Lalə Məmmədova nazirlikdə baş verənlərdən danışdı - EKSKLÜZİV MÜSAHİBƏ

Lalə Məmmədova nazirlikdə baş verənlərdən danışdı – EKSKLÜZİV MÜSAHİBƏ

Son günlər Mədəniyyət Nazirliyində baş verən həbslər mədəniyyət işçiləri arasında böyük narahatlıq və təəssüf hissi yaradıb. Bu sahədə baş alıb gedən qanunsuzluq və korrupsiya halları incəsənət adamları arasında sözün əsl mənasında ciddi sarsıntı yaşadıb.

Əməkdar artist Lalə Məmmədova da məsələyə biganə qalmayaraq sözügedən olaylarla bağlı fikirlərini bölüşüb.

KONKRET.az-a açıqlamasında xanım müğənni ölkədəki həbslərin Mədəniyyət Nazirliyindən də yan keçmədiyinə üzüldüyünü bildirib:

– Əslində dövlət başçımızın koronavirusla bağlı gördüyü genişmiqyaslı işlər çərçivəsində ölkədaxili vəziyyətin bu qədər diqqət altına alınması məni bir vətəndaş kimi çox sevindirir.  Amma təəssüf ki, bu işlərə rəğmən rayon icra hakimiyyətlərində baş verən qanunsuzluqlarla bağlı həbslərin bu qədər nazirlik arasında Mədəniyyət Nazirliyinə də gəlib çıxması mənim ürəyimi çox ağrıdır. Bu fikirlərim yıxılana daş atmaq kimi başa düşülməsin. Çünki daş atmağı hər kəs bacarır. Mən isə sözümü zamanında demişəm və dediyim sözlərin üstündə də həmişə dururam. Sözsüz ki, hər qurumda hansısa nöqsanlar, neqativ hallar olur. Amma mədəniyyətimiz, milli-mənəvi, əxlaqi dəyərlərimiz, kökümüzlə bağlı bütün məsələlərin keşiyində duran bir nazirlikdə belə halların baş verməsi, açığını desəm, bir vətəndaş kimi mənə çox pis təsir edib. Xüsusən musiqi məktəblərimizdə –  sənətimizin ilk tədris olunduğu məbədlərdə baş verən rüşvət halları çox ürək ağrıdandır. Çünki mən özüm də bir sənətçi olaraq birbaşa bu quruma tabe olan insanam.

– Lalə xanım, yeri gəlmişkən, bu quruma birbaşa aidiyyəti olan bir insan kimi siz nazirliyin fəaliyyətindəki bir çox çatışmazlıqlar barədə dəfələrlə qətiyyətli çıxışlar etmisiniz. Amma bildiyimiz qədər həmin irad və təklifləriniz elə təklif olaraq da qalıb…

– Bəli… Təəssüf ki, mənim vaxtilə dediklərimdə hələ elə bir dəyişiklik olmayıb. Əslində zamanında mən qeyri-adi bir şey də deməmişdim. Deyirdim ki, estrada ifaçıları üçün nəzərdə tutulan Mahnı Teatrını yenidən bizə qaytarsınlar. Yəni öz hüquqlarımızı tələb edirdim. Başqa bir şey istəmirdim. Demirdim ki, bizə yeni qurum yaradılsın, yeni bir bina tikilsin. Təəssüf ki, o vaxt meydanda tək qaldım. Heç bir sənət yoldaşımdan, heç kəsdən səs-soraq çıxmadı.

Qonorar məsələsinə gəlincə, sirr deyil ki, bizdən sui-istifadə edən televiziyalar, rayon icra hakimiyyətləri var. Yəni bir çox dövlət tədbirlərində çıxış etməyimizin müqabilində qonorar almırıq. Məgər biz müğənnilər kiminsə cibinə girib oğurluq edirik, rüşvət istəyirik? Öz halal zəhmətimizin qarşılığını tələb edirik. Mən şəxsən sənətçi olaraq hüquqlarımın qorunmasında çox istəyirdim ki, Mədəniyyət Nazirliyinin dəstəyini görüm. Bu məsələdə məncə sənətçilərin arxasında Mədəniyyət Nazirliyi dayanmalı idi.

Digər tərəfdən, Prezident təqaüdlərinin verilməsi ilə bağlı məqama da diqqət yetirmək istəyirəm. Baxın, hər il olduğu kimi, bu il də eyni adamlar təqaüdə layiq görüldülər. Mən vaxtilə təklif etmişdim ki, bir qrup sənətçi yaşına və ya stajına görə daimi təqaüd alsın. Amma onlardan başqa siyahı hər il təzələnsin və yeni adlar əlavə olsunsun. Mənim başım çıxmır, məgər neçə ildir Azərbaycan musiqi sənətində, teatrında, incəsənətində yeni imzalar, adlar olmur ki, bu siyahıya salınsın? Axı təqaüd də nəyəsə əsasən verilməlidir və Mədəniyyət Nazirliyi bu işlə doğru-düzgün məşğul olmalıdır. Axı Prezidentin o qədər vaxtı yoxdur ki, hər il o siyahıya baxıb görsün ki, kimlərin adı keçən il var idi və bu il də var. Təəssüf ki, eyni siyahı, eyni adamlarla bu il yenə də təsdiq olundu.

Amma inanın ki, bu dönəmdə mən bütün bunları yenidən gündəmə gətirmək fikrində deyiləm. Çünki zamanında sözümü demişəm. Bununla belə, Mədəniyyət Nazirliyində baş verən korrupsiya halları ilə bağlı ən böyük zərbə alan insanlardan bəlkə də birincisi elə mən özümü hesab edirəm.

Etiraf edim ki, bir vətəndaş olaraq Prezidentimlə qürur duyuram. Məhz onun daxili siyasətimizə əzmkarlıqla yanaşması biz sənətçilərə böyük ruh verir. Şükürlər olsun ki, xarici siyasətimiz illərdir Prezidentimizin və vitse-prezdentimizin uğurlu fəaliyyəti nəticəsində sürətlə irəliləməkdədir. Amma daxildə də bu qədər genişmiqyaslı işlərin həyata keçirilməsini görməmək, bunu deməmək mümkün deyil. Şəxsən ölkə başçımız tərəfindən bütün sahələrə göstərilən diqqət məni çox arxayınlaşdırır. Bir vətəndaş kimi cənab İlham Əliyevə saytınız vasitəsilə dərin təşəkkürümü bildirirəm. Həmçinin vitse-prezidentimiz Mehriban xanım Əliyevaya da minnətdaram. Görün, onun təşəbbüsü nəticəsində bizim nə qədər əsərlərimiz, tarixi abidələrimiz, bayramlarımız YUNESKO-nun mədəni irs siyahısına salınaraq dünyaya rəsmi şəkildə tanıtdırılıb. Axı necə ola bilər ki, bu qədər işlər görən rəhbərlərin siyasətinə kölgə salasan?! Bax, məni əslində elə bu incidir.

Amma yenə də deyirəm ki, istəməzdim bu dediklərim yıxılana balta vurmaq kimi başa düşülsün. Çünki bu, mənim xislətimdə olan bir şey deyil.

Hazırladı: Sevinc Paşayeva






Fikirlər