“PUTİN CİDDİ TƏZYİQ ALTINDADIR” - Generallar yeni səfərbərlik tələb edir, amma...

Vladimir Putin Rusiyada növbəti səfərbərlik keçirmək tələbilə üz-üzə qalıb, lakin bunu reallaşdırmağa hələlik özündə cəsarət tapa bilmir. 

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”-da dərc edilən məqalədə belə deyilir.

Qəzet yazır ki, Vladimir Putinin 2024-cü ilin mayında, inauqurasiyasına bir neçə ay qalmış Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi səfərbərliyin yeni mərhələsinin keçirilməsində israr edib. Lakin Rusiya başçısı bu fikri rədd edib. Kreml rəhbəri, nəşrin yazdığına görə, qoşunları artırmaq və cəbhədəki itkiləri kompensasiya etmək üçün yalnız müqaviləli əsgərlərdən istifadə etmək istədiyini söyləyib.

“Ancaq indi o, güclü təzyiq altındadır, çünki Rusiya Silahlı Qüvvələri təxminən 3 illik müharibədə ölü və yaralı olmaqla, 1 milyona yaxın insan itirib. Buna görə də Putin üçün səfərbərliyin ciddi siyasi nəticələri ola bilər. Bununla yanaşı, Rusiya döyüş meydanında onları əvəz etmək üçün cəlb edə biləcəyindən daha çox əsgər itirir. Hazırda Rusiyanın qüvvələri müharibənin ilkin məqsədlərinə çatmaq, Ukraynanın hərbi potensialını pozmaq və ya Rusiyanın sərhədyanı ərazilərini qorumaq üçün kifayət qədər deyil. Getdikcə daha çox insan səfərbərliyin qaçılmaz olduğunu deyir", - deyə generallar arasında Putinlə söhbətdən məlumatlı olan şəxs bildirib.

Jurnalistlər bildirirlər ki, Rusiya Federasiyasında 300 min nəfərlik ilk səfərbərlik dalğası zamanı Rusiya hakimiyyəti etirazlarla və bəzi bölgələrdə sərhədlərin bağlanması zərurəti ilə üzləşib. Qeyd olunur ki, Rusiya Ukrayna ilə müqayisədə əhali baxımından üstünlüyə malik olsa da, kadr çatışmazlığı onun üçün də ciddi problem olaraq qalır:"Rusiya cəbhədəki əsas qüvvələrini Kurska göndərməyə razı olmadı və daha az ehtiyac duyulan Xerson və Zaporojyedəki qüvvələrini köçürməyə məcbur oldu. Bəzi hesablamalara görə, Rusiya Federasiyası gündə təxminən 1000 nəfəri orduya cəlb edir, Böyük Britaniya kəşfiyyatına görə isə işğalçılar hər gün cəbhədə 1100-ə yaxın əsgər itirir”.

Materialda qeyd edilir ki, Rusiya rəhbərliyi bu prosesin müharibənin cəmiyyət tərəfindən necə qəbul edildiyinə dair “zərif tarazlığı” pozacağından ehtiyat edərək yeni səfərbərlik dalğası elan etmir: “Bu, Putin üçün təhlükəli siyasi nəticələrə səbəb ola bilər. Rusiyanın sosioloji xidməti olan “Levada”nın son sorğusuna görə, Rusiya əhalisinin 46%-i səfərbərlik qorxusunu etiraf edir. Bu, 2024-cü ilin fevral ayı ilə müqayisədə 12% çoxdur”.






Fikirlər