Qarabağ turizm cənnətinə çevriləcək - MÜSAHİBƏ

qarabag-turizm-cennetine-chevrilecek-musahibe

2025-ci ildə turizm sənayesinin tərəqqisi baxımından gözləntilərimiz böyükdür

Müsahibimiz Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovdur.

Turizm sənayesinin inkişafında mühüm rol

- Göydəniz müəllim, ilk öncə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyət istiqamətləri barədə məlumat verərdiniz.

- Bildiyiniz kimi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) 2019-cu il mart ayının 28-də təsis edilib və iyun ayının 27-də geniş ictimaiyyətə təqdim olunub. Assosiasiyanın əsas fəaliyyət istiqaməti Azərbaycanın turizm sənayesinin inkişafında aktiv iştirak etmək, dövlət-özəl sektor arasında effektiv əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə, turistlərin cəlb edilməsinə nail olmaq, üzvlərin maraqlarının qorunmasını təmin etmək, eləcə də turizm məhsullarının yaradılmasına və xidmət keyfiyyətinin artırılmasına  dəstək olmaqdır.  Bu gün Assosiasiyanın Azərbaycanın turizm bazarında öz fəaliyyəti, peşəkarlığı və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından seçilən 220 üzvü mövcuddur ki, bu şirkətlər ölkənin turizm sənayesinin inkişafında əhəmiyyətli rol oynayırlar. Bununla yanaşı, ATAA-nın nəzdində Getmə Turizm Komitəsi, Gəlmə Turizm Komitəsi, Peşəkar Turizmçilər Komitəsi, Avialogistika Komitəsi, eləcə də Maliyə-Təftiş Komissiyası və İntizam Komissiyası fəaliyyət göstərir. Bu qurumlar turizm sektorunun cari vəziyyətinin daim monitorinqini aparır, yeni çağırışları analiz edir, bu istiqamətdə sektorun inkişafı və üzvlərin fəaliyyətinin təşkilinə dəstək olurlar. Qeyd etmək istərdim ki, son illər turizm iqtisadiyyatın bir qolu olaraq prioritet sahələr sırasında yer alır. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın turizm sahəsinə xüsusi diqqət ayırmaları, o cümlədən Dövlət Turizm Agentliyinin sektorun inkişafı, eləcə də Agentlik tərəfindən ölkə turizminin dünyada tanıdılması istiqamətində həyata keçirdikləri tədbirlər gələcəkdə bu sahədə müsbət dinamikanın davam edəcəyini deməyə əsas verir.

Turistlərin cəlb edilməsi üçün…

- Bəs, Azərbaycanın xarici ölkələrdə cəlbedici turizm mərkəzi olaraq tanıdılması istiqamətində hansı işlər görülüb?

- Qeyd etmək istərdim ki, Azərbaycanın cəlbedici destinasiya olaraq dünyaya tanıdılmasında Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən aktiv marketinq və təşviqat işləri aparılır.  Hər il Azərbaycan dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq turizm sərgilərində iştirak edir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq gəlmə turizmi ilə məşğul olan üzv şirkətlərimiz də turizm sərgilərinə qatılaraq ölkəyə turistlərin cəlb edilməsində mühim işlər görür. Yeni tərəfdaşlarla iş birliyi qurur, mövcud tərəfdaşlarla əlaqələri genişləndirir. Bununla yanaşı, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri, turizm yönümlü xarici təşkilatlarla, aviaşirkətlərlə B2B görüşlər keçirilir, əməkdaşlıq əlaqələri gücləndirilir.

COP29 turizmin inkişafına böyük təkan oldu

- Ötən ilin sonlarında baş tutan beynəlxalq əhəmiyyətli COP29 tədbiri turizm sektorunda necə yadda qaldı və hansı hədəfləri qarşıya qoydu?

- Azərbaycanda təşkil edilən iqtisadi, siyasi, mədəni və idman tədbirləri ölkənin dünya miqyasında təbliğinə və tanınmasına böyük təsir göstərir. Qeyd edim ki, turizm sektoru keçirilən tədbirlərin formatından asılı olmayaraq onların təşkilində birbaşa rol oynayır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük bir uğurdur. Bu tədbir Azərbaycanın tanınmasında, həmçinin onun turizm potensialının, qonaqpərvərliyinin dünyaya çatdırılmasında gözəl imkanlar açdı, ölkəmizi qlobal arenada regionun lideri kimi tanıtdı.

Hesab edirəm ki, turizm sənayesi COP29 çərçivəsində turistlərin qarşılanmasını, yerləşdirilməsini, məmnunluqla öz ölkələrinə yola salınmasını layigincə yerinə yetirdi. Əminliklə deyə bilərəm ki, COP29 turizmin inkişafına böyük təkan verməklə növbəti illərdə ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayına əhəmiyyətli təsir edəcək. Bu miqyaslı beynəlxalq tədbirlərin çox olması ölkəmizin nüfuzuna müsbət təsir etməklə yanaşı, xarici qonaqların Azərbaycana geri dönüşünü təmin edəcək.

Bölgələrdə fəaliyyət göstərən xizək kurortlarında yerli və əcnəbi turistlərin sayıda və coğrafiyasında artım var

- 2024-cü ilin turizm göstəriciləri qaneedicidirmi? 2025-ci il üçün turizm sektorundan gözləntiləriniz nədir?

- Statistik məlumatlara nəzər yetirsək görərik ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayı 2 milyon 412 min nəfər təşkil edib. 2024-cü ildə ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki illə müqayisədə 26 faiz artıb. Bu, çox müsbət göstəricidir. Dövlət Turizm Agentliyinin hesablamalarına əsasən, 2028-ci ilə qədər  artımın   illik olaraq 4 milyona çatması proqnozlaşdırılır.

Hesab edirəm ki, bu, real rəqəmlərdir. Azərbaycanın xarici ölkələrdə xidmət göstərən rəsmi turizm nümayəndəliklərinin fəaliyyətinin aktivləşdirilməsi və yenilərinin açılması, hər il ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirlməsi, aviauçulaşların sayının artırılması, yeni istiqamətlərə reyslərin açılması, xüsusilə dünyada baş verən iqtisadi və siyasi böhranlar fonunda ölkədə sabitliyin və təhlüksəsizliyin ən yüksək səviyyədə təmin olunması bu rəqəmlərə çatmağa imkan verəcək.

Turizm sənayesinin tərəqqisi baxımından 2025-ci ildən gözləntilərimiz böyükdür. Bildiyiniz kimi, hazırda ölkədə qış mövsümü davam edir. Bölgələrdə fəaliyyət göstərən xizək kurortlarında həm yerli, həm də əcnəbi turistlərin sayının və coğrafiyasının artdığını müşahidə edirik. Qeyd etmək istərdim ki, həm paytaxt Bakıda, həm də regionlarda yeni infrastrukturun yaradılması, mövcud infrastrukturun yenilənməsi və bərpası, yeni hotellərin və iaşə obyektlərinin istifadəyə verilməsi turizmin inkişafına böyük təkan verərəcək. Eyni zamanda, beynəlxalq turizm sərgilərində Azərbaycanın təbliğinin uğurla davam etdirilməsi ölkəmizə turistlərin cəlb edilməsinə böyük töhvə verəcək.

Qarabağın həm qış, həm də yay turizmi, həmçinin  müalicəvi turizm baxımından böyük potensialı var

Turizmin inkişafında Qarabağ iqtisadi zonasını xüsusi vurğulamaq istərdim. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə dövlət tərəfindən Qarabağda 2020-ci ildən başlayaraq sürətlə bərpa işləri davam edir. Qarabağın həm qış, həm də yay turizmi, həmçinin  müalicəvi turizm baxımından böyük potensialı var. Qarabağ iqtisadi zonasında 30 illik işğal müddətində məhv olmuş infrastrukturun bərpası,  yenidənqurma işlərinin aparılması, turistik  məkanların bərpası, turizm istiqamətlərinin və marşrutların hazırlanması, həmçinin beynəlxalq standartlara cavab verən  yeni hava limanlarının  istifadəyə verilməsi, digərlərinin davam etdirilməsi, avtomobil və dəmir yollarının salınması, hotellərin inşa edilməsi bu bölgənin yaxın illərdə turistlər üçün cəlbedici destinasiya olaraq seçilməsinə şərait yaradacaq.

Orxan Vahidoğlu, “İki sahil”






Fikirlər