Trampın hədəfləri: Dünyanı çalxalayacaq addımlar - Bakı və Ankaranın rolu

Trampın hədəfləri: Dünyanı çalxalayacaq addımlar - Bakı və Ankaranın rolu 

Donald Trampın and içərək vəzifəsinə başlaması ilə təkcə ABŞ-də deyil, ümumilikdə dünyada yeni bir dönəmə qədəm qoyur desək, yanılmarıq. Trampın vəzifəyə başlamasından təkcə əks qütbdə yer alan Çin, İran, Rusiya kimi ölkələr deyil, eyni zamanda ABŞ ilə eyni hərbi-siyasi-iqtisadi bloklarda yer alan müttəfiq ölkələr belə, ciddi narahatlıq keçirirlər və bunu açıq şəkildə də bəyan edirlər. Müttəfiqləri də yaxşı anlayır ki, Trampın yeni dönəmi onlar üçün də elə də uğurlu olmayacaq. 

Trampın yenidən hakimiyyəti dövründə xarici siyasətinin prioritetləri və dünyanı nə gözləyir:

1. Tramp miqrant siyasətini sərtləşdirəcək və bu istiqamətdə sərt addımlar atacaq. 

2. Rusiya-Ukrayna müharibəsində dönüşə nail olmaq üçün Moskva ilə danışıqlara gedib Putini buna vadar etməyə çalışacaq. Putin Trampın şərtlərini qəbul etməyəcəyi təqdirdə Kremlə qarşı daha sərt çəkindirici addımlara əl atacağı qaçılmaz olacaq.

Tramp bu məsələni bitirmək üçün bacardıqca tez bir zamanda Putinlə görüşüb müzakirə etmək istəyir. O, bir müddət əvvəl Ukraynadakı müharibə ilə bağlı mesajını da çatdıraraq bəyan edib ki, bu, Putindən asılıdır. Bu isə o deməkdir ki, əgər Putin şərtləri qəbul etməzsə, o zaman Rusiyanı çətin günlər gözləyir. 

494110

Trampın hansı addımları atacağı isə Putinlə görüşdən sonra bəlli olacaq. 

3. ABŞ-Çin münasibətləri kəskinləşən xətt üzrə inkişaf edəcək. Bu gün dünyada Ağ Evin çəkindiyi yeganə güc Çindir. Çin həm iqtisadi, həm yeni texnoloji, həm iqtisadi, həm də hərbi cəhətdən ABŞ-nin ciddi rəqibi hesab olunur. Bunu bir müddət əvvəl prezident Co Bayden və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da açıq mətnlə bəyan edib.

Sallivan bu günlərdə Vaşinqton Sülh İnstitutunda çıxışı zamanı Çinlə uzunmüddətli rəqabəti ABŞ-ın indiyədək üzləşdiyi ən böyük problem adlandırıb. "Çinin ABŞ ilə bütün sahələrdə rəqabət aparmaq imkanına malik yeganə ölkə olduğunu bəyan edib. Bu, ABŞ-nin növbəti lideri Donald Tramp və onun administrasiyasının əsas diqqətini çəkməli olacağı problemdir", - o qeyd edib. 

Sallivandan öncə isə prezident Bayden 2030-cu ilədək Çinin ABŞ-ni istər iqtisadi, istərsə də süni intellekt  sahəsində üstələməsi ehtimalının olduğunu və hələlik bunun qarşısının alındığı barədə bəyanatlar səsləndirib.

Bu isə onu deməyə əsas verir ki, Trampın prezidentliyinin birinci dövründə olduğu kimi, növbəti dönəmində də ABŞ-Çin münasibətləri siyasi-iqtisadi-hərbi cəhətdən gərginləşəcək. Ağ Ev Çini geri otuzdurmaq üçün çəkindirici və ona qarşı yeni daha sərt sanksiyalar tətbiq edəcəyi gözləniləndir. 

494111

Ağ Ev eyni zamanda Cənub-Qərbi sakit Okeanda hərbi varlığını gücləndirmək məqsədilə Tayvana dəstəyini daha da gücləndirəcək.

4. İran-ABŞ arasındakı mövcud gərgin münasibətlər daha da kəskinləşəcək. Artıq Ağ Ev bunun mesajını da verib.

Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols "CBS News"a müsahibəsində deyib ki, yaxın zamanda İranla bağlı əsas qərarlar qəbul ediləcək. Bu baxımdan Tramp dövründə İranı da Çin kimi "qara günlər" gözləyir desək, yanılmarıq.

5. ABŞ-Avropa İttifaqı qarşıdurması dərinləşəcək. Bu özünü daha çox iqtisadi və hərbi cəhətdən büruzə verəcək.

Artıq uzun müddətdir ki, ABŞ ilə Aİ arasında "iqtisadi müharibə" davam edir və bu müharibənin Tramp dövründə daha kəskin xarakter alacağı gözlənilir.  

Tramp hakimiyyəti dövründə ABŞ iqtisadiyyatının inkişafı məqsədilə Avropanın gələcəyə hesablanan şirkətlərinin öz ölkəsində fəaliyyət göstərməsi məqsədilə cəlbedici addımlar atacağı gözlənilir. Tramp belə şirkətlərə müəyyən güzəştlər tətbiq edəcəyini bəyan edir. Bu da həmin şirkətlərin Avropadan sürətlə ABŞ-yə axınına səbəb olacaq. Bu proses Trampın hələ ötən prezidentlik dövründə başlayıb.

494112

Tramp Avropa iqtisadiyyatını çökdürmək üçün bu coğrafiyadan ABŞ-yə idxal olunan məhsullara əlavə gömrük vergisi tətbiq edəcək.

Digər ciddi problem NATO müstəvisində olacaq. NATO-ya üzv ölkələrin hərbi xərclərinin artırılması, silahlanmanın sürətləndirilməsi, üzvlük haqqı kimi məsələlər gündəmdə olacaq. Diqqət silahlanmaya yönəldiyindən iqtisadiyyatın digər sahələrində müəyyən geriləmələrin olacağı gözlənilir.  

Tramp dövründə Avropanın təhlükəsizliyinin təmin olunması məsələsində də ABŞ ilə Aİ arasında ciddi gərginliyin yaşanacağı gözlənilir.

Siyasi məsələlərdə də ABŞ ilə Aİ arasında fikir ayrılıqlarının olacağından gərginlik qaçılmazdır.  

Tramp prezident seçkilərində qalib gəldikdən sonra Avropa liderləri ABŞ-Aİ münasibətlərinin gələcəyini Brüsseldə bir neçə dəfə müzakirə ediblər.

6. Yaxın Şərqin dizaynında da yeniliklər gözlənilir.  

Trampın Yaxın Şərqin şəkillənməsində Ankaraya üstünlük verəcəyi daha çox ehtimal olunur. Bu Trampın istər Türkiyə, istərsə də prezident Rəcəb Tayyib Ərdoğan haqqında verdiyi açıqlamalarda özünü büruzə verməkdədir.  

Tramp Suriyadan hərbi qüvvələrinin çıxarılması, istər PKK/YPG-yə dəstəkdən imtinası, istər də digər məsələlərlə bağlı sərgilədiyi mövqe Ankaranın maraqlarına uyğun olduğundan qarşıdakı mərhələdə Vaşinqton-Ankara əməkdaşlığının yeni bir mərhələsinin şahidi ola bilərik.

Tramp Yaxın Şərqdə Ankara ilə əməkdaşlıq etməklə həm də digər ciddi güclərlə - Avropa, Rusiya, İran, Çin, İsrail, habelə bölgədə böyük iddiaya sahib ərəb ölkələri arasında balans yaratmaq istəyir.

494113

7. Cənubi Qafqaz və Mərkəzi Asiya məsələsi Trampın xarici siyasətinin prioritetləri sırasında olacaq.

Tramp Qafqaz və Mərkəzi Asiyada ABŞ-nin mövqelərini gücləndirmək, maraqlarını təmin etmək üçün Rusiya-Çin-İran üçbucağına qarşı Ankara və Bakı oxuna üstünlük verəcək. Bu da Ankara və Bakının Avrasiya coğrafiyasında mövqelərinin güclənərək daha ciddi oyunçuya çevrilməsinə, eyni zamanda  Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına öz töhfəsini verəcək.

Bu həm də Türk dünyasının siyasi güc kimi beynəlxalq arenya çıxması baxımdan mühüm əhəmiyyət kəsb edəcək. 






Fikirlər