Zelenskiyə inam azalıb – Ukraynalılar onu lider görmək istəyirlər...

Ukraynada keçirilən son sorğunun nəticələri açıqlanıb.

“AzPolitika” xəbər verir ki, “Socis” mərkəzinin 5-11 dekabr 2024-cü il tarixində keçirdiyi sorğuda 18 yaşdan yuxarı 2000 ukraynalı iştirak edib.

Respondentlərin 36,1%-i yaxın gələcəkdə prezident seçkiləri keçiriləcəyi halda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnının lehinə səs verəcəklərini bildiriblər. Hazırkı prezident Volodimir Zelenski isə 24,3%-lə sıralamada ikinci yerdədir.

Ukraynalıların 10%-dən azı isə keçmiş prezident Petro Poroşenkoya və ya müstəqil millət vəkili Dmitri Razumkova səs vermək niyyətindədir.

Reytinqdə daha aşağı yerlərdə Yuliya Timoşenko, könüllü və siyasi fiqur Sergey Pritula, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, "Azov" taburunun yaradıcısı və ilk komandiri Andrey Biletski, Kiyev meri Vitali Kliçko və "Avropa Həmrəyliyi" Partiyasının millət vəkili Aleksey Qonçarenko yer alır.

Bundan əlavə, hipotetik seçkilərin ikinci turunda Zalujnı Zelenskini əhəmiyyətli fərqlə qabaqlaya bilib - 68.4%-ə qarşı 32.6%. Eyni zamanda, Zalujnı namizəd olmadığı halda və Zelenski ilə Poroşenkonun ikinci tura keçməsi halında respondentlərin 66,7%-i Zelenskini seçəcəklərini deyiblər.

Qeyd etmək lazımdır ki, ukraynalıların əksəriyyəti (61.1%) hərbi vəziyyət başa çatmadan seçkilərin keçirilməsinə qarşıdır.






Fikirlər