Dillər Universitetində COVİD-li tələbələrlə rektorluğun mübahisəsi... Necə həll etməli?

 

Ağa Cəfərli: “COVİD-ə yoluxduqları üçün dərslərdə iştirak etməyən tələbələrin qayıbları mütləq şəkildə nəzərə alınacaq”

img

Bildiyimiz kimi, ölkəmizdəki bir sıra universitetlərdə koronavirusa yoluxma halları geniş yayılıb və ali məktəblərin bir çoxu virus ocağına çevrilib. Təbii ki, koronavirusa yoluxan tələbələr müalicə dövründə evdə olurlar və təhsil müəssisəsinə getmirlər.

Yayılan məlumatlara görə, bir çox universitetdə yoluxma halları aşkarlansa da, həmin universitetdə təhsil alan tələbələrin qrupları distant təhsilə keçmir, yalnız tələbə distant təhsil alır. Şikayətçilərin sözlərinə görə, hər qrupda ortalama 10 tələbə olsa, bu da ortalama 10 potensial koronavirus daşıyıcısı deməkdir. Yoluxmuş tələbələrlə ünsiyyətdə olan müəllim və qrup yoldaşları hər gün ictimai ərazilərdə yüzlərlə insanla ünsiyyətdə olur və təhlükə yaradır. Sosial şəbəkələrdə, bəzi mətbuat orqanlarında yayılan məlumatlara görə, ən çox şikayət edilən ali təhsil müəssisəsi Azərbaycan Dillər Universitetidir (ADU). Tələbələrin iddialarına görə, onlara deyilib ki, dərsə gəlməsəniz sizə qayıb yazılacaq. Mətbuata görə, qayıb almaq və limitə düşmək qorxusunda olan tələləbə də, koronavirusa yoluxsalar da dərsə gəlməyə can atır ki, ona qayıb yazılmasın. Bu da ictimai yerlərdə virusa yoluxma təhlükəsini artırır. İddialara görə, hətta onlar arasında virusa yoluxmuş şəxslər hər gün dərsdə iştirak edir. Həmçinin tələbələrə bildirirlər ki, onlar illik ödənişi ödəmədikləri təqdirdə qayıb alacaqlar. İddialara görə, dərsə gəlməyən tələbələrə qarşı ADU sərt davranacağını deyib.

  • “Müəllim tələbənin dərsə hansı səbəbdən gəldiyini bilmirsə, təbii ona...”

ADU-nun mətbuat katibi Ağa Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, məsələ tələbələrin iddia etdiyi kimi deyil: “Tələbələrin iddiaları həqiqəti əks etdirmir. Bu mənada ki, onlara qayıb korona olduqlarına görə evdə qaldıqları üçün yazılmır. Qayda hər yerdə belədir ki, tələbələr dərsdə iştirak etmirsə, ona mütləq qayıb yazılmalıdır ki, kimin dərsdə iştirak etdiyi, kimin iştirak etmədiyi bilinsin. Müəllim tələbənin dərsə hansı səbəbdən gəlmədiyini bilmirsə, təbii ona qayıb yazır. Amma sonra o qayıbların hamısına baxılacaq və koronavirusa yoluxan tələbələrin qayıbları silinəcək. Yəni onların xəstəliyi mütləq şəkildə nəzərə alınacaq. Nəzərə alınacaq ki, bu tələbələr COVİD xəstəsi olub, ona görə də dərsdən qalıb. Bu məsələ ilə bağlı heç bir problem yoxdu. Sadəcə, ola bilsin ki, hansısa müəllim kimin dərsdə iştirak edib, kimin etmədiyini aydınlaşdırmaq məqsədilə qayıb yazıb, amma bunlar hamısı semestr vaxtı nəzərə alınacaq. Bunun nəzərə alınmaması mümkün deyil. Ümumiyyətlə, pandemiya dövründə onlayn imtahanlar zamanı tələbələrə güzəşt edilib. Tələbələrə indi də mümkün güzəştlərin hamısı ediləcək”.

A.Cəfərli qeyd etdi ki, dərsdən qalan tələbə COVİD-ə görə dərsdə iştirak etməyibsə, onun COVİD-ə yoluxduğunu təsdiqləyən sənədi olmalıdır. “COVİD-ə yoluxan tələbə gətirib universitetə arayış təqdim edəcək, məsələ də onunla həll olunacaq. Hər şey rəsmi sənədlə tənzimlənir. Bir daha deyirəm, COVİD-ə yoluxduqları üçün dərslərdə iştirak etməyən tələbələrin qayıbları mütləq şəkildə nəzərə alınacaq. Yəni COVİD-ə yoluxan tələbələrin gərginlik keçirməsinə, həyəcanlanmasına əsas yoxdur” - deyə A.Cəfərli bildirdi.

 






Fikirlər