“İlhamə məndən 45 MİN MANAT TƏLƏB ETDİ”

 “İlhamə məndən 45 min manat tələb etdi”Həbsdə olan sabiq köməkçisindən xalq artistinə növbəti ittihamlar

 

İlhamə Quliyevanın həbs etdirdiyi keçmiş köməkçisi Mehriban Hüseynova “Yeni Müsavat” qəzetinə müraciət yollayıb. O məktubunda yazır: “Mənim əvvəlki müraciətimə dəstək olan hörmətli millət vəkili Çingiz Qəınizadəyə, vəkil Aslan İsmayılova, sevimli müğənnilərimiz Aygün Kazımovaya, Flora Kərimovaya, Elza Seyidcahana, Nazpəri Dostəliyevaya, bütün media nümayəndələrinə və məni dəstəkləyən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, mənim haqq səsimə səs verirsiniz.
 
İlhamə Quliyeva oğlu adlandırdığı Orxan və onun dostu Vüqarın məsləhəti ilə məni dərhal həbs etdirmək üçün müəyyən vəzifəli şəxslərə birbaşa sifariş vermişdi. Məni saxlayanda bildirdim ki, İ.Quliyeva mənə bıçaqla xəsarət yetirib, buna heç məhəl də qoymadılar. Əksinə, məni “press” etməklə hədələdilər. Müstəntiq mənə bildirdi ki, “qızın və ya həyat yoldaşın zəng edib İlhamə Quliyeva ilə danışıb xahiş etsinlər, əgər o özü icazə versə səni buraxarıq. Əslində biz də səni həbs etmək istəmirik”. Və mənə şərait yaratdılar, həyat yoldaşımla telefonla danışıb məsələni ona dedim. Həyat yoldaşım İ. Quliyeva ilə danışıb bir böyük kimi bu işi mehribançılıqla həll etməyini xahiş edib. O isə ya 45 min manat pul, ya da mənim həbsimin seçimini təklif edib. Sonra qızım İ. Quliyevaya zəng etdikdə o, qızımı hədələyərək təhqir edib. Onun pul təklifini qəbul etmədiyimizə görə mən həbs edildim. Bir daha sübut edildi ki, İ. Quliyeva istədiyi adamı şantaj edir, pul mənimsəmək məqsədilə şərləyərək təzminat alır. Əks halda qnun keşiyində dayanan “dostlarına” sifariş etməklə həbs elətdirir.
Bəs İ.Quliyevanın özünün törətdiyi çirkin əməllər və cinayətlər niyə ört-basdır olunur? Mənə qarşı törətdiyi cinayət əməllərini bir daha bir-bir nəzərinizə çatdırıram: müqaviləsiz işə götürüb, işlədiyim 3 ayın əmək haqqını verməyib, yoldaşıma “onu öldür, arxanda mən dayanıram” deməyi, bizdən 45 min manat pul tələb etməyi, bıçaqla məni yaraladığı gün qanunsuz olaraq gecə saat 1-ə qədər məni evində dustaq saxlaması, 2 gün sonra guya barışıq üçün Kəmalənin əlilə məni evinə çağırıb. Özü üçün ailə məhkəməsi quraraq mənim etmədiyim əməlləri boynma almağımı tələb etməyi, qarşısında diz çökdürərək, keçmiş mətbuat katibi və imkanlı müğənnilərdən ona məlumat verən Faiq Ələkbərli tərəfindən telefona çəkdirməyi, şərəf və ləyaqətimi alçaldaraq həmin süjeti ATV kanalında hüquqlarımı pozaraq yaymağı cinayət əməlidir. Bu da azmış kimi məni güddürərək bir neçə gündən sonra gecə saat 2 radələrində yaşadığım binanın qarşısında Orxan və Vüqarla üstümə soyuq silahla hücum etmələri də reketlikdir. Bunlar yüzlərlə insanın gözü qarşısında olub. 5-ci bölmənin də bu haqda yazılı raportu var. Bu sübutlar azdır ki, İ.Quliyevanı nə istintaqa cəlb edir, nə də barəsində cinayət işi açılmır?  İstintaq onun həmin ərəfədəki telefon danışıqlarını araşdırarsa həqiqəti ortaya çıxarda bilər. Görünür onun sifarişlərini yerinə yetirən “dostlarına” bu həqiqət sərf eləmir.
İ.Quliyevanın başıma gətirdiklərindən ürəyi soyumayıb, hələ üstəlik məni atamın, anamın və şəhid qardaşımın da məzarını təhqir etdi. Bunlara dözməyən böyük bacım mənim həbsimdən sonra dünyasını dəyişdi. Mənim bir qardaşım Qarabağ döyüşlərində əlil, bir qardaşım da şəhid oldular ki, İ.Quliyevaya havadarlıq edənlər bizə qarşı bu qədər haqsızlıq etsinlər? Bu qədər dəlil-sübuta niyə göz yumulur? Açıq-aşkar qanunları pozaraq insanların taleyilə oynayırlar. Dəfələrlə ev dustaqlığı üçün vəsatət qaldırsaq da, təmin edilmir. Mən bir daha möhtərəm prezidentimizə, baş prokuror Zakir Qaralova, millət vəkillərinə, media nümayəndələrinə və xalqımıza müraciət edirəm. Bir şəhid bacısı kimi sizlərdən xahiş edirəm İ.Quliyevanın şər və böhtanından xilas edərək mənim azadlığıma dəstək olasınız".

 






Fikirlər