"Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu sona qədər müdafiə edə bilməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AZAL-a məxsus təyyarənin Qroznı istiqamətində vurulması fonunda Rusiya prezidenti Vladimir Putinin Çeçenistan lideri Ramzan Kadırovu cəzalandırıb-cəzalandırmayacağını şərh edərkən deyib:
"Məsələ ondadır ki, təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələri rəsmi olaraq bəyan olunandan sonra konkret olaraq günahın kimdə olduğu, nədən təyyarənin Qroznıda aeroporta otuzdurulmaması, onun Aktauya istiqamətləndirilməsi və s. məqamlar bilinəcək. Yəni hadisədə kimin günahkar olduğu üzə çıxacaqsa, onlar da cəzalandırılacaq”.
Ekspert qeyd edir ki, bu, artıq beynəlxalq məsələdir, təkcə Azərbaycanın məsələsi deyil:
"Ukrayna səmasında Malaziyanın "Boeing” təyyarəsinin vurulması da beynəlxalq problemə çevrilmişdi. Bu mənada AZAL təyayrəsinin vurulmasına görə də Rusiyaya qarşı ciddi sanksiyalar olacaq. Bu zaman Putin nə Çeçenistan rəhbəri Kadırovu müdafiə edə, nə də başqa kimisə gizlədə bilməyəcək. Malaziyaya məxsus "Boing” təyyarəsinin kim tərəfindən vurulması müəyyən mübahisəli vəziyyət yaratsa da, AZAL-a məxsus təyyarə məsələsində isə hər şey konkretdir”.
Ekspertin fikrincə, günahın kimdə olduğu müəyyən olunduqdan sonra, həmin şəxslər birmənalı şəkildə məsuliyyət daşıyacaqlar:
"Bu fonda kimisə bağışlayıb-bağışlamamaq artıq Azərbaycanın işidir və Putinin səlahiyyətində deyil. Çünki hadisə təkcə Azərbaycan - Rusiya münasibətilə bağlı deyil. Böyük bir beynəlxalq məsələdir. Rusiya faciəni törədənləri müdafiə etməyə başlasa, bu halda ona qarşı böyük sanksiyalar tətbiq ediləcək və bu ölkənin təyyarələri uça bilməyəcək”.
Qeyd edək ki, Qərb mediası iddia edir ki, Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevin AZAL təyyarəsinin vurulması ilə bağlı tələblərini yerinə yetirməsə, Azərbaycanı özündən uzaqlaşdırmaq riski ilə üzləşə bilər. Bu barədə ABŞ-dakı "Eurasianet” nəşri yazıb. Məqalədə qeyd olunur ki, Putin dilemmasının əsas mənbəyi - faciənin Rusiyanın hansısa digər guşəsində deyil, Çeçenistan üzərində baş verməsidir, hara ki, onun sözünün keçmədiyi faktiki yeganə subyektdir. "Putinin Çeçenistana komanda vermək imkanları məhduddur”, - deyə nəşr qeyd edib.
Bildirilir ki, aviaqəzanın baş verdiyi gün Çeçenistanın hava hücumundan müdafiəsinə komandanlığı Kadırovun qardaşı oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov həyata keçirib. Azərbaycan təyyarəsi Çeçenistan hava məkanına daxil olmazdan bir müddət əvvəl bölgə Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
"Eurasianet” ardınca yazır ki, Putin nəsə baş verəndə məsuliyyəti öz üzərinə götürməməyə meyllidir. Belə olan halda onun Kadırovun qardaşı oğlunu məsuliyyətə cəlb etməməsi, eləcə də AZAL təyyarəsinin qəzaya uğramasına görə məsuliyyət daşıyanların cəzalandırılması ilə bağlı Azərbaycanın tələblərinə məhəl qoymaması onu çıxılmaz duruma salır. Putinin yeganə çıxış yolu mövcud vəziyyətdə Kadırovu cəzalandırmaqdan keçir.
Fikirlər