Harrisin evi qarət olundu – Yanğın səbəbindən boşaldılmışdı
ABŞ-nin Los-Anceles şəhərində davam edən yanğınları fonunda vitse-prezident Kamala Harrisin Brentvuddakı evi qarət edilib. Məlumata görə, Los-Anceles polisi yanğın səbəbiylə evakuasiya edilmiş Harrisin evində mümkün oğurluq cəhdi barədə xəbər aldıqdan sonra əraziyə yollanıb. Bu zaman onlar iki nəfərin Harrisin evinə daxil olduqlarını aşkar ediblər. Şübhəli şəxslərin saxlanılaraq polis bölməsinə aparıldıqları bildirilir. Qeyd olunur ki, səlahiyyətlilər yanğınlardan zərər çəkmiş ərazilərdə talanların qarşısını almaq üçün ciddi yoxlamalar aparmağa başlayıb. Keçən həftə Los-Anceles dairəsinin şerifi Robert Luna şəhər daxilində ən azı 20 nəfərin qarət ittihamı ilə həbs olunduğunu açıqlayıb.