davam edəcək. Mina zərərsizləşdirilməyənə qədər öz ovunu gözləyir. Təəssüf ki, bu təhlükə indi də qalır və zaman keçdikcə mina qurbanlarının sayı artır. Bunun müqabilində isə dünya ictimaiyyəti, böyük güclər Ermənistana hər hansı təzyiq göstərmir, susqunluq nümayiş etdirirlər. Əslində bu susqunluqla tərəfkeşlik edir, ermənilərə dəstək verirlər”.

ANAMA yanında İctimai Şuranın katibi, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov da hazırda Ermənistan tərəfindən Azərbaycana qarşı mina terrorunun davam etdirildiyini vurğulayıb. O, Medianews.az-a bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakının israrlı tələbləri və bəzi beynəlxalq aktorların işə qarışması nəticəsində Ermənistan minalanmış ərazilərin xəritələrini 3 mərhələdə Azərbaycan tərəfinə təqdim edib: “Ağdam rayonu üzrə 97 min, Füzuli və Zəngilan üzrə 92 min, digər ərazilər üzrə isə konkret say göstərilməyən mina xəritələri idi bunlar. Bu işlə məşğul olan təşkilatlara sonradan aydın oldu ki, 3 mərhələdə verilən xəritələr üzrə ümumilikdə ərazidə 400 minə yaxın mina basdırılıb. Azərbaycan tərəfinə verilən mina xəritələri keçmiş cəbhə xəttinə aid olduğundan, ərazilərimizdəki minalı sahələri tam əhatə etmir. 27 sentyabr 2020-ci ilə qədər Araz çayından Murov dağına qədər minalanmış ərazilərin xəritəsi idi bunlar. Bu xəritələrdən başqa Ermənistan Azərbaycana hər hansı xəritə verməyib”.

H.Səfixanov söyləyib ki, ötən ilin avqust ayından başlayaraq, Kanadanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar problemi”, “Minaların və partlamamış hərbi sursatların qurbanları, icmalara təsiri” adlı layihələr həyata keçirilir. Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın demək olar ki, bütün bölgələrində, xüsusən də işğaldan azad olunmuş ərazilərdə monitorinqlər aparılıb: “Çoxsaylı mina qurbanları, keçmiş məcburi köçkünlərlə görüşmüşük. Monitorinqlər nəticəsində məlum olub ki, Azərbaycanda mina qurbanı olmuş insanların 70 faizdən çoxu keçmiş təmas xəttində deyil, təmas xəttindən kənarda minaya düşüb. Bu fakt onu deməyə əsas verir ki, təmas xəttindən kənar minalı ərazilərin xəritəsini Ermənistan təcili surətdə Azərbaycana təhvil verməlidir. Bunun üçün Azərbaycanın rəsmi qurumları, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları davamlı iş aparır. ANAMA yanında İctimai Şuranın üzvləri də yaxın günlərdə yeni petisiyaya başlayacaq. Əvvəlki petisiyalarda olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın mina terroruna, minalanmış ərazilərin xəritələrinin təcili şəkildə Azərbaycana təhvil verilməsi məsələsinə cəlb edəcəyik”.

Vüqar MƏMMƏDOV

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər” mövzusunda hazırlanıb.

 






Fikirlər