Xocalı soyqırımına hörmətsizlik edən şou-biznes NÜMAYƏNDƏLƏRİ… – ADLAR

Hər ilin bu günü dünyanın bir çox ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunur.

Dünya azərbaycanlıları hamılıqla əlindən gələni etməklə dünyaya səsimizi çatdırır və diqqəti qanlı hadisəyə yönəldir. Lakin bəzi şou-biznes nümayəndələri tarixi gün ərəfəsində atdığı mənfi addımları ilə yadda qalıb.

Onlar Xocalı soyqırımına qarşı hörmətsizlik edərək konsert proqramlarını təxirə salmağı özlərinə borc bilməyiblər. Əksinə “nə qədər çox oxusaq, o qədər çox pulumuz olar” prinsipi ilə bu qanlı hadisədə işlərinə davam ediblər.

Minval.info-nun kiçik araşdırma zamanı məlum olub ki, bu müğənnilərin arasında ölkənin ən sayılıb-seçilən müğənnilərinin adları yer alıb. Belə ki, 27 fevral 2012-ci il tarixində Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, aktyorlar Rafael və Coşğunun çıxış edəcəyi konsert proqramı planlaşdırılmışdı.

Bəzi təşkilatlar konfrans keçirərək onların Xocalı soyqırımı gününün ertəsi günü səhnəyə çıxmasına etirazlarını bildiriblər. Lakin konsertin baş tutması barədə məlumat əldə edə bilməsək də, bunu planlaşdırmağı belə şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul etmək olar.

Bundan başqa Xocalı soyqırımı günü -26 fevral tarixində Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva, Aşıq Zülfiyyə İbadova İsrailin Hayfa şəhərində konsert verib. Adıçəkilənlərin bu addımı ictimaiyyətin haqlı narazılığına səbəb olub.  Hətta Dünya Azərbaycan Konqresi (DAK) Azərbaycan nümayəndəliyi bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edərək məsələ ilə əlaqədar ölçü götürülməsini istəyib.

Halbuki qardaş Türkiyənin şou-biznes nümayəndələri hər il Xocalıda dünyasını dəyişənlərin xatirəsini yad etməyi unutmurlar. Onlar sosial şəbəkə hesablarında bu günlə əlaqədar paylaşımlar edirlər. Dünyaca məşhur Tarkan Tevetoğlunun 2014-ci il fevralın 22-24-də təşkilatçılar tərəfindən Azərbaycanda keçirilməsi planlaşdırılan konsertlərindən imtina etməsini də buna misal gətirmək olar.






Fikirlər