Bakıətrafı qəsəbələrdə vəziyyət: “İNTER”in keçmiş stadionu sökülür, yerində bina tikilir

  "Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar" layihəsinin icrasına başlayır.

Bu layihə geniş çərçivəli olduğundan, onun tam həyata keçirilməsi 4 mərhələdən ibarət olacaq. İlkin mərhələdə Bakıətrafı qəsəbə və kəndlərdəki durumu araşdıracağıq. Sonrakı mərhələlərdə isə Azərbaycanın Cənub, Şimal və Qərb bölgəsində durum öyrəniləcək. Bakıətrafı qəsəbə və kənlərdə futbol ənənəsi, infrastrukturla, keçirilən yarışlarla, uşaq futbolunun vəziyyəti ilə bağlı ilkin məlumat vermək vacibdi. İlk yazıda da məhz bunu nəzərə almışıq. Bu bölgədə futbolun durumu ilə bağlı vəziyyəti "Bakı Kəndlər Futbol Federasiyası" İctimai Birliyinin sədri Vaiqf Davudovla söhbətdə dəyərləndirəcəyik.

Bakı kəndlərində futbol ənənəsi barədə

"Bakı kəndlərində futbolun ənənəsi olub. Hələ sovet vaxtlarında bu kəndlərin komandaları arasında yarışlar keçirilirdi. Özü də bu yarışlar çox maraqlı, gərgin idman mübarizəsi şəraitində keçirdi. Binə, Maştağa, Suraxanı kimi kəndlər arasında maraqlı yarışlar keçirilirdi. O vaxtlar mən "Məhsul"da oynayırdım. Sonra əsgərliyə getdim. Gəldikdən sonra isə oynamadım. Gördüm ki, artıq burda mənim futbol oynamağım mümkün deyil. Çünki bu iki il ərzində o qədər futbolçu yetişmişdi ki, mənə oynamağa yer olmadı. 1963-cü ildə Maştağada böyük futbolla yanaşı, futzal da inkişaf etmişdi. Hətta deyərdim ki, dünyada ilk futzal yarışları Maştağada keçirilib. Ələkbər Məmmədov da həmişə deyirdi ki, dünyada futzalın beşiyi Maştağadı. Hər ilin yanvar ayında indiki Əl Oyunları Sarayında futzal turniri keçirilirdi. Bakının 11 rayonunun komandası orda yarışırdı. Həmin yarışlara "Neftçi" də qatılırdı. Onlar SSRİ çempionatının oyunlarına hazırlaşmaq üçün həmin yarışda iştirak edirdilər. Mövsüm apreldə başlayırdı. "Neftçi" əvvəl həmin yarışda iştirak edir, sonra isə ölkədən kənarda təlim-məşq toplanışına yollanırdı. Həmin vaxt "Neftçi" Maştağanın komandasına uduzmuşdu. Oyun 5:3 Maştağa komandasının qələbəsiylə nəticələnmişdi. Oyundan sonra Əhməd Ələsgərov oyunçulara "qəsəbə komandasına uduzduz" demişdi. O vaxt kəndlər arasında yarışlar keçirildikdən sonra rayonlar arasında yarış təşkil edilirdi. Həm də, həftədə iki oyun keçirilirdi. Məsələn, həftənin cümə günü Masallı komandası gəlirdi Buzovnaya, bazar günü isə Buzovna yollanırdı Masallıya. Buzovnanın "Gənclik" komandası əvvəlcə ikinci dəstədə, sonra isə Azərbaycan çempionatında çıxış etdi. Bu komandada Əmircan, Maştağa, Binə kimi kəndlərdən də futbolçular çıxış edirdi. Hətta bu komandalardan çıxan futbolçulardan sonradan "Neftçi"də oynayanlar da oldu.

80-ci illərin sonlarında Nizami rayon rəhbərliyinin göstərişiylə "Azəri" komandasını yaratdıq. Bu komandayla SSRİ-də "Milyonlar kuboku"na qatıldıq. Bu kubokda Azərbaycandan "İnşaatçı", Bərdə təmsilçisi, bir də "Azəri" komandası iştirak edirdi. İlk mərhələdə "İnşaatçı"nı mübarizədən kənarlaşdırdıq. Sonra Moskvanın "Enerji" komandasıyla düşdük. Bu komanda əsasən, "Spartak"ın əvəzedicilərindən ibarət idi. Moskvada keçirilən ilk oyunda 0:3 hesabıyla uduzsaq da, burda - Suraxanıda 6:1 hesabıyla qalib gəldik. SSRİ dağılandan sonra Bakı kənd və qəsəbələrinin komandaları Azərbaycan çempionatında iştirak etməyə başladılar. Bu cəhətdən ilk addımı Maştağa atdı. "Azəri" komandası çempionatda iştirak etməyə başladı. Buzovnadan isə "Xəzri" komandası qatıldı. O vaxt Anatoli Banişevski də bizimlə birgə işləyirdi. Banişevski bir il "Azəri"də məsləhətçi kimi çalışdı. Sonradan isə o, bizimlə birgə kəndlərdəki oyunlara gedib baxırdı. Ölənə kimi bizimlə işlədi.

1993-cü ildən SSRİ dövründə keçirilən yarışları bizim federasiya keçirməyə başladı. 2002-ci ildə bütün ölkədə futbol olmayanda biz futbol yarışları keçirirdik. Çətin günlər idi. Ancaq bütün komandalar gəlib oynayırdılar. Özümüz meydançaları düzəldirdik".

Bakı kəndlərində infrastruktur

"Bu yaxınlarda gənclər və idman naziri Azad Rəhimov açıqlama verdi. O, idman məktəblərinin işinin gücləndiriləcəyini bildirdi. Bu məktəblərə idman ləvazimatları veriləcək. Burda həm də qeyd olunub ki, stadionlar da abadlaşdırılacaq. Mən bu barədə iki həftə əvvəl nazirliyə məktub göndərmişdim. Orda qeyd etmişəm ki, Maştağada 3 məktəb meydançası, Kürdəxanıda 1 böyük meydança, Lökbatanda 1 meydança abadlaşdırılmalıdı. Buna elə də böyük xərc lazım deyil. Torpaq meydança olsun, heç nə olmaz. Əsas odu, oynamağa yer olsun. Biz özümüz də sovet vaxtında torpaq meydançalarda oynayırdıq. Bu gün Zirədə, Suraxanıda, Şüvəlanda stadionlar var. Ancaq bu stadionlardan yerli uşaqlar istifadə edə bilmir. Bu stadionlar klublarındı. AZAL, "Zirə" kimi komandalar kəndləri təmsil etsə də, bu komandaların aşağı yaş qruplarında demək olar, yerli uşaqlar oynamır. Buna görə də yerli uşaqların məşq etməsi üçün meydançalar lazımdı. Ümid edirəm ki, nazirin son çıxışından sonra kəndlərdəki meydançaların abadlaşdırılması istiqamətində işlər görüləcək. Bu gün meydançası olmayan kəndlərin uşaqları məşq üçün Mərdəkana gəlirlər. Çoxunun gəlməyə imkanı yoxdu. Ancaq yerlərdə meydançalar olsa, orda məşğul olarlar.

Vaxtilə Zabrat stadionunda oyunlar keçirilirdi. Bu stadion "İnter" klubunun sərəncamında idi. Sonradan komanda stadionu satdı. İndi stadion sökülərək yerində bina tikilir". 

Uşaq futbolunun hazırki durumu və kadr problemi

"Bakı kəndlərində həmişə yaxşı futbolçular yetişib. İndi də yetişir. Ancaq burda yetişən oyunçuları klublar oğurlayırlar. Heç bir ödəniş etmədən, futbolçuları havayı götürürlər. Baxmayaraq ki, yerli komandalarla müqaviləsi var. Valideynləri gəlir, xahiş edir, biz də pulsuz buraxırıq. Yazıq məşqçilər bu oyunçuları yetişdirir, ancaq bu oyunçuları yetişdirdiklərinə görə heç bir şey əldə etmirlər. Biz bəlkə də, futbolda havayı işləyən yeganə insanlarıq. AFFA bizim komandalarda çalışan məşqçilərə maaş verir. Ancaq federasiya bizim yetişdirdiyimiz hər uşağa qiymət qoyub - 1000 manat. Bu, düzgün deyil. Elə oyunçular var ki, onun qiyməti nəinki 1000, 30-40 min manatdı. Bu gün Azərbaycan klubları xaricdən gələn futbolçulara minlərlə manat vəsait xərcləyirlər. Yaxınlarda "Qəbələ" bizim "Xəzri"dən bir oyunçunu istəyirdi. Amma deyirlər ki, oyunçuya görə verməyə pulumuz yoxdu, sonra verərik. AFFA deyir ki, istəyirlərsə, verin. Mən də sonda oyunçunu havayı "Təhsil"ə verdim ki, həm təhsilini alsın, həm də futbolçu kimi yetişsin.

Bakıda 5 yaxşı uşaq məşqçisi var: Elxan Nəsirov "Vətən" klubunda - Əmircanda işləyir, "Sumqayıt"da çalışan Vaqif Paşayev, "Xəzri"də çalışan Teymur Əsgərov, hazırda "Qəbələ"də seleksiyaçı kimi çalışan Böyükağa Ağayev və onun köməkçisi İsmayıl. Uşaq məşqçisiylə bağlı ciddi problemlər var. İdman müəllimlərinə komanda tapşırırlar. Belə olmaz.

Hazırda bizdə uşaq komandaları fəaliyyət göstərir. "Xəzri" komandası da onlardan biridi. Bu komanda vaxtilə çempionatda oynayan "Xəzri"nin davamçısıdı. Ancaq burda böyüklərdən ibarət komanda fəaliyyət göstərmir. Burda yaxşı uşaqlar yetişir. Bu yaxınlarda "Vətən"ə bir neçə oyunçu vermişik.

1998-ci ildən 2000-ci ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının nəzdində kurslar təşkil edirdim. O vaxt bir neçə məşqçi yetişdirmişdik. Lakin sonradan bunu etmək mümkün olmadı. İndi də burda yaxşı məqşçilər var. Onlar yerli komandalarda məşqçilik edirlər. Elə uşaqlar da var ki, vaxtilə burda futbol oynayıb, ancaq sonradan imkansızlıqdan futboldan gedib. Bu məşqçilərin AFFA-nın təşkil etdiyi kurslara qatılmağa imkanı yoxdu. Neçə dəfə klublara demişəm ki, həmin məşqçilərə iş versinlər. Bir neçəsi klublarda çalışır, ancaq işsiz olanları da kifayət qədərdi. Onlara şərait yaradılsa, bacarıqlı məşqçilərdi".

Qəsəbələrdə əhalinin və iş adamlarının futbola marağı

"Bakı kəndlərində futbola maraq həmişə olub. Sovet dövründə keçirilən yarışlarda anşlaq olurdu. Müstəqillik illərində də "Xəzri"nin oyunlarına azarkeşlər gəlirdi. Ancaq sonradan burda komandalar dağıldıqdan sonra azarkeşlər futboldan bir qədər soyudular. Amma indinin özündə belə, yerli çempionatlara maraq böyükdü. Vaxtilə sovet dövründə Maştağada yanvar ayında keçirilən yarışlara xeyli insan gəlirdi. Havanın soyuq olmasına baxmayaraq, azarkeşlər bütün oyunları izləyirdilər. Elə ötən ilin sonlarında Binədə keçirilən superkubok oyununa da xeyli azarkeş gəldi. Mən deyərdim, hətta Premyer Liqa oyunlarının bir çoxuna o qədər azarkeş gəlmir. Burda oyunlar keçiriləndə həmişə polisə müraciət edirəm ki, gəlsinlər, asayişi qorusunlar. Çünki oyunlar çox gərgin keçir. Burda komandalar yaradılsa, insanlar yenə gəlib doğma kəndlərinin komandalarına azarkeşlik edərlər.

Yerli iş adamlarından bir neçəsi kömək edib. Ancaq deyərdim ki, bu elə də ciddi kömək deyil. Məsələn, bir nəfər Banişevski turnirində mükafatların alınmasında kömək edib".

Bakı kəndlərində keçirilən turnirlər

"Biz il ərzində bir çox turnirlər keçiririk. Elə axrıncı dəfə Anatoli Banişevskinin 70 illiyinə həsr olunmuş turnir təşkil etdik. Amma bu turnir mənim ürəyimcə olmadı. Çünki burda ancaq yerli komandalar çıxış etdi. Turnirin yüksək səviyyədə təşkili üçün gərək ölkə xaricindən də komandalar cəlb ediləydi. Turnir ya milli komandalar arasında, ya da xarici klubların iştirakıyla olsaydı, daha effektli olardı. Əvvəl keçirdiyimiz bu cür turnirlərə Türkmənistandan, Gürcüstandan komandalar qatılırdı.

Mənə deyirlər ki, həvəskarlar liqasına komanda göndər. Necə göndərim? Həvəskarlar liqasında çıxış etmək üçün az da olsa maliyyə vəsaiti lazımdı. Ancaq buna baxmayaraq, bu il keçirdiyimiz yarışda ilk üç pilləni tutan komandaları - "Qobustan", "Ələt" və Buzovnanın "Gənclik" komandasını həvəskarlar liqasına göndərdik.

Biz əsasən, aşağı yaşlılar arasında turnirlər keçiririk. Çünki böyüklər arasında yarışlar keçirməyə imkan olmur. Amma Gənclər və İdman Nazirliyi tərəfindən kəndlərdəki meydança problemi həll edilsə, böyüklər arasında da kəndlərarası yarış keçirməyi planlaşdırıram. Bundan əlavə, məktəb stadionları qaydasına salınsa, məktəblərdə də yarışlar keçirmək istəyirəm. Hər bazar günü - dərs olmayan günlərdə yarışlar keçirmək mümkündü. Belədə, kütləvilik təmin edilər. Nə qədər çox kütləvilik təmin edilsə, futbol bir o qədər çox inkişaf edər. Uşaqlar daim oynamalıdılar. 5-10 günlük turnirlər keçirməklə inkişafa nail olmaq olmaz.

Turnirlərin təşkiliylə bağlı problemlərdən biri də hakimlik məsələsidi. Vaxtilə İmanxan Sultani, Əfqan Həmzəyev və Fariz Yusifov kimi hakimlər kənd komandalarının oyunlarını idarə edərək püxtələşiblər. Ancaq indi oyunlara hakim göndərilərkən çətinlik yaradırlar. Hakimlər Komitəsi bu yarışlara hakimləri göndərməlidi ki, onlar təcrübə toplasınlar". 

AFFA və klubların Bakı kəndlərində futbola dəstəyi

"AFFA az-çox dəstək verir. 2009-cu ildə Rövnəq Abdullayevlə tədbirlərin birində danışdım. Ona problemlər barədə məlumat verdim. O da bu işi baş katib Elxan Məmmədova tapşırdı. Elxan Məmmədov sağ olsun, bizə Şağan olimpiya idman kompleksinin stadionunda məşq etmək üçün şərait yaratdı. Oranın və məşqçilərin maaşını məhz AFFA verir. Bundan əlavə, uşaqlara top və forma da verirdilər. Ancaq keçən il bizə forma verilmədi. Səbəb kimi isə maliyyə vəziyyətinin yaxşı olmadığını göstərdilər. Bizim "Xəzri" komandası - hansı ki, burda digər kəndlərdən də uşaqlar oynayır, məhz burda məşq edirdi - Mərdəkandakı "Dalğa Arena" tikildikdən sonra bura köçdü. Hazırda da burda məşq edirik. Bundan əlavə, Binə stadionunda da yerli uşaqlara məşq etmək üçün şərait yaradılıb. Ancaq kütləviliyin təmin edilməsi üçün bu kifayət etmir.

Klublardan demək olar heç bir kömək olmur. Vaxtilə biz "Bakı" klubuna çox oyunçu vermişik. Nurlan Novruzov, Mahir Mədətov kimi oyunçular məhz kənd çempionatlarında oynadıqdan sonra "Bakı"ya yollanmışdılar. Biz bu oyunçuları kluba havayı verirdik. "Bakı"nın prezidenti Hafiz Məmmədov bizim işimizi asanlaşdırmaq üçün bizə avtobus vermişdi. Avtobusun ayrılması işimizi çox asanlaşdırdı. Digər kəndlərdən gələn uşaqların nəqliyyat problemi həll edilmişdi. Ancaq sonradan Hafiz müəllimin maliyyə vəziyyəti pisləşdi. Artıq avtobusumuz da yoxdu".

Şərait olsa, nə əldə etmək olar?

"Buzovna, Binə, Maştağa, Əmircan, Suraxanı - bu kəndlər futbolda Bakının ürəyidi. Bu kəndlərdə futbol inkişaf etdirilsə, çox şeyə nail olmaq olar. Bundan sonra əsas iş bələdiyyələrin və icra hakimiyyətlərinin üzərinə düşür. Prezidentin də bununla bağlı sərəncamı var. Şərait yaradılsa, hər il yaxşı oyunçular verə bilərik. Məsələn, son 6 ildə idman məktəblərinə, klublara 45-50 futbolçu vermişik. İndi də kənd komandalarında oynayan elə oyunçular var ki, birinci divizionda oynayan futbolçulardan qat-qat güclüdü. AFFA tərəfindən yaxşı şərait yaradılsa, daha çox işlər görmək, güclü oyunçular yetişdirmək mümkündü".

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.






Fikirlər