PƏRVIZ HƏŞIMLIDƏN VƏKILLƏRDƏN IMTINA ETMƏSI TƏLƏB EDILIR

"Mətbuata açıqlamalara son qoyulmasa, sənə 7 il iş verəcəyik
MTN rəsmisi: "Biz vəkillərin şərhlərinə münasibət bildirmirik"

PƏRVIZ HƏŞIMLIDƏN VƏKILLƏRDƏN IMTINA ETMƏSI TƏLƏB EDILIR
Vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki, Pərviz Həşimlinin saxlanma şəraiti ilə bağlı narazılıqları qalmaqdadır. “Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək, Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə iddiaya Səbail Rayon Məhkəməsində növbəti həftə baxılması gözlənilir” – deyən vəkil bildirdi ki, Pərviz Həşimliyə təzyiqlər var. “Pərvizə təzyiq edilir ki, müdafiəçilərindən imtina etsin və onu hədələyiblər ki, müdafiəçilərə görə ona 7 il iş verəcəklər. Bildiriblər ki, özünün və vəkillərin MTN-ə qarşı çıxışlarına mətbuatda son qoyulsun. Həmçinin bildiriblər ki, mətbuatda çıxışlara son qoyulmazsa, ona hətta cəzaçıkmə müəssisəsinə köçürüldükdən sonra da təzyiq göstərəcəklər” – deyə Elçin Sadıqov bildirdi.
Qeyd edək ki, hazırda Pərviz Həşimlinin hüquqlarını 3 vəkil - Elçin Sadıqov, Bəhruz Bayramov və Yalçın İmanov müdafiə edir.
Məsələ İlə bağlı MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayevin mövqeyini öyrəndik. "Biz vəkillərin şərhlərinə münasibət bildirmirik" - deyən Arif babayev dərhal dəstəyi asdı.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.






Fikirlər