“Azərbaycanda TURİZM sektorunun inkişafı üçün KAZİNOLARIN açılması şərtdir?”

bitmap-img6

Çingiz Qənizadə: “Öz ölkəmizin vətəndaşları üçün kazinoları qapalı elan edib kazinoların açılmasına icazə verilsə, yaxın ölkələrdən Azərbaycana axın ola bilər və kazinolarda öz maraqlarını həyata keçirə bilərlər”.

 

 
“Biz Azərbaycan vətəndaşı olaraq bölgələrə çıxanda görürük ki, bölgələrimizdəki qiymətlər Avropadakı qiymətlərlə eynidir və Avropa qiymətlərinə nəqliyyat xərcləri də aiddir”.
Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə son zamanlar Azərbaycanda turizmin inkişafının təminatı üçün kazinoların qanuniləşdiriləməsi haqqında fikirlər PİA.AZ-a şərh edərkən deyib.
Qeyd edək ki, son zamanlar bəziləri Azərbaycanda turizmin inkişafının təminatı üçün kazinoların qanuniləşdiriləməsi haqqında fikirlər səsləndirirlər. Bir neçə gün əvvəl isə Vergilər nazirinin müavini Sahib Ələkbərovda bu təşəbbüsü şərh edərkən bildirib ki, o şəxsən ölkədə kazinoların açılmasını istəməsə də, hətta böyük otellər belə Azərbaycanda gəlirsiz işləyir. 
Bəs Azərbaycanda turizm, həmçinin otel sektorunun inkişafı üçün kazinoların açılması şərtdir, yoxsa hökumət turizm sektorundakı yüksək qiymətləri ən azı 50 faiz aşağı salmalıdır?


Çingiz Qənizadə: “Dövlət müəyyən güzəştli addımlar atmalıdır ki, otel, biznes və müəyyən xidmət sahibləri bu xidmətləri istər-istəməz dövlətin etdiyi güzəşt hesabına aşağı sala bilsinlər”.

Bu suallarla PİA.AZ-ın əməkdaşı millət vəkili Çingiz Qənizadəyə müraciət edib. Millət vəkili qeyd edib ki, öz ölkəmizin vətəndaşları üçün qapalı edib kazinoların açılmasına icazə verilsə, yaxın respublikalardan insanlar gələ bilər və kazinolarda öz maraqlarını həyata keçirdə bilərlər:
“Ümumiyyətlə bu məsələyə kompleks yanaşmaq lazımdır. Turizmin inkişafı üçün təkcə kazino və otellərlə deyil, həm də ölkədə müəyyən görməli və gəzməli yerlər abadlaşdırılmalı, xidmət sahəsi yaxşılaşdırılmalıdır. Mən əvvələr də demişdim ki, ölkədə müəyyən məsələlərə xidmət edən insanlar, (yəni iaşə və xidmət sektorunda xidmət edən insanlar), ən azından peşə təhsili almalıdırlar. Ən azından bütün iaşə və xidmət sektorunda müştəri məmnuniyyəti deyilən təfəkkür formalaşmalıdı. Bunun üçün biz Türkiyədən müəllimlər dəvət qdə bilərik ki, bizim turizm sektorunda çalışanlara xidmət qaydalarını öyrətsinlər. Yəni bu gün əli, boynu çirkli, evdən gəldiyi paltarla kimsə yol boyu kafelərdə, restoranlarda xidmət göstərsə, bu ölkəmizə gələn turistlərə o qədər də xoş təsir bağışlamayacaq. 
Təbii olaraq hər şey paralel olmalıdır. Otellərin də qiymətinin aşağı salınması məqsədə uyğun olardı. Biz Azərbaycan vətəndaşı olaraq bölgələrə çıxanda görürük ki, bölgələrimizdəki qiymətlər Avropadakı qiymətlərlə eynidir və Avropa qiymətlərinə nəqliyyat xərcləri də aiddir. Bu da heç öz vətəndaşlarımıza da sərf etmir. Yəni öz ölkəmizdə gedib hansısa bölgəni gəzmək üçün xeyli vəsait xərcləməli oluruq. Bu problemlər ortadan qaldırılmalıdır. Bunun üçün də dövlət müəyyən güzəştli addımlar atmalıdır ki, otel biznesi və müəyyən xidmət sahibləri bu xidmətləri istər-istəməz dövlətin etdiyi güzəşt hesabına aşağı sala bilsinlər. 

Çingiz Qənizadə: “Vaxtı ilə ulu öndər Heydər Əliyev bu sahəyə qadağa qoyub. Amma yenə də bu sahəyə qayıtmaq nə qədər effekt verəcək bu iqtisadçıların işidir”.

Kazinoların açılmasına gəlincə isə mən heç vaxt bu məsələ üçün birmənalı hə, ya da yox deməmişəm. Məsələn bəzi ölkələr var ki, orada kazinolar fəaliyyət göstərir. Amma orada elan asırlar ki, həmin ölkənin vətəndaşları, ümumiyyətlə tələbələr və 18 yaşdan aşağı olanlar buraya girə bilməz. Yəni öz ölkəmizin vətəndaşları üçün kazinoları qapalı elan edib kazinoların açılmasına icazə verilsə, yaxın ölkələrdən Azərbaycana axın ola bilər və kazinolarda öz maraqlarını həyata keçirə bilərlər. Amma hər-halda bu düşünülmüş bir plan olmalıdır. Vaxtı ilə ulu öndər Heydər Əliyev bu sahəyə qadağa qoyub. Amma yenə də bu sahəyə qayıtmaq nə qədər effekt verəcək bu iqtisadçıların işidir”.

 






Fikirlər