Dünən Bakının Qurtuluş günü idi - Bəs bu gün o hələ kimlərdən və nələrdən qurtulmalıdır?..

Dünən Bakının Qurtuluş günü idi - Bəs bu gün o hələ kimlərdən və nələrdən qurtulmalıdır?..

“Həmin dövrdə Türkiyə də Azərbaycanın yanındaydı. Türkiyə də Bakının işğaldan azad olunmasının türk-İslam dünyası üçün vacibliyini gözəl anlayırdı və bu istiqamətdə çox fəal addımlar atırdı...”
 
“Bu gün Bakı hələ də nələrdən, kimlərdən qurtulmalıdır?” sualı çətin və ağır sualdır...”
 
“Bakının işğaldan azad olunması Azərbaycan tarixində bəlkə də heç bir digər hadisə ilə müqayisə oluna bilməz. O günlər Azərbaycanın ölüm-dirim məsələsi həll olunurdu.  Həmin dövrdə Bakı uğrunda bütün aparıcı dövlətlər mübarizə aparırdı.  Bir tərəfdən Rusiya Bakı və Abşeronun neft rayonunu nəzarətdə saxlamağa çalışırdı. O biri tərəfdən Almaniyanın, Böyük Britaniyanın Bakı ilə bağlı çox ciddi hədəfləri vardı. Müəyyən digər dövlətlərin də Azərbaycanın gələcək paytaxtı ilə bağlı yetərincə ciddi planları mövcud idi”. 
 
Bunu Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri, ixtisasca tarixçi olan siyasətçi Akif Nağı "Dünən Bakının Qurtuluş gününü qeyd etdik. Bir tarixçi və siyasətçi kimi həmin Günü necə dəyərləndirirsiz?” sualını cavablandırarkən söyləyib.  
 
“Hətta Rusiya ilə Almaniya arasında Bakıya nəzarətlə bağlı bir müqavilə də imzalandı. Həmin müqavilənin şərtlərinə əsasən iki dövlət razılığa gəldi ki, Bakı Rusiyanın nəzarətində qalsın, amma əldə olunacaq neftin üçdə bir hissəsi Almaniyaya verilsin. Yəni Azərbaycanın ən böyük şəhəri üzərində bu cür müzakirələr, sövdələşmələr aparılırdı, Bakı üzərində belə təhlükələr vardı. Bunları Azərbaycanın bütün ictimai-siyasi xadimləri yaxşı başa düşürdülər. Məhəmmməd Əmin Rəsulzadənin də məşhur kəlamı var idi ki, Bakı hökmən işğaldan azad olunmalıdır, çünki Azərbaycan Bakısız başsız bir ölkə olardı. Həmin dövrdə Türkiyə də Azərbaycanın yanındaydı. Türkiyə də Bakının işğaldan azad olunmasının türk-İslam dünyası üçün vacibliyini gözəl anlayırdı və bu istiqamətdə çox fəal addımlar atırdı.  Baxmayaraq ki, Osmanlı dövlətinin qarşısında çox güclü rəqiblər vardı. İngilislər artıq Bakıda oturmuşdular. Ruslar, bolşeviklər, erməni daşnakları müxtəlif məkrli planlar qururdular. Onların şəhər və ətrafında ciddi silahlı qüvvələri vardı. Həmin dövrdə yenicə formalaşan Azərbaycan dövlətinin isə güclü silahlı qüvvələri də yox idi. Əvəzində Azərbaycanın Bakını azad etmək istəyi, əzmi var idi, onun bu yolda canından keçməyə hazır olan igid oğularından ibarət könüllülər ordusu var idi. Belə bir mürəkkəb şəraitdə Türkiyənin ciddi dəstəyi və yardımıyla Bakı, nəhayət, işğaldan azad olundu. Və bütün Azərbaycan sevinc içərisində idi. Bütün dünyada yaşayan azərbaycanlılar bu münasibətlə hər tərəfdən təbrik teleqramları yollamağa başladılar... Bundan sonra dərhal, ləngimədən milli hökumət Gəncədən Bakıya köçdü. Xalq Cümhuriyyəti rəhbərliyi Bakını paytaxta, mərkəzə çevirərək daha ağır problemləri həll etməli oldular.  Osmanlı Türkiyəsi I Dünya savaşında məğlub edildiyinə görə qoşunlarını Azərbaycandan – Bakıdan çıxarmalı oldu. Nuru Paşa Azərbaycan vətəndaşlığını qəbul edərək burada qalmaq istəsə də, qalib dövlətlər buna imkan vermədi. Və Nuru Paşa doğrudan da Türk dnüyasını, Azərbaycanı sevən bir şəxsiyyət idi. Ölkəmizdən çıxmasına rəğmən o, uzağa getmədi, Şimali Qafqazda, Dağıstanda olurdu və imkan düşən kimi gizli şəkildə Azərbaycana daxil olur və müxtəlif proseslərdə iştirak edirdi.  Məsələn, sovet-bolşevik quruluşuna qarşı Gəncə və Qarabağdakı üsyanlarda fəal iştirak etdi. Və hətta Qarabağda üsyançılar qalib gəldikdən sonra orada yaşayan soydaşlarımız Nuru Paşanı özlərinə rəhbər seçdilər... Amma ümumiyyətlə, Türkiyə ordusu Azərbaycanı tərk edəndən sonra yenicə yaranmış müstəqil dövlətimiz məhz Bakıda bir sıra ağır problemlərlə üz-üzə qaldı. Hərbçiləri paytaxtımızda qalan Britaniyanın, Rusiyanın, Almaniyanın intriqalarının, oyunlarının arasından uğurla çıxmaq lazım idi. Rusiya Azərbaycana qoşun yeritməklə bağlı təhdid edirdi.  Bütün bu çətinliklərə rəğmən Azərbaycan öz mövcudluğunu davam etdirirdi. Və əsas məsələ o oldu ki, Bakı işğaldan azad edildi. Təəssüf ki, cəmi iki ilə yaxın müddətdən sonra Rusiya Bakı ilə birgə Azərbaycanı bütövlükdə işğal etdi. Buna rəğmən Bakı Azərbaycanla bir yerdə idi, həmişəlik bir yerdə oldu Bakı Azərbaycanla... Və bu, bizim, xalqımızın böyük uğurudur...”
 
“Bəs bu gün Bakıda sözün əsil mənasında inkişafa nail olunması üçün o hələ kimlərdən və nələrdən qurtulmalıdır?” sualına isə partiya sədri belə cavab verib:
 
“ “Bu gün Bakı hələ də nələrdən, kimlərdən qurtulmalıdır?” sualı çətin və ağır sualdır... Bu gün biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik, paytaxtımız yenə də Bakıdır. Bakı ilə hamı fəxr edir. Mən adamlar tanıyıram ki,  Bakısız yaşaya bilməyəcəyini deyir. Ermənilər istisna olmaqla vaxtilə Azərbaycanda, Bakıda yaşamış qeyri-azərbaycanlılar paytaxtımıza çox böyük sevgi ilə yanaşırlar... Bir sözlə, Bakı sehrli-sirli aurası olan bir şəhərdir.  Və bu şəhər getdikcə böyüyür. Təbii ki, əhali burada həddindən artıq çoxdur. Bilirsiz ki, Azərbaycanın paytaxtının dəyişdirilməsi haqda söhbətlər gedir. Bununla bağlı müxtəlif variantlar var. Bu, mümkündür və dünyada, tarixdə belə bir praktika mövcuddur. Türkiyə və Qazaxıstanda paytaxt şəhərlərin dəyişdirilməsini buna misal göstərmək olar.  Şəxsən mən istəməzdim ki, paytaxt dəyişdirilsin. Yaxşı olar ki, Bakı lazımi qədər boşaldılsın, yəni bəzi dövlət, hökumət qutrumları, təhsil müəssisələri ölkənin müxtəlif məkanlarına köçürülsün. Başqa ciddi iqtisadi və sənaye mərkəzləri yaradılsın və müxtəlif bölgələrdəki insanlar iş, dolanışıq üçün həmin mərkəzlərə daha çox köçsünlər. Yəni bunlar mümkün olduğu halda Bakının paytaxt kimi qalması yaxşıdır. Əhali sıxlığı, avtomobil tıxacları məsələsi həll olunmalıdır... 
 
Bakı getdikcə dünyanın ən mədəni şəhərlərindən birinə çevrilir. Xaricdən gələnlər də bunu deyirlər. Təmiz və gözəl bir şəhərdir. Paytaxtımız getdikcə gözəlləşir, gözəl binalar tikilir, parklar salınır. Sadəcə bina tikintisi ilə bağlı arzumuz ondan ibarətdir ki, tikinti zamanı lazımi sanitar və s. normalara əməl edilsin. Əsasən binaların bir-birinə həddindən artıq yaxın tikilməsinə yol verilməsin. Həyətlərdə yaşıllıqlar, uşaq meydançaları üçün normativlərə uyğun ərazilər saxlanmalıdır. Görünür, kimlərinsə tamahı ucbatından binalar belə hədsiz dərəcədə sıx tikilir. Bir sözlə, böyük şəhərin böyük də problemləri olur. Və hesab edirəm ki, həmin problemləri həll etmək mümkündür...”
 






Fikirlər