Əməkdar artisti şikəst edən həkimə - Cinayət işi açıldı


 

“MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ NECƏDİRSƏ, SƏHİYYƏ NAZİRLİYİ DƏ O GÜNDƏDİR” 


Əməkdar artist Əli Nur 1 saylı Klinik Tibbi Mərkəzi məhkəməyə verir. 
Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. 

O, bildirib ki, buna səbəb mərkəzin həkimi, Əli Əhməd oğlu Səmədovun yanlış müalicəsi nəticəsində əmək qabiliyyətinin 10 faizini itirməsidir: “Martın 19-da rejissor Mərahim Fərzəlibəyovla birlikdə 65 nömrəli avtobusa minəndə arxadan bir taksi bizi sıxdı. İkimiz də yıxıldıq. Ayağa qalxanda baxdım ki, barmağımdan qan axır. Oradan bir başa klinikaya getdim. 30 ilin cərrahı barmağımı rentgen etməmiş sarıdı. Barmağımın rentgen edilməsini tələb etsəm də, həkim buna əhəmiyyət vermədi. “Burada heç nə yoxdur, adi bir çapıq var” deyib barmağıma tikiş atıb sarıdı. Dedi 10 gündən sonra gedərsən sahə həkiminə tikişi sökdürərsən. Getdim evə, gecəni səhərə kimi yatmadım, ağrıdan qovuruldum. Axırı bir neçə gündən sonra ağrılara dözməyib yenidən poliklinikaya getdim. 10 gün müalicə etdilər, amma barmaq günü-gündən şişir, qaralırdı. Həkim barmağımı rentgen edəndə dedi ki, barmağım “qanqrena” olub, kəsilməlidir. Sən demə, oynaq qırılıb, orada qan yığılıb. Həkimin səhvinə görə 5 saat əməliyyatda qaldım”. 

Aktyor vurğulayıb ki, əməliyyatdan bir neçə gün sonra özünə gəlib 1 saylı Klinik Tibbi Mərkəzin baş həkiminin yanına gedib: “Dedim ki, sizin 30 ilin cərrahı mənim barmağımı şikəst edib. Barmağım şikəst olub, hərəkət eləmir. Dedi ki, “olub da, neynəyək?”. Deyirəm onu cəzalandır, deyir “bizlik deyil, hadisədir də”. Görün bunlar nə qədər səhlənkardır. Dedim ki, sizdən şikayət edəcəm. Qayıtdı ki, “get elə də, neyləyəcəklər mənə”. Bu həmin xəstəxananın baş həkimi Soltanın dediyi sözlərdir. Görün bunlar neçə adamı mənim kimi şikəst ediblər. Bu qədər qudurğanlıq, özbaşınalıq olar, insanların taleyi ilə oynayırlar. Baş həkim nə qədər qudurub?”

Ə.Nur qeyd edib ki, onun şikayəti əsasında məsələ ilə bağlı Cinayət Məcəlləsinin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb: “Dünən prokurorluğa çağırmışdılar. Dedilər ki, sənədləri gətir, araşdırılsın. Dedim ki sənədləri gətirdim, guya, o həkimə neyləyəcəm, barmağım şikəstdir, düyməmi açıb-bağlaya bilmirəm. Mədəniyyət və Turizm Nazirliyi necədirsə, Səhiyyə Nazirliyi də o gündədir. Mən necə danışmalıyam bu həkimlə? Bu qədər insanı o şikəst edib. Gedim həkimi vurub öldürüm? Mən bunlardan necə qisas alım? Bu qədər səhlənkarlığına baxmayaraq, yenə də həmin həkim vəzifəsində qalıb, insanları şikəst etməkdə davam edir. Buna görə də mən həm də məhkəməyə müraciət edəcəm”. 






Fikirlər