ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid Mustafayev ANS TV-nin efirində yayımlanan “Nəzər Nöqtəsi” verilişinin qonağı olub.

ANS PRESS sizə Vahid Mustafayevin müsahibəsini təqdim edir.

– Siz "Qanlı Yanvar" filminin həm ssenari müəllifi, həm də rejissorusunuz. Hadisələrin şahidi olmağınız ssenari müəllifi kimi nə dərəcədə kömək oldu. Yəni siz gördüklərinizi, müşahidə etdiklərinizi ssenaridə əks etdirə bildinizmi?

– Öncə bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun demək istiyirəm. Biz bu gün, əsasən Azərbaycanın müasir tarixinin şanlı səhfəsini qeyd edirik. Azərbaycanın müstəqilliyi, eləcə də bizim bügünkü günümüz uğrunda öz şirin həyatlarını bizə və vətənə bağışladıqlarına görə onların hamısına rəhmət diləmək istəyirəm. Onların valdeyinlərinə mən təşəkkürümü bildirmək istəyirəm ki, belə oğullar, qızlar böyüdüblər. "Qanlı Yanvar" filminin ərsəyə gəlməsində mənim gördüklərimin hansısa bir faydasının olub-olmamasına gəlincə, sözsüz ki, olub. Ümumiyyətlə, bu film demək olar ki, 90 faiz mənim gördüklərimin əsasında çəkilib. Filmin əvvəlində də qeyd edilib ki, film baş verən real hadisələrin əsasında çəkilib. Bu hadisənin üzərindən uzun bir müddət – 26 il keçib. Bu isə böyük bir rəqəmdir. Düşünürdüm ki, bu hadisə haqqında film çəkiləcək. Buna görə də biz özümüzü çox irəli çəkmirdik ki, bu işdə hansısa bir töhfə verək. Lakin dostlarımın, silahdaşlarımın rəhmətə gedən şəhidlərin ruhu, sözün düzü mənə sakit oturmağa imkan vermirdi.

Bu istər “Xoca”, istər “Yaddaş”, istər “Bulağıstan” və digər filmlərimdə olduğu kimi. Hər dəfə yuxudamı, xəyallarımdamı uşaqlarla görüşürdüm. Onlar tərəfindən bir növ təpki görürdüm. Nə təpkisiydi bu? İnsanlar özlərinin həyatlarında ən şirin olan canlarını, həyatlarını, gələcəklərini nəyəsə görə bir anda verməyə hazır olmaları, şücaəti, qəhramanlığı məni həmişə heyrətləndirirdi. Biz bir yerdəydik. Amma hansısa bir müddətdən sonra biz aramızdan bir neçə adamı tapa bilirdik. Onlar şəhid olmuşdular, yox idilər. Bu da sözsüz ki, pula və yaxud hansısa bir orden və medala görə edilən hərəkətlər deyil. Bu həyatını verən gənc oğlana sadəcə olaraq gələcək nəsillərdə cavan, gözəl bir xanımın onlar haqqında şeir, mahnı oxuması, yaxud film şəklində onların qəhramanlığını göstərməsinə görə bunları edirdilər? Məhz vətən yanğısı o deməkdir ki, mən vətənə görə belə yana bilirəm, sən də onu edə bilərsənmi? Sözün düzü hər dəfə bir filmləri ərsəyə gətirəndə bir az sakitləşirəm. O uşaqların da təpkisindən azad oluram.

- Müsahibələrinizdə belə demisiniz ki, içimdə bir qorxu vardı bu filmi çəkməmişdən öncə. Zənnimcə məhz siz o barədə danışırsız.

- Hadisələrlə bağlı hərbçilər məni daha yaxşı baş düşərlər. Hadisələrdə iştirak edən və hadisələr zamanı dost itirənin depressiv vəziyyəti daim onun üzərində olur. İnandırım ki, depressiyadan çıxış yollarından biri də belə filmlərin ərsəyə gətirilməsidir.

– Biz bu hadisələrin şahidi olmuşuq. Fikirimcə, bu o hadisələr idi ki, həmin dövrdə şəxsiyyətlər yetişirdi. Bu gün Azərbaycan gündəmində nəzərə çarpan şəxsiyyətlər, maraqlı insanlar, istər yaradıcılıq, istərsə də siyasi sahədə olsun məhz həmin dövrün yetişdirdiyi insanlardır. Necə bilirsiz bu dövr bir şəxsiyyət yetişdirmək baxımından da qiymətli bir dövr idi.

– Sizinlə tamamilə razıyam. Sosiologiyanın bir elm olaraq qanunları var. Hər bir cəmiyyətin aparıcı qüvvəsi sosiologiya elminə əsasən iki faiz olur. Pozitiv və neqativ qüvvələrin toqquşması nəticəsində cəmiyyətdə bir inkişaf olur, cəmiyyət irəliləyir. Əhalimizin iki faizini götürsək - 8 milyonun iki faizi hardasa 16 min adam edir. Ümumiyyətlə 1980-ci illin axırları və 1990-cı illin əvvələrindən atəşkəs elan olunan dövrə qədər hardasa 20 minə yaxın gəncimizi itirmişik. Sosiologiya elminin qanunlarına əsasən yəqin ki, demokratiya, müstəqillik və torpaq uğrunda müharibələrdə bizim itirdiklərimiz ən qeyrətli uşaqlar və ən pozitiv qüvvə idi. Bu nə deməkdir? Bu isə o deməkdir ki, o zaman biz bütün bir təbəqəni, yəni qabaqdan gedən pozitiv hissəni itirdik. Qaldı ancaq neqativ. 

– Amma mən deməzdim ki, ancaq neqativlər qalıb. Çünki neqativ qalsaydı bu cür bədii əsərlər yaranmazdı.

– Mən ümumiyyətlə öz həyatım boyu Azərbaycan xalqını müxtəlif vəziyyətlərdə müşahidə etmişəm. Azərbaycan xalqı mobilizə etməyi bacaran xalqdır. Bir anda daxili potensialını, yəni tarixən bizim qanımızda olan qəhrəmanlıq, şücaət hislərini bir anda göstərə biləcək bir millətdir. Fikir verdinzisə filmdə əsasən 6-7 gənc tamamilə fərqli insanlardır. Onlar arasında namaz qılan Əli də var. Onların hamısı romantikdilər. Biri qəhraman, digəri isə cənnətə düşmək istəyir. Fikir verin ki, onların hamısının ideyaları təmiz və safdır. Bunların heç biri ölmək haqqında fikrləşmirdilər. Amma hamısı istəyirdilər ki, vətənləri müstəqil olsun. Bunların arasında xuliqanı da, söyüş söyəni də var. Biz eyni zamanda filmdə bir növ işğalçıların qarşısını almağa hazırlaşan gənclərin sərbəst bir şəkildə rəqs etdiyini görürük. Digər bir tərəfdən isə iki inqilabçı bir-birilə öpüşürlər. Mən uşaq olanda yadımdadır ki, hər zaman valdeyimlərim deyirdi ki, özünü yaxşı aparmalısan, məktəbdə qiymətlərin yaxşı olmalıdr, yoxsa sən heç vaxt qəhrəman olmayacaqsan. Biz doğrudan Sovet filmlərinə baxanda görürdük ki, qəhrəman adamlar həmişə məktəbdə əlaçı və hamıdan qabaqcıl olmalı idilər. Lakin bu həyatda belə deyil. Həyatda isə məktəbdə ən pis oxuyan oğlan belə qəhrəman ola bilər. Ona görə ki, qəhrəmanlıqla, şücaətlə, vətənpərvərliklə digər sahələrin heç bir əlaqəsi yoxdur. Bu tamamailə fərqli bir notdur, tamamilə fərqli bir yerdə yerləşir. 

– Razılaşın ki, bunu yetişdirmək lazımdır. Amma bunu yetişdirmək, istiqamətləndirmək lazımdır. İnanıram ki, bu filmə baxandan sonra auditoriyanın böyük bir qismində ya vətənpərvərlik hissi onlarda artacaq, ya da onlarda yaranacaq. Burada gəncləri nəzərdə tuturam.

– Düşünürəm ki, vətənpərvərlik hissi ananın südü ilə insana keçir. Mənim sadəcə olaraq filmdə vətənpərvərliyi aşılamaq fikirlərim yox idi. 

– Elə bir niyyətiniz olmayıb?

- Xeyr. Elə bir niyyətim yox idi. Ona görə ki, vətənpərvərlik hisləri dediyiniz kimi ya var, ya da yoxdur. Düşünürəm ki, Azərbaycan xalqının əksəriyyətində vətənpərvərlik hissi çox yüksəkdir. Sadəcə olaraq o vətənpərvərlik hissi istifadə etmək imkanları bizim beynimizdə yeni ideyalar, yeni hərəkətlər mövcud informasiyanın sintezi nəticəsində yaranır. O informasiyanın mövcudluğu çox lazımdır. Əsas məqsəd o idi ki, bugünkü gənclərə göstərək ki. baxın belə bir vəziyyətə düşəndə işğalçı sizin ölkənizə girəndə siz nə etməlisiniz.

– Eyni zamanda bu film bir dərslikdir. Yeni baxışdır. Orada tankların altında əzilmiş məzlum Azərbaycan xalqı yoxdur.

– Ümumiyyətlə mən məzlum Azərbaycan xalqı görməmişəm.

– İllərlə bu bizə aşılanıb?

– Bilirsiniz bunu aşılayan adamlar nakam və tamamilə reallıqdan uzaq olan adamlardırlar. Hansısa siyasi xülyalarını reallıqla çaşdırıb Azərbaycan xalqına kiminsə bir nov yazıqlığını çatdırmaq istəyirdilər ki, baxın bizə yazığınız gəlsin. Amma mən istəmirəm ki, kiminsə bizə yazığı gəlsin. Mənə niyə yazığı gəlməlidir ki. 

– Filimdə çox maraqlı bir məqam var. Filmdə qəhrəman olmaq istəyən qız Zita bir anlıq dayanır və deyir ki, həmişə söylədiyim himnin sözlərini indi anlayıram. Sizin orda mesajınız nə idi.

- Tamamilə doğrudur. Bizim himnimizin çox vacib hissəsi var. Orada deyilir ki, biz vətənimiz uğrunda ölməyə cümlə hazırız və vətənimiz uğrunda qan tökməyə cümlə hazırız. Bu günə qədər bu da bizim yazıq xalq olduğumuz kimi gənclərə elə aşılanırdı ki, canımızı verməyə də, qanımızı tökməyə də vətən uğrunda biz hazırıq. Bu elə deyil. Canımızı verməyə biz hazırıq. Amma qan tökməyə cümlə hazırıq isə o deməkdir ki, biz kiminsə qanını tökməyə cümlə hazırıq. Və bu qanı biz mütləq tökməliyik.

- Bu qurbanlar bahasına əldə olunur?

- Düşmənin qurbanları. Biz gərək düşmənin qanını tökək. Kim ki, Azərbaycana qılıncla gələcək, qılıncla da ölməlidir. Bunu hər bir azərbaycanlı bilməlidir. Bu gün Azərbaycanın 40 faizdən çox torpaqları – İrəvan, Zəngəzur daxil olmaqla işğal atındadır. Bu torpaqları gərək biz qaytaraq. Burada mənim də çox böyük səhvim var, mənim də günahım var. Qarabağ müharibəsini biz uduzmuşuq. Mənim üçün, yəni bir fərd olaraq. Biz onu uduzmuşuq. Amma şükür Allaha ki, bu müharibə hələ qurtarmayıb. Bizm hələ onu udmağa və geri götürməyə şansımız var. Bu şansları əldə etmək üçün insanlar başa düşməlidirlər ki, bizim bu gün kimdənsə qorxmağımız, kiminsə yanında özümüzü məzlum göstərməyimiz lazım deyil. Bu gün Amerika ordusunda hamının çəkinməsinə səbəb odur ki, Hollivud Rembo, Rokki və digər qəhrəmanlar yaradıb. Amerika ordusu İraqa daxil olanda bir dəfə də olsun döyüşə atılmadı.

- 2015-ci ildə bu filmi bitirdiniz. Artıq bu film böyük ekranlarda nümayiş olunur. Bildiyimə görə, bir çox kinoteatrlarda bu filmin pulsuz olaraq nümyiş etdirilir.

– Bəli kinoteatrlardan bizə müraciət etdilər ki, bu filmi göstərmək istəyirik. Onlardan rica etdim ki, bunu pulsuz etsinlər. Buna bütün xalqımız gəlib vəsait ödəmədən baxa bilsin. Bu filmi ərsəyə gətirməkdə bizim heç bir kommersiya maraqlarımız yox idi. Sözsüz ki, biz çox böyük pullar xərcləmişik. Bu məqamda mən çəkiliş qruppasına və orada iştirak edən bütün aktyorlara, gözəl insanlara təşəkkürümü bildirmək istəyirəm. Onlar da böyük bir qəhrəmanlıq və şücaət göstəriblər. Eyni zamanda cənab prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O, tanklarla və digər hərb texnika ilə kömək etməsə idi, biz bu filmi çəkə bilməyəcəydik. Lakin maliyyə nöqteyi-nəzərindən filmi öz vəsaitimizlə çəkmişik. 

– Film çəkildi, bütün proses bitdi. Bir tamaşaçı kimi artıq bu filmə baxa bilirsinizmi? Baxanda düşünə bilirsinizmi burada nələrsə səhv olub. Nələrisə daha yaxşı çəkmək olardı. Hansı istiqaməti dəyişmək olardı. Baxanda belə bir fikirlər olurmu?

– Napoleondan bir dəfə soruşublar ki, sizin kimi sərkərdə olmaq üçün nə etmək lazımdır. Napoleon cavab vermişdi ki, sadəcə olaraq istəmək lazımdır. Mən istədim və bu film ərsəyə gəldi. Bir daha Napoleondan soruşublar ki, hansısa bir döyüşü udmaq, müvəffəqiyyət qazanmaq üçün nə lazımdır.O, demişdi ki, üç şey lazımdır – pul, pul və yenə də pul. Sözsüz ki, bu filmi çəkəndə mənim kasıb büdcəm olmasydı və mənim pulum daha da çox olsaydı mən bu filmi daha da gözəl çəkərdim. 

– Bir tamaşaçı kimi bu filmi seyr edəndə az bir büdcə ilə çəkildiyi ilə bağlı bir təəssürrat yaranmadı.

– Əlimdən gələni etmişəm ki, xarici ölkələrdə təəssürrat görünməsin. Pulla əlaqəli çox vacib bir məsələni də qeyd edim. Deyildiyi kimi, bu hadisələrdə özüm iştirak etmişəm. Bu döyüşlərdə yaxın dostlarımı itirmişəm. Lakin pula görə filmdə göstərə bilmədiyim məqamlardan biri də ondan ibarət idi ki, Ceyhun adlı bir oğlan vardı. "Molotov-kokteyli" ataraq bir əsgəri tamamilə şam kimi yandırmışdı. Bu hadisələrdə 32 sovet əsgəri öldürülüb. Və onlardan biri də bu idi. Mən çox istəyirdim ki, bu səhnəni göstərim. Sonradan o oğlanı güllə ilə vurdular. Amma o hamıdan çox canfəşanlıq edən sovet əsgərini, qabağındakıları avtomatla qətlə yetirəni bu "Molotov-kokteyli"ni başına vuraraq şam kimi yandırmışdı. Mən bu səhnəni çəkə bilmədim. Ona görə ki, 17 min pul istədilər məndən. Çünki bunun üçün xüsusi geyimlər və adam olmalıdır. Hansı ki, bu çox təhlükəli idi. Hətta orda təhlükəsizliyin sertifikatı belə orda çox bahalı idi. Hardasa 5 mindən çox elə o edirdi. Çox təəssüf olsun ki, bunları edə bilmədim. Amma gərək bizim tamaşaçılarımız bunu bilsinlər. Bizm uşaqlarımız işğalçıları şam kimi yandırırdı. Belə qəhrəmanlarımız vardı. 

– Bu filimdə onsuz da qəhrəmanlığı, energetik və informatik olaraq çatdıran məqamlar kifayət qədər çox idi. Sizdə filmin heyəti beynəlmilər idi. Bu xüsusi olaraq düşünülmüş bir PR aksiyası idi? Hər halda müxtəlif ölkələrdən nə qədər iştirakşı olsa, bir o qədər də filmin yayılma ehtimalı çoxdur. Yoxsa ümumiyyətlə belə alındı? Yəni sırf peşəkarlıq nöqteyi–nəzərindən bizim ehtiyacımız vardı kənardan adam dəvət etməyə? Qeyd edim ki, həqiqətən də aktyor oyunu demək olar ki, çox yüksək səviyyədə idi. Mən çox bəyəndim. 

– Bu gün dünyada film endüstiriyası fərqlidir. Festival siyasəti və ümumiyyətlə film ideyasını dünyaya aşılamaq və çatdırmaq daha çox praqmatikdi, daha çox rasiyonaldır. Sadəcə olaraq evdə, bostanda bir film çəkib aparıb dünyaya göstərmək mümükün deyil. Hollivud elə bir səviyyə qoyub ki, gəlib ona çatansan. Sadəcə olaraq adi bir belçikalı və yaxud texaslı evində olan videoyoya salsın və bu filmə baxsın. Ona görə də mütləq bir şəkildə tanınmış simaların filmdə iştirakı çox vacibdir ki, bu film dünyaya getsin. Məhz mənim də məqsədlərimdən biri o idi ki, Azərbaycan həqiqətlərini, Azərbaycanın qəhrəman oğullarını dünyanın gözünə soxum və onlar görsünlər ki, bu elə-belə xalq deyil. Və bura elə-belə girib onun torpaqlarını götürmək mümükün olmayacaq. Müstəqil bir şəraitdə, yadınızdadırsa Qarabağ müharibəsi baş verəndə biz yarım Sovet vəziyyətində idik və imkanımız yox idi. Bugünləri isə bizim güclü ordumuz var. Və biz bugünləri heç kimi qarşısında aciz durmayacağıq. Allah eləməsin bir şey olsa. Eyni zamanda tamamilə siz doğru vurğuladınız, məhz peşakar nöqteyi-nəzərindən bir neçə rollar vardı ki, mən ora gərək çox yüksək peşakar adamı dəvət edərdim. Məsələn, ana. İki dənə fərqli düşərgələrin nümyəndələrinin - həm Kommunistlərin, həm də demokratların liderlərinin anaları. Mən çox axtardım. Sözsüz ki, Azərbaycan aktyorları çox gözəldir, çox güclüdür. Amma kənardan bu rolu oynaya bilən adam mənə lazım oldu. Daxildən bu rolu oynaya biləcək bizim Azərbaycan aktirisalarımız, bir daha vurğulamaq istəyirəm onlar çox gözəldir, çox peşakardılar. Amma burda onlar bunu ürək ağrısı ilə oynayacaqdırlar. Ona görə ki, 20 Yanvarı yaşayıblar. Mənə lazım idi ki, kənardan güclü bir adam olsun onun heç vecinə də olmasın nə baş verib. Görürsünüz orda necə deyir: “Sən bu xalqın rəhbərisən. Sən bu xalqına cavab verməlisən”. Mənə bu lazım idi. Mən bunu göstərməli idim. Eyni zamanda biz bu filmdə tək gənclərimizi tərbiyə etmirik. Biz bu filmdə analarımızı da tərbiyə edirik ki, ana necə öz oğlunu göndərməlidir ki, get vətəni qoru. Evdə gizlətməməlidir ki, filankəsin oğlu, kasıbın uşağı getsin sən getmə. Xeyr. Müharibəyə zadəganların uşaqları gedər. Bizdə zadəgan varsa, döyüşə onların uşaqları birinci getməlidir. Onlar evlərində və xaricdə gizlənməməlidirlər. Zadəganlar gedir döyüşür. Ona görə ki, bu torpaq kiminidirsə, kim bunun yiyəsidirsə, o gedir öz torpağına görə vuruşur.

– Qayıdaq filmin sırf yaradıcılıq uğurlarına. Bildiyimə görə bu film hansı festivalda nümayiş etdirilibsə, ordan əliboş geri dönməyib. Filmin uğur göstəricisi sizin üçün festivallardan gələn mükafatlardımı? Yoxsa başqa uğur göstəriciləri də nəzərdə tutmusunuz? 

– Hesab etmirəm ki, ümumiyyətlə hansı bir uğuru ya mən, ya da bizim çəkiliş qrupu, aktyorlarımız qazanıb. Fikirləşirəm və inanıram ki, bütün uğuru qazanan Azərbaycan olub. Bütün bizim xalqımız, bütün bizim müstəqil dövlətimiz qazanıb. Və mən çox fəxr edirəm bununla ki, orda mənin zərrə qədər də olsa, rolum olub. Zarafat deyil 4 qitədə A katoqoriyalı festivallarda iştirak etdik və 4-də də ödül aldıq. Bu çox böyük bir qələbədir. Və mən bununla həm Azərbaycan kinomotoqrafının gücünü, həm də Azərbaycan kinomoto başlanğıcı kimi görürəm. Bu çox vacibdir. Azərbaycan kinomotoqrafiyası dünyada məhşur olmuşdur. 1892-ci ildə biz neft mədənləri haqqında film çəkmişdik. Bizim Rıza Təhmasibimiz, Seyidzadə, Tofiq Tağızadə və digər məşhur rejissorlarımız var. Və biz indi onların işini davm etdirməliyik. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, bizim müstəqilliyimiz dövründə, biz lazımı qədər diqqət yetirməmişik kinomotoqrafiyaya, kino endüsturiyasına. Bizə bu çox lazımdır. Bunun çox böyük tərbiyəvi xarakteri var. Sadəcə olaraq bədi filmlərlə bizim böyütdüyümüz, "Bürünc quş", hələ Azərbaycanın çox gözəl filmləri “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Bir cənub şəhərində” və digərləri. Baxın görün bu sizin dediyiniz nəsil necə formalışıb. Kimlər getdi vuruşdu vətən uğrunda. Kimlər getdi başlarını qoydu vətən uğrunda. O adamlar ki, bu filmlərin tərbiyəsilə böyümüşdürlər. İndi isə mənə elə gəlir ki, o filmlərim sayı azdı. Düşünürəm ki, inşallah bu ildən bəlkə bu sahəyə bir az diqqət çoxalar. Və bizə çox vacib olan filmlər yaranacaq. 

– Sizin belə bir planlarınzı varmı?

– Bizim belə bir planlarımz var və çoxdur. Sözsüz ki, bu planları biz həyata keçirmək üçün maliyyə dayanır. Ürəkdə, güc də, vaxt da lazımdır. Bugünləri Azərbaycandan çoxlu gənc rejissorlar yetişir. Gözəl aktiyorlar yetişib. Bunlarla işləmək lazımdır. Bunları qabağa çəkmək lazımdır ki, bütün dünya Azərbaycanı məhz bu sahədə də tanısın. Art sahəsində, mədəniyyət sahəsində. 

- Vahid bəy filmlə bağlı hər hansı bir tənqidi rəylər də eşitdinizmi? Və siz bunları necə qiymətləndirisiniz. Bunlat konstruktiv tənqid idi yoxsa… 

- Çox təəssüflər olsun ki, Azərbaycanda bugünləri kinomotoqrafiya sahəsində çox az kritiklər var – Aydın müəllim və digərləri var. Çox hörmət elədiyim rejissorlarımız var. Bizim var Eldar Quliyev, Oqtay Mirqasımov, Vaqif Mustafayev. Ondan sonra gənc rejissorlarımız var. Çox gözəl işlər ortaya qoyurlar. Bugünləri bizim kinostudiyamız var. Kinostudiyamızın gənc direktoru Müşfiq müəllim var. Bu sahədə işlər gedir və çox gözəldir. Amma tənqidçilərimiz doğurdan da azlıq təşkil edir. Amma hər bir yeni yaradıcılığı mütləq şəkildə tənqid lazımdır. 

– Sırf peşakarlıq baxımında müzakirələr oldumu? 

- Bilirsiz qeyri-peşakar. Bəzi ziyalılar çıxışlarında demişdilər ki, Vahid Mustafayev “Qanlı Yanvar” filmində Azərbaycanlıları olduğundan daha qeyrətli göstərib. Belə anlaşımayan şeylər. 

– Anlaya bilmirə, bu tərifdir, yoxsa tənqiddir. 

– Sadəcə olaraq onlara da bir mesaj göndərmək istəyirəm ki, mən olanları olduğu kimi göstərmişəm. Sadəcə olaraq yəqin bizim yerləşdiyimiz cəmiyyətimiz, dairəmiz fərqli olub. Mən başqa uşaqlarla öturub-durmuşam, onlar isə başqalarıyla oturub-durublar. O da ola bilər. Amma sözsüz ki,ümumilikdə film hamının xoşuna gəlib. Fəxr edirəm ki, bu missiya məhz mənim boynuma düşüb və mən onu yerinə yetirmişəm. 

– Təşəkkür edirəm maraqlı söhbət üçün və son bir sual, bu filmə bütövlükdə baxmaq imkanı nə vaxt olacaq? Çünki, bununla bağlı müraciətlər olur ki, filmə bütövlükdə ANS-in efirindən baxmaq mümkündürmü? 

– Mənə də bununla bağlı müraciət olunub. Bu bizim Azərbaycan xalqının bir az çevikliyindəndir. İstəmirlər ki, hər gün otursunlar serial şəklidə baxsınlar. İstəyirlər ki, filmə bütövlükdə baxsınlar. İki film var onlardan biri 5 seriyadan ibarətdir. Digəri isə tam metrajlı 132 dəqiqəlik filim. Amma biz festivallarda çıxış etməyə davam edirik. Məhz onun əsas tələblərindən biri odur ki, televiziyada film gərək nümayiş olunmasın. Yoxsa bizi festivallar buraxmayacaqlar. Ona görə də qarşıda bir neçə festival olduğuna görə, biz onu çox təəssüf ki, buraxa bilməyəcəyik. 

- Çünki mən bu gün o zövqu yaşadım. Həqiqətən o təəssürat yaşamaq nə qədər ağır da olsa belə. Açığı bir növbətçi baxışı olacaq. Çünki verlişə hazırlaşmaq üçün baxırdım buna. Və bütün hallarda buna baxmaq mənə lazım idi. Amma eyni zamanda film məni o qədər özünə aludə etdi ki, həqiqətən də mən bu filmdən zövq aldım. 

– Siz belə danışırsınzı insanlar, tamaşaçıların nifrəti yaranacaq mənə ki, sizin gördüyünüz filmi onlara göstərmirəm. Ona görə də mən ANS-in rəhbərliyindən xahiş edirəm ki, sabahdan tam metrajlı filmi göstərsinlər. Bu isə o deməkdir ki, biz festivalları itirəcəyik. Amma bu günləri 20 Yanvarda bunu bir növ hədiyyə etmək istəyirəm Azərbaycan xalqına. Onda sabah tam metrajlı filmi mən təqdim edəcəm ki, onu göstərsinlər, bütün Azərbaycan baxa bilsin ona.

- Təşəkkür edirəm. Hesab edəcəm ki, mən sizi təhdid edəndən sonra bu qərarı verdiniz.

- Mənim borcumdur. 

Bir daha təşəkkür edirəm.