Generallar Xankəndidə toplaşdı: Müharibəyə hazırlıq başladı?
Ötən gün Xankəndidə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib. Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib. İctimaiyyət bunu xüsusi həssaslıqla izləyir. Hətta bəzi suallar yaranır: Nəyə hazırlıq gedir? Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, iki ölkə arasında siyasi dialoq yox səviyyəsindədir: “Tərəflərin bir-birini daha ağır formada ittiham etməsinin şahidi oluruq. Ermənistan müdafiə naziri bir neçə gün öncə Baş nazir Nikol Paşinyanla məlum toplantı keçirdi. İki yeni xüsusi təyinatlı hərbi hissə yaratdıqlarını bildirdilər. Bundan əlavə şərti sərhəd boyu Ermənistan ordusunun beton konstruksiyalardan ibarət müdafiə xətləri var. Bunu həm Azərbaycan tərəfinin müşahidələri, həm də erməni blogerlərin yaydığı şəkillərdən görmək mümkündür. Ermənistan ciddi hazırlığın içərisindədir. Hər zaman müharibə istəmədiyini bildirib, lakin müharibə istəməyən tərəf bu dərəcədə hazırlıq görməz. Bütün bunlar regionda xüsusi gərginliyin olacağını göstərir. Azərbaycanın mövqeyi isə nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizinin açılmasından yanadır. Ermənistanın silahlanmasının ölkəmizə təhdid olduğunu da rəsmi Bakı bildirib. Hətta Prezident İlham Əliyev Ermənistanın həmin silahlarını geri qaytarmalı olduğunu da diqqətə çatdırdı. Təbii ki, rəsmi İrəvan bu addımı atmayacaq”. Hərbi ekspertin sözlərinə görə, siyasi gərginliyin sonu hərbi gərginliyə çevriləcək: “Ənənəvi olaraq Bakıda keçirilən Müdafiə Nazirliyinin müşavirələri bu dəfə Xankəndidə keçirildi.
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi Bu zaman yayılan xəbərlərin başlığı da çox maraqlı idi. Xankəndidə şərti sərhəd istiqamətində əməliyyat şəraitinin təhlil olunduğu bildirilirdi. Bu həm ölkə daxilinə, həm də Ermənistana verilən mesajdır. Azərbaycan xalqına göstərilir ki, biz sülh yolu ilə problemlərin həll olunması üçün addımlar atırıq, amma Ermənistan buna müsbət cavab vermədi. Bu da o deməkdir ki, Ermənistanın ciddi hazırlıqları qarşısında Azərbaycanın başqa yolu qalmayıb. Rəsmi İrəvana isə bu mesaj verilir ki, Ermənistan təhdiddir və bu təhdidi aradan qaldıracağıq. Blef etmirik. Hesab edirəm ki, rəsmi Bakının mövqeyi anlaşılandır. Bu regionda dövlətlər özləri müharibəyə getmirlər. Müharibələr həmin ölkələrə doğru gəlir. Çünki regionda həmişə maraq böyük olub. İran açıq şəkildə bildirir ki, Zəngəzur dəhlizinin açılması onların maraqlarına ziddir və buna imkan verməyəcək. Rusiya və İran arasında imzalanan tərəfdaşlıq sazişinə baxmayaraq Rusiya da dəhlizin açılmasında maraqlıdır”.