RUSİYA UKRAYNANI NƏ QƏDƏR VAXTA İŞĞAL EDƏ BİLƏR? – “Müharibə ya heç-heçə bitəcək, ya da...”
“Rusiya hərbi maşını məğlubedilməz deyil” Rusiyalılar üç il öncə Ukraynaya hücum edəndə bunu “yüngül gəzinti” hesab edirdilər. Onlar düşünrdülər ki, tezliklə paytaxt Kiyevi ələ keçirəcəklər, ukraynalı hərbçilər isə müqavimətin əbəs olduğunu anlayıb könüllü surətdə silahı yerə qoyacaqlar. Hətta Vladimir Putin müharibənin ilk günündə Ukrayna ordusuna təslim olmaları barədə müraciət də ünvanlamışdı. Zaman təriflərə sığmayan Rusiya ordusunun səriştəsizliyini bütün çılpaqlığı ilə ortaya qoydu. Bu gün Rusiya Ukrayna ilə müqayəsədə daha güclü resursa malik olması sayəsində savaşa bilir. Kreml üçün isə insan itkisi əhəmiyyət kəsb etmir. Rusiya ordusu təkcə 2024-cü ildə cüzi miqdarda ərazi işğal etmək üçün 400 mindən artıq itki verib. Hadisələrin gedişinə diqqət edəndə, sual yaranır ki, görəsən, bu minvalla Kiyevə çatması üçün Rusiya ordusuna nə qədər vaxt lazımdır və o, bu yolda neçə əsgər qurban verəcək. Ancaq qəribə odur ki, bir çox Qərb analitiki hələ də Rusiya ordusunun qüdrətindən dəm vururlar. “AzPolitika.info” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Rusiyanın Ukraynadakı ərazi zəbtinin hesablanması” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni təqdim edirik: ”Kiyev sakinləri təlaş içindədir! Vladimir Putinin qarşısıalınmaz ordusunun Ukraynanı işğal etmə sürəti elədir ki, 92 ildən sonra onlar paytaxt Kiyevi zəbt edəcəklər. Bu hadisə rus diktatorunun 165 illik yubleyində baş tutacaq və təntənəli surətdə qeyd ediləcək! Hərçənd ki, yuxarıdakı abzasda yazılanlar kiməsə axmaqcasına görünə bilər. Ancaq bu cümlələr Kreml və onun Qərbdəki dostlarının müharibə ilə bağlı yanaşmalarının absurdluğunu ortaya qoymaq üçün istifadə edilib. Qərbdəki həmin şəxslərin nöqteyi nəzərinə əsasən qüdrətli Rusiya ordusu Ukraynanın geniş ərazilərini zəbt edir, ukraynalılar isə say və silah cəhətdən onlardan geri qalsalar da, çarəsizcəsinə və hətta qəhrəmancasına müqavimət göstərirlər. Amma ortada hər hansı uğur yoxdur və ruslar Ukraynanı tam zəbt etməyənə kimi hücumu dayandırmayacaqlar. Ona görə də Ukrayna və onun müttəfiqləri bu gün istənilən sülh sasişinə razılaşmalıdırlar, əks təqdirdə gələcəkdə vəziyyət yalnız pisləşə bilər. Bu yanaşama yalnız kimlərinsə fikridir və onun real zəmini yoxdur. Burada təəccüblü olan isə heç də həmin fikrin Kreml tərəfindən irəli sürülməsi deyil. Məsələ ondadır ki, əksər Qərb analitikləri belə bir yanaşmanı dinməzcəsinə qəbul edirlər. Onların bunun axmaq bir yanaşma olduğunu anlamaları üçün elementar hesablamaya baş vurmaları çox yaxşı olardı. Ukraynalı analitiklərdən birinin hesablamasına görə, Rusiya 2024-cü ildə 2600 kavdrat kilometr Ukrayna ərazisini işğal edib (ISW bunun 4168 kvadrat kilometr olduğunu bildirir). Ukraynanın Dnepr çayından şərqdəki sol sahilinin ərazisi 240 min kvadrat kilometrdir. Əvvəla hesab edək ki, Kiyev sol sahildə yerləşir və sonra isə 240 mini 2600-ə bölək. Deməli, indiki templə Ukraynanın bütün sol sahilini işğal etmək üçün Rusiyaya 92 il vaxt lazım olacaq (Əgər alternativ olaraq 240 mini 4168-ə bölsək,onda bunun üçün 58 il tələb olunacaq). Beləliklə, Rusiya tədrici uğurlar əldə edir, ancaq bu nailiyyətlər blitskriqdən çox uzaqdır. Rəqəmləri müqayisə edin və nəticə çıxarın ki, Rusiya məğlubedilməz hərbi maşın deyil. Putinin quldur dəstəsi üçün faktlar daha acınacaqlıdır. Yalnız 2024-cü ildə Rusiya ölü və ağır yaralı olmaqla 427 min nəfər itirib. Bu rəqəmi Rusiyanın Ukraynada işğal etdiyi 2600 kvadrat kilometrə bölün. Nəticəyə diqqət etsəniz görərsiniz ki, Rusiya hər kvadrat kilometr uğrunda 164 nəfər itirib. İndi isə 164-ü Dneprdən şərqdə yerləşən Ukraynanın 240 min kilometrlik ərazisinə vurun. Deməli, proqnozlaşdırılan 92 il ərzində Rusiya 39 milyon nəfər itirməlidir ki, sözügedən ərazini zəbt edə bilsin. Rəqəmlər Rusiyanın yenilməzliyinimi göstərir? Xeyr, siyasi səbəblərə görə Qərbin Ukraynaya lazımi qədər hərbi təchizat göndərməkdə tərəddüd etməsinə baxmayraq, ukraynalılar düşmənə böyük itkilər verdiriblər. Bəs, rəqəmlər Rusiyanın qələbə qazanacağından xəbər verirmi? Biz böyük itkilər və çökməkdə olan iqtisadiyyat hesabına sürünərək ərazi işğalını qələbəmi hesab edək? Ən yaxşı halda müharibə heç-heçə ilə bitəcək. Rusiya ilə müqayisədə Ukraynanın iqtisadi, material və insan resurslarını nəzərə alsaq, deyə bilərik ki, heç-heçə əslində Ukraynanın qələbə qazanması anlamına gəlir. İndi bir anlığa təsəvvürünüzə gətirin ki, ABŞ Meksikaya soxulur və özünün ilk hücumunda tutduğu ərazinin yarısını tezliklə əldən verir, sonrakı bir il müddətində isə çox cüzi irəliləyir və 427 min əsgər itirir. Heç bir amerikalı bunu uğur adlandırmaz, meksikalılar isə “yanki imperializmi”nin qarşısını ala bildiklərinə görə şadyanalıq edərlər. Əlbəttə, şübhəsiz ki, biz tam dolğun təhlil aparmırıq. Bildiyimiz kimi, Ukrayna minlərlə əsgər və dinc sakin itirib, onun çoxsaylı şəhərləri və infrastrukturu dağıdılıb, Rusiya Ukraynanın ərazisinin beşdə birini hələ də işğal altında saxlayır. Lakin Rusiyanın Ukrayna ilə müqayisədə praktik baxımdan hər şeydə üstünlüyünü nəzərə alsaq, bu itkilər ya heç-heçəni, ya da ki, Kiyevin cüzi qələbəsini göstərir. Ümumən belə nəticə çıxarmaq olar ki, bu gün Ukrayna və onun müttəfiqləri hər hansı sülh sazişi ilə razılaşmamalıdırlar. Çünki gələcək Rusiya üçün indikindən daha pis ola bilər. Əgər belədirsə, bəs onda Qərb analitikləri nəyə görə Kremlin danışdıqlarına inanırlar və Rusiyanın uğurları barədə cəfəngiyyatları davam etdirilər? Bunların bəziləri sadəcə, Moskvanın yol yoldaşlarıdır. İlk növbədə Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitso yada düşür. Onlar Ukraynanın çəkdiyi əzablardan narahat olduqları görüntüsü yaradırlar. Amma Avstriyadakı “Azadlıq Partiyası”, Almaniyadakı “Almaniya üçün alternativ” və bəzi “MAGA” Respublikaçıları kimi onlar da Putinin ideoloji və siyasi müttəfiqləridir. Çox təəssüf ki, hesablamağı yaxşı bacaran İlon Mask da həmin düşərgəyə yaxınlaşır. Elələri var ki, faktlara məhəl qoymadan öz fərziyələrində israr edirlər. Bu cür çürük ideyalar üzərində karyeralarını quranlar sifətlərini itirməyəcəklərini zənn edirlər. Digərləri isə Kremlə və onun nəql etdiyi rəvayətlərə yumşaq yanaşırlar. Çünki onların nifrət etdiyi Bayden administrasiyası Putinə qarşı kifayət qədər sərt siyasi mövqe tutub. Belə anlaşılır ki, bəziləri “düşmənimin düşməni mənim dostumdur” şüarı əsasında Rusiyanın yanında yer alırlar. Baxmyaraq ki, Rusiya onların dəstəklədikləri dəyərləri kobudcasına pozur. Pis xəbər odur ki, hətta intelektual qabiliyyəti yüksək olan adamlar içərisində də Putinin təbliğatının əsl mahiyyətini anlamayanlar var. Yaxşı xəbər odur ki, rəqəmlər yalan danışmır və faktlar boş nağıllardan həmişə üstün olur. Düzdür, bu, dərhal baş vermir, lakin son nəhayətdə hər şey öz yerini alır”.