Vitse-prezidentlər nə zaman təyin olunacaq?

Vitse-prezidentlər nə zaman təyin olunacaq?

Prezident Nazirlər Kabinetinə 6 ay vaxt verib; Fazil Mustafa: “Səlahiyyət bölgüsü aparılmasa, müəyyən prosedur və idarəetmə problemləri yarada bilər”

 

Azərbaycan Konstitusiyasının yeni variantı normativ hüquqi aktların vahid internet elektron bazasında yerləşdirilib. Bu il sentyabrın 26-da keçirilmiş referendumda konstitusiyaya dəyişikliklər qəbul edilib. Oktyabrın 12-də qüvvəyə minmiş referendum aktına əsasən, ana qanunda prezident seçilmək, baş nazir təyin edilmək, hakim olmaq, deputat mandatı almaq, nazir postu tutmaq üçün yaş senzi aradan qaldırılıb, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb, dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilib.
Başqa bir əsas yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Bu dəyişikliklər artıq bir aya yaxındır qüvvəyə minib. Prezidentin növbədənkənar seçkilər təyin edəcəyi və vitse-prezidentlər təyin eləyəcəyinə gözləntilər isə reallaşmadı. Ölkə prezidenti İlham Əliyev birinci məsələyə-növbədənkənar prezident seçkilərinin keçiriləcəyi haqda deyilənlərə iki həftə öncə son qoydu. Prezident bu barədə deyilənlərin əsassız olduğunu Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bəyan etdi. Bildirdi ki, seçkilərin vaxtını dəyişmək niyyəti yoxdur. Çünki buna zərurət yoxdur.
Vitse-prezidentlərin təyinatı məsələsi isə hələ ki açıq qalır. Ölkə başçısı hələ ki nə təyinat edib, nə də vitse-prezidentlər məsələsi ilə bağlı açıqlama verməyib.
Maraqlıdır, yeni konstitusiyaya uyğun olaraq vitse-prezidentlik institutu nə zaman reallaşacaq? Bu posta təyinatlar nə zaman baş tutacaq?
İstiqlal.az-ın yaydığı məlumatda bildirilir ki, vitse-prezidentlik təsisatı ən uzağı 2017-ci il aprelin 12-nə qədər yaradılacaq və uyğun təyinatlar olacaq. Məlumatda belə izah verilir ki, prezident İlham Əliyevin “2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş ”Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə" sərəncamı tam icra edildikdən sonra bu təsisat yaradılacaq və vitse-prezidentlər təyin ediləcək. Sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddəti 6 aydır. Sərəncamda Nazirlər Kabinetinə altı ay vaxt verilir ki, hüquqi aktların konstitusiya dəyişikliyinə uyğunladırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Bu müddət bitəndən sonra vitse-prezident postlarına təyinat olacaq. Müddətin bitməsi üçün 2017-ci il 12 aprel son tarixdir. Lakin bu o demək deyil ki, mütləq aprelin 12-dən sonra təyinatlar olacaq. Dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktlar hazırlandıqca qəbul və icra ediləcək. Böyük ehtimalla sözügedən təyinatlar ilin sonuna reallaşacaq. Ancaq aprelin 12-nə qədər yubana da bilər.
Milli Məclisin üzvü, BQP sədri Fazil Mustafa isə “Yeni Müsavat”a bildirib ki, konstitusiyada dəyişiklikdən sonra növbədənkənar prezident seçkilərinin mütləq keçirilməsi və vitse-prezidentlərin dərhal təyin edilməsi tələbi qanunda əksini tapmayıb: “Prezidentə əlavə səlahiyyətlər verildi, müvafiq institutların yaradılması konstitusiyada əksini tapdı. Prezident öz mülahizəsinə görə müəyyən eləyə bilər ki, seçki erkən, yoxsa vaxtında keçirilsin. Prezidentə səlahiyyət verilib, növbədənkənar seçkilər təyin edə də bilər, təyin etməyə də bilər. Konstitusiyada ”növbədənkənar seçkilər mütləq təyin edilməlidir" kimi tələb yoxdur. Konstitusiyada yeni dəyişikliyə görə, prezident bundan sonra 7 illiyinə seçiləcək. Bu dəyişiklik bütün hallarda keçmişə şamil olunmur. Yəni 2013-cü il seçkilərində seçilmiş prezident beş illiyinə seçilib və bu müddət 2018-ci ildə bitəcək. Prezident istəsə, bu beş illik müddət tamam olmadan yeni seçkilər təyin edə bilər, istəsə, yeni seçki təyin etməz və seçki 2018-ci ildə keçirilər".
Vitse-prezidentlərin təyinatı məsələsinə gəldikdə, deputat qeyd etdi ki, müəyyən əsasnamələrin hazırlanması, bu vəzifədə olan şəxslərin müəyyən statuslarının dəqiqləşdirilməsi, sənədləşdirilməsi vaxt aparan işlərdir. Çox güman ki, bu məsələlərin həllindən sonra vitse-prezidentlərin təyinatı məsələsinin üzərinə gəlinəcək: “Çünki dəqiq səlahiyyətlər bölgüsü aparılmalıdır ki, məsələn, bilsin ki, baş nazirin səlahiyyətləri nədir, vitse-prezidentlərin səlahiyyətləri nədir. Səlahiyyət bölgüsü aparılmasa, müəyyən prosedur və idarəetmə problemləri yarada bilər. Bu məsələlər həllini tapandan sonra prezident istənilən vaxt birinci vitse-prezident və vitse-prezidentlər təyin eləyə bilər. Qanunda konkret tələb qoyulmayıb ki, dəqiq filan vaxtda və ya filan vaxta qədər bu təyinatlar həyata keçirilməlidir. Prezidentin səlahiyyətindədir ki, istədiyi vaxt təyinat həyata keçirsin. Ona görə də təyinatların hələ reallaşmaması qanun pozuntusu deyil”.

 






Fikirlər