“Cabbar Qaryağdıoğlu əsəbləşib Üzeyir bəyin 10 MİN manatından imtina etdi”

“Yada düşər xatirələr” rubrikasından növbəti yazını təqdim edir.

Bu dəfə Azərbaycan musiqi tarixinin ən parlaq simalarından biri Cabbar Qaryağdıoğlu ilə bağlı iki xatirəni sizlərlə bölüşəcəyik.

Azərbaycan xalq musiqisinin araşdırıcısı Firudin Şuşinksinin dövrümüzə qədər qoruyub saxladığı bu xatirələr özü-özülüyündə çox maraqlı və aktualdır. Onlardan biri məşhur xalq mahnısı kimi bilinənən “İrəvanda xal qalmadı” mahnısının necə yaranması ilə bağlıdır:

“İrəvanda xal qalmadı” necə yarandı?
İrəvanın varlı adamlarından biri Cabbar Qaryağdıoğlunu oğlunun toyuna dəvət edir. Toyun axırıncı gecəsi qaydası üzrə bəy tərifi olmalı idi. Xanəndə də qayda üzrə bəyi tərif etməyə başlayır.
Bu zaman qızın atası narazı şəkildə xanəndəyə deyir:
-Bəs, mənim qızımı niyə tərifləmədin?
Cabbar belə gözlənilməz sualdan özünü itirməyib cavab verir:
-Əmioğlu, adət belədir, toyda gəlini yox, bəyi tərif edərlər.
Qızın atası:
-Niyə, gəlinin bəydən nəyi əskikdir?
Qızın atasının bu sözlərini eşidən məclis əhli gülüşür. Lakin Cabbar Qaryağdıoğlu qızın atasının pərt olduğunu nəzərə alıb dillənir:
-Yaxşı, iş ki, belə oldu, gəlini məclisə gətirin, mən də onu görüm, tərif edim.
Cabbarın bu sözündən qızın adamları hirslənir:
-Belə adət yoxdur ki, qızı məclisə dəvət edəsən!- deyə qızın atası da hirslənir.
Cabbar çox sakit və mülayim halda cavab verir:
 
-Onda qızın nişanələrini deyin, mən də ona mahnı qoşum.
Deyirlər ki, qızın üzündə qoşa xal var və s. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimova müraciətlə:
-Qurban, tarı götür, gəl dalımca.
Qaryağdıoğlu bədahətən sonradan hamıya yaxşı tanış olacaq bu mahnının bəstələyir:
“İrəvanda xal qalmadı
O xal nə xaldı, üzə düzdürmüsən?
De görüm nə xaldı, qoşa düzdürmüsən?”
Bu mahnı sonralar bütün İrəvanda məşhurlaşdı. Mahnının yaranması ilə bağlı başqa fərziyyələr də var. Məlumdur ki, İrəvan bizim qədim tarixi torpağımızdır. Bu mahnının qərbi Azərbaycandan minlərlə həmvətənlərimizin sürgün edilməsi zamanı yazılma ehtimalı da var: Cumhuriyyət dönəmində Zəngəzurla birgə, İrəvanın məcburi şəkildə düşmənə verildiyini zaman bu mahnı ağrını əks etdirmək üçün xalq tərəfindən qoşulub.
Amma daha real versiya məhz Cabbar Qaryağdıoğlu ilə bağlıdır. Məhz onun ifasından sonra bu mahnı bütün İrəvanda məşhurlaşıb.
Cabbar Qaryağdıoğlu Üzeyir bəyə əsəbləşdi
İkinci xatirəni isə professor Bülbül danışıb. Bir gün Azərbaycan Milli Konservatoriyasının binasında 3 böyük insan - Üzeyir bəy, Müslüm Maqomayev və Bülbül kabinetdə oturaraq Cabbar Qaryağdıoğlunu gözləyirmişlər:
“Cabbar şəxsi mənafeyi üçün yox, xalq üçün oxuyurdu. Buna görə də, onu pul və dövlət maraqlandırmırdı. 1934-cü ilin sonunda Cabbar əmi 200-dən yuxarı mahnı və təsnifi fonovalik vasitə ilə oxudu. Bunun üçün konservatoriya ona, o vaxtın pulu ilə 10 min manat qonarar verməli idi.
Bir gün Üzeyir bəy və Msslüm Maqomayevlə birlikdə konservatoriyada kabinetdə oturmuşduq. Üzeyir bəy Cabbar əminin dalıyca adam göndərdi.
Cabbar əmi içəri daxil olanda hamımız ayağa qalxdıq.
-Üzeyir bəy, xeyir ola?
-Cabbar əmi, bilirsənmi, konservatoriyadakı zəhmətin üçün sənə 10 min manat pul verilməlidir.
Cabbar əmi təəccüblə çiyinlərini çəkdi:
-Üzeyir bəy, nə zəhmət, nə pul? Heç kəs mənə bir qəpik də borclu deyil.
Mən söhbətə qarışıb dedim:
-Cabbar əmi, sən bizim elmi kabinəyə 220 mahnı və təsnifin həm mətnini, həm də musiqisini vermisən. Buna görə də sənə zəhmət haqqı verilməlidir.
Mən sözümü qurtarmamış qoca əsəbiləşdi. Cəld qəlyanını tənbəki ilə doldurub, bir qurtum çəkdikdən sonra narazı halda dedi:
-Canım, ayıb deyil? Bəs mənə nə deyərlər?! Belə iş olar ki, 60 il müddətində xalqdan öyrəndiyim və topladığım mahnıları təzədən oxuyub xalqa satam? Xalqın malını oğurlamaq olar?!
Söhbətə qarışan Müslüm Cabbar əmini sakitləşdirdi:
-Cabbar əmi, incimə. Biz də bilirik ki, bu mahnılar xalqındır. Axı sən əziyyət çəkmisən, yenidən onları işləyib, xalqın xəzinəsinə vermisən. Buna görə də, biz qərara gəldik ki, sənə zəhmət haqqı verək.
Cabbar əmi bu dəfə daha da əsəbləşdi. Üzünü Maqomayevə tutub dedi:
-Çox sağ ol, Müslüm bəy,- dedi, - heç səndən gözləməzdim. Mən bu qoca vaxtımda xalqın malını oğurlaya bilmərəm. Mən o mahnıları pul üçün oxumamışam. 60 ilə 500-ə qədər mahnı toplamışam və bu gün xoşbəxtəm ki, heç olmasa onların 300-ə qədərini sizin köməyinizlə yazdıq.Bu mənim həm sənətkarlıq, həm də vətəndaşlıq borcumdu.
Cabbar əmi ayağa durub bizimlə sağollaşdı. Qapını açıb çıxmaq istəyərkən Üzeyir bəyə dedi:
-Üzeyir bəy, təvəqqe edirəm, bir də məni belə işlərdən ötrü çağırmayasan”.Moderator.az 

 






Fikirlər