“Bu ittihamlara rəğmən Qərb Azərbaycanı hələ də potensial portnyor kimi nəzərdən keçirir...”

“Bu ittihamlara rəğmən Qərb Azərbaycanı hələ də potensial portnyor kimi nəzərdən keçirir...”

"Rusiyanın ən müxtəlif istiqamətlərdə Azərbaycana təzyiqlərinin artması müşahidə olunur. Rusiyadakı Azərbaycan vətəndaşlarının zorla Ukraynadakı işğalçı müharibəyə cəlb edilməsindən tutmuş İran-Rusiya cütlüyünün Xəzərdə hərbi təlimlərə başlamasınadək və s. bütün bu məsələləri nəzərdən keçirəndə belə nəticəyə gəlirik ki, sözügedən səfərlər təsadüfən olmayıb...”
 
Böyük Britaniyanın “Mİ 6” kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur Londonda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşündən bir həftə sonra  sentyabrın 14-də Bakıya gəldi, ADA Universitetində mühazirə oxudu. Bundan bir neçə gün öncə isə sentyabrın 10-da ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Azərbaycanda olub, Prezidentin köməkçisi Hikmət Hacızadə ilə bir araya gəlib.  Bəs görəsən, dünyanın iki qüdrətli dövlətinin yüksək çinli kəşfiyyatçılarının ölkəmizə bu ardıcıl səfərlərinin arxasında nələr dayanır?
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
 
"ABŞ hərbi kəşfiyyatının rəhbərlərindən biri olan Patrik Priorun və onun ardınca Britaniyanın “Mİ 6” kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun Azərbaycana səfəri heç də təsadüfi deyil və biz görürük ki, geo-siyasi məsələlərdə Londonla Vaşinqton arasında olduqca intensiv məsləhətləşmələr gedir. Və bu məsləhətləşmələrin mərkəzi mövzularından biri də, heç şübhəsiz ki, Cənubi Qafqazdakı vəziyyətdir. Unutmayaq ki, elə bu günlərdə , yəni qeyd edilən səfərlərin ardınca ABŞ Dövlət Katibi Entoni Blinken İlham Əliyevə zəng edib, ondan iki gün əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyanla danışıb. Bütün bunların ümumi təhlili onu göstərir ki, Cənubi Qafqaz bu gün böyük, qlobal maraqların toqquşduğu mərkəz olmaqla yanaşı, həm də həmin toqquşmanın intensivliyi artmaqdadır.  Və mən düşünürəm ki, Bakıya edilən bu səfərlər Azərbaycan rəhbərliyini mümkün risklər, mümkün fəsadlar, Azərbaycan üçün, bölgə üçün riskli dinamika haqqında həm məlumatlandırmaq, həm də bu barədə məsləhətləşmələr aparmaq məqsədi güdür. Yəni Azərbaycanın son vaxtlar Rusiya təzyiqi altında olmasına baxmayaraq, istər rəsmilərin, istərsə də hakimiyyətə bağlı medianın dilindən Qərb dövlətlərinin ünvanına səslənən ittihamlara rəğmən Qərb ölkəmizi hələ də potensial portnyor kimi nəzərdən keçirir. O cümlədən də Cənubi Qafqaz və Yaxın Şərq məsələlərində... Əks təqdirdə aparıcı Qərb dövlətləri tərəfindən belə səfərlərə ehtiyac olmazdı, hansısa açıq bəyanatlar verilərdi, Azərbaycanın ünvanına hansısa ittihamlar səsləndirilərdi. Deməli, Qərbdə məsələlərə praqmatik yanaşırlar və düşünürlər ki, əlbəttə, o qarşılıqlı ritorika öz yerində, amma maraqlar tələb edir ki, əməkdaşlıq davam etdirilsin. Və bu əməkdaşlığın da əsas təməl məsələlərindən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.  Çünki sülh müqaviləsinin gecikdirilməsi, iki ölkə arasında bu gün sülh müqaviləsi anlamında kompromisin olmaması bölgədə riskləri artırır və müdaxilə imkanlarını genişləndirir. Düşünürəm ki, səfərlərin başlıca məqsədi bu idi. Təbii ki, biz bu gün hansı danışıqların olması, hansı nəticələrin əldə edilməsi haqda yalnız ehtimal edə bilərik. Ancaq hər bir halda müəyyən dinamikanı izləyərək ilkin nəticələrə gələ bilərik. Məsələn, Rusiyanın ən müxtəlif istiqamətlərdə Azərbaycana təzyiqlərinin artması müşahidə olunur. Rusiyadakı Azərbaycan vətəndaşlarının zorla Ukraynadakı işğalçı müharibəyə cəlb edilməsindən tutmuş İran-Rusiya cütlüyünün Xəzərdə hərbi təlimlərə başlamasınadək və s. bütün bu məsələləri nəzərdən keçirəndə belə nəticəyə gəlirik ki, sözügedən səfərlər təsadüfən olmayıb. Və çox güman ki, bu səfərlər, öncə dediyim kimi, bölgədə eskalasiyadan yayınma yollarının axtarışına həsr olunub. Hələlik bu qədər demək mümkündür...”
 






Fikirlər