SOSİAL PROBLEMLƏR İÇƏRİSİNDƏ BOĞULAN AZƏRBAYCAN MÜƏLLİMİ... - ”Nazir 600 manatla bir ay ailəsini dolandıra bilər?!”

Azərbayanda müəllimlərin maaşı ölkədəki orta aylıq əməkhaqqından aşağıdır. Bakıda və regionlardakı təhsil müəssisələrində çalışanların maaşı arasındakı ciddi fərqlər də diqqət çəkir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, 2024-cü ildə qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat təşkil edib. Qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq maaşı isə 527 manat olub. Rayon təhsil müəssisələrində çalışan müəllimlər 400-600 manat əməkhaqqı aldıqlarını bildirirlər.

Elm və təhsil naziri nə demişdi?

Elm və təhsil naziri Emin Əmrullayev hələ 2023-cü ilin yayında demişdi ki, ölkədə 28 929 müəllim 500 manata yaxın maaş alır.

Nazir qeyd edib ki, müəllimlərin maaşının yüksək və ya aşağı olması onun bilik səviyyəsindən asılıdır.

 

 

"Müəllimlər imtahanda yaxşı nəticə göstərirsə, əməkhaqqı 35 faiz daha artıq verilir. Sertifikasiyadan keçən müəllimlərə isə 10 faiz artıq olur. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfədən çox artıb. 2021-ci ildən etibarən əməkhaqqı 4 dəfə artırılıb. Bu proses davam edəcək. İndiki məqamda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta maaşı 1270 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10 faiz əlavə alanlar) 1030 manat, sertifikatlaşdırmada iştirak etməyən heyət üzrə isə 750 manat təşkil edir. Ümumilikdə 63 983 nəfər 500-1000 manat, 34 165 nəfər 1000-1500 manat, 6177 nəfər 1500-2000 manat, 542 nəfər isə 2000 manat və daha artıq maaş alır", - E.Əmrullayev bildirib.

“Mən bir müəllim, bir ata, bir insan olaraq səsimi qaldırıram…”

Müəllimlərin maaş azlığı sosial şəbəkələrdə də tez-tez geniş müzakirələrə səbəb olur. Bu günlərdə təhsil eksperti Kamran Əsədov şikayətçi müəllimlərdən birinin postunu bölüşüb. Müəllim qeydlərinə yüzlərlə sosial şəbəkə istifadəçisi, o cümlədən həmkarları münasibət bildirərək, onunla həmrəylik nümayiş etdiriblər.

 

 

 

Müəllim yazıb: “Mən 93% nəticə ilə müəllim olmuşam, 400 manat maaş alıram. Amma hər dəfə mağazaya gedəndə övladımı qapıda gözləməyə göndərirəm. Ona deyirəm ki, içəridə sıxlıqdır, çox adam var. Amma həqiqəti deyə bilmirəm. Deyə bilmirəm ki, bəlkə də sən içəri girsən, gözlərin nəyəsə sataşar, nəyisə istəyərsən, amma mən sənə ‘yox’ demək məcburiyyətində qalaram. Çünki gücüm çatmaz. Mən öz övladımın qarşısında ‘yox’ deməyi bacara bilmirəm. Amma bacardığım o qədər dərsin, o qədər bilik yükünün altında qalmışam ki, sanki bu yük mənim insanlıqdan kənarlaşmağıma səbəb olub. Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm. Övladım məni qapıda gözləyir, gözlərində ümid, üzündə təbəssüm. Mən isə yalnız bir şeyi düşünürəm: bu kiçik qəlbin böyüdükcə atasının imkansızlığını görüb sınmaması üçün nə edə bilərəm? Axı mən necə izah edim ki, oğlum, atan 93%-lə imtahanı keçib, amma sənin balaca arzularını belə qarşılamaqdan acizdir? Bizə deyirlər ki, müəllim müqəddəs peşədir. Bəli, müqəddəsdir. Amma müqəddəslik mənim ailəmi doydurmur, övladımın arzularını gerçəkləşdirmir. Mən hər gün sinif otağında şagirdlərimə böyük xəyallar qurmağı öyrədirəm, amma öz balama heç bir xəyal verməyə cəsarət etmirəm. Çünki bilirəm ki, mən onun üçün o xəyalları reallığa çevirə bilməyəcəyəm.

Mən sinfə girəndə onlara gələcəkdən, arzularından, imkanlardan danışıram. Amma evə qayıdanda övladıma niyə yoxsulluğun içində boğulduğumuzu izah edə bilmirəm. O, mənim gözlərimdəki çarəsizliyi hiss etməsin deyə üzümü başqa yana çevirirəm. Hər gecə başımı yastığa qoyanda bu sual məni boğur: “Axı mən harda səhv etdim? Axı mən bu xalqın gələcəyini yetişdirən müəlliməmsə, öz ailəmi necə yetişdirim?

Mənim səsimi eşidən varmı? Yoxsa müəllimlərin yalnız dərs dediyini, ağrımadığını, utanmadığını, dözə bildiyini düşünürsünüz? Mən bir müəllim, bir ata, bir insan olaraq səsimi qaldırıram: övladımın xəyalını heç kimə satmayın!”

“Dırnaq qaynaq edənlər müəllimlərn qat-qat artıq pul qazanırlar”

Paylaşıma münasibət bildirən müəllim Vüqar Nağyev bildirib ki, kollecdə çalışır, 449 manat da əməkhaqqı alır.

“O müəllimin yaşadıqlarının hamısını mən də, mənim kimi neçə-neçə müəllimlər də yaşayır”, - o, əlavə edib.

Bioloq Mehparə xanım da həmkarının yazdıqlarının acı həqiqət olduğunu vurğulayıb: “Ömürdən-gündən gedir, əksər müəllimlər insan kimi yaşaya bilmirlər. Normal istirahət edə, geyinə bilmirsən. Ağlım olsaydı, müəllimlik peşəsini seçməzdim. İndi dırnaq qaynaq edənlər başları dinc, özü də müəllimlərn qat-qat artıq pul qazanırlar”.

Müəllim İlham Əhmədov isə yazır ki, əgər repetitorluq olmasaydı, bəlkə də bu 30 ildə müəllimlərin çoxu acından ölərdi: “Repetitorluğun yeganə yaxşı tərəfi budur. Amma ... normalda, repetitorluq olmamalı, müəllimlər dövlətdən yüksək maaş almalı, məktəbdə müəllim kimi keyfiyyətli tədris aparmalı idi, bütün dünyada olduğu kimi. Təəssüf ki, mizan tərəzi pozulub. Ən şərəfli peşə sahibi ən acınacaqlı hala salınıb”.

“Vəliyeva” niki ilə yazan təhsil işçisi də müəllimlərin çıxılmaz vəziyyətdə olduğundan gileylənir: “Bizi çıxlmaz duruma salıblar, dolana bilmirik 7 baş külfətə baxıram 600 manatla. Bu maaşı nazirmizə verək, görək, 1 ay ailəsini dolandıra bilirmi?!”

Müəllim Sərvər Ağayev də həmkarlarının dediklərini bölüşür: “Müəllimlərin böyük əksəriyyəti bu vəziyyətdədir. Gündə neçə kilometrlərlə yol gedib-gəlirlər. Bir qarnı ac, bir qarnı tox, saat 7-də qaranlıqda durub kəndlərə yola düzəlirlər. Amma 400-500 manat maaş sadəcə kommunal xərcləri ödəməyə gedir. 1 manat kənara pul atmaq olmur, yeri gəlsə, ürəyin istəyəni də ala bilmirsən, geyinə bilmirsən. Sertifikasiyanı ortaya atıb bu qədər haqsızlıq etmək lazım deyildi. Heç olmasa, ədalətli şəkildə bölgü qoyub maaşı artırmadılar. 8% maaş artırıblar. Onun müqabilində kommunal xərclər, ərzaq qiymətləri az qala 50-60% qalxıb”.

Müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hansı addımları atmalıdr?

 

Qeyd edək ki, belə giley-güzar edən müəllimlərin sayı xeyli çoxdur. Bəs problem necə həll etmək olar, hökumət 300 minlik müəllim ordusunun sosial vəziyyətini yaxşılaşdırmaq üçün hansı addımları atmalıdr?

 

 

 

Təhsil eskeperti Kamran Əsədov “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycanda müəllimlərin maaşı təhsil sahəsində mühüm problemlərdən biri olaraq qalmaqdadır. Onun sözlərinə görə, son illərdə müəyyən addımlar atılsa da, mövcud vəziyyət həm müəllimlərin maddi rifahını, həm də təhsilin keyfiyyətini tam şəkildə təmin etmir: “Təhsil Nazirliyinin rəsmi məlumatlarına görə, müəllimlərin orta aylıq maaşı 980 manat səviyyəsində olsa da, bu rəqəm bütün müəllimləri əhatə etmir və çoxları üçün reallıqdan uzaqdır. Xüsusilə regionlarda və kiçik məktəblərdə çalışan müəllimlərin maaşı çox aşağıdır, bəzi hallarda isə 400-500 manat civarında qalır. Bu, müəllimlərin cəmiyyətdəki sosial statusuna və onların motivasiyasına mənfi təsir edir”.

Eskpert qeyd edir ki, Azərbaycanın təhsil sistemində maaşlar əsasən diaqnostik qiymətləndirmə və sertifikasiyadan keçmə nəticələrinə bağlıdır.

“Bu sistem performansa əsaslanaraq maaş artımını təmin etmək məqsədi daşıyır. Lakin 2023-cü ildə keçirilən sertifikasiya nəticələrinə görə, müəllimlərin yalnız 62%-i imtahanlardan uğurla keçib. Bu isə o deməkdir ki, digər müəllimlər maaş artımından faydalana bilmir”, - o, əlavə edib.

K.Əsədov deyir ki, bunun əsas səbəblərindən biri regionlarda yaşayan müəllimlərin hazırlıq imkanlarının məhdudluğudur: “Bu, xüsusilə kənd yerlərində işləyən müəllimlər üçün problem yaradır və onların əməkhaqqı artımını çətinləşdirir. Həmçinin, sertifikasiya mexanizminin tam şəffaf olmaması ilə bağlı narazılıqlar da var ki, bu da prosesə olan inamı azaldır”.

Qabaqcıl dünya tərübəsi nə deyir?

Təhsil eksperti bu sahədə qabaqcıl dünya tərübəsindən misallar gətirir: “Dünya təcrübəsi göstərir ki, müəllimlərin əməkhaqqının yüksək olması yalnız onların maddi rifahını təmin etməklə qalmır, həm də təhsilin keyfiyyətini artırır. Məsələn, Finlandiyada müəllimlər ölkənin ən yüksək nüfuzlu peşə sahiblərindən biri sayılır. Orada müəllimlərin maaşı digər dövlət qulluqçularının maaşları ilə eyni səviyyədə artırılır və bu, onların sosial müdafiəsini təmin edir. Eyni zamanda, Finlandiyada müəllimlər üçün davamlı təlim və inkişaf proqramları təşkil olunur ki, bu da onların peşəkar səviyyəsinin yüksəldilməsinə töhfə verir. ABŞ-də müəllimlərin maaşı onların təcrübəsinə və ixtisaslaşma səviyyəsinə uyğun olaraq artırılır. Bəzi ştatlarda müəllimlərin maaşı ölkə üzrə orta əməkhaqqının 120%-ni təşkil edir. Cənubi Koreyada isə müəllimlər ən yüksək maaş alan dövlət qulluqçuları sırasındadır və onların maaşı ölkə üzrə orta əməkhaqqının 150%-nə yaxındır. Bu ölkədə müəllimlərin yüksək maaşı təhsil sahəsində rəqabəti artırır və peşənin nüfuzunu gücləndirir”.

 

 

amran Əsədov hesab edir ki, Azərbaycanda mövcud problemləri həll etmək üçün müəllimlərin maaşlarının artırılması və daha ədalətli sistemlərin tətbiqi vacibdir. Onun sözlərinə görə, ilk növbədə, müəllimlərin maaşı vahid ştat cədvəlinə uyğun olaraq artırılmalıdır: “Bu yanaşma, xüsusilə regionlarda çalışan müəllimlər üçün daha bərabər şərait yaradacaq. Dərs yükündən və sertifikasiyadan asılı olmayaraq, hər bir müəllim üçün minimum əməkhaqqı səviyyəsi müəyyən edilməlidir. Bu məbləğ onların layiqli həyat şəraitini təmin edəcək səviyyədə olmalıdır. Bundan əlavə, sertifikasiya və diaqnostik qiymətləndirmə mexanizmləri daha şəffaf və əlçatan şəkildə təşkil edilməlidir. Məsələn, regionlarda yaşayan müəllimlər üçün xüsusi hazırlıq proqramları təşkil edilməli, onlara bu proseslərdə bərabər iştirak imkanı yaradılmalıdır”.

 

 

Ekspert vurğulayır ki, region müəllimləri üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi də vacibdir: “Az şagirdi olan və tədris yükü məhdud olan məktəblərdə çalışan müəllimlər üçün əlavə ödənişlər edilməli, onların sosial müdafiəsi gücləndirilməlidir. Bu, regionlarla paytaxt arasında əməkhaqqı fərqini azaltmağa və region müəllimlərinin daha yüksək motivasiya ilə işləməsinə səbəb olacaq”.

K.Əsədov deyir ki, bundan əlavə, müəllimlərin təcrübəsinə əsaslanan maaş artımı sistemləri tətbiq edilməlidir ki, uzun illər təhsil sahəsində çalışan şəxslər öz əməyinin qarşılığını ala bilsin: “Dövlət bu sahədə islahatları davam etdirərək müəllimlərin sosial statusunu artırmalı və onları cəmiyyətin ən dəyərli üzvlərindən biri kimi qəbul etməlidir”.

Ekspert vurğulayır ki, müəllimlərin maaşlarının artırılması yalnız onların maddi rifahını təmin etməklə qalmayacaq, həm də onların tədris keyfiyyətinə və ümumi təhsil səviyyəsinə müsbət təsir göstərəcək: “Dünya təcrübəsi göstərir ki, müəllimlərin layiqli maaşlarla təmin edilməsi onların peşəyə bağlılığını artırır, təhsil sistemini gücləndirir və gələcək nəsillərin keyfiyyətli təhsil almasını təmin edir. Azərbaycanın təhsil sisteminin uzunmüddətli inkişafı üçün müəllimlərin maaşlarının artırılması strateji və sosial prioritet olmalıdır”.

“AzPolitika.info”

 

 






Fikirlər