Rəsul Quliyevin seçkiyə qatılması ilə bağlı ŞOK AÇIQLAMALAR

“Rəsul Quliyevin hakimiyyətə gəlməsi üçün İvanişvilinin və Poroşenkonun kapitalından çox kapitalı ortaya  qoya biləcək adamlar var”

Milli Məclisin sabiq sədri, 21 ildir ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev gələn il Azərbaycana qayıtmaq və 2018-ci il prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə azpolitika.info Rəsul Quliyevin müsahibəsinə istinadən məlumat verib. Müsahibəsində R.Quliyev “Azərbaycana nə vaxt gəlməyi düşünürsünüz?” sualına cavabında deyib: “Bu hadisənin baş verməsi həm də hökumətin mənim gəlməyimin nə qədər vacib olmasını anlamasından keçir. Ümid edək ki, Azərbaycana dönməyim 2018-də baş tutacaq. Seçkilərə qatılacağam”.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər Rəsul Quliyev vətənə gəlişini hakimiyyətlə danışıqlarla həyata keçirəcəksə və seçkiyə qatılacaqsa, bu, hakimiyyətin iradəsinə uyğun gəliş və seçkidə iştirak olacaq. Bu variant Rəsul Quliyevin formal olaraq seçkiyə qatılması və formal olaraq alternativlik yaratması olardı. Əks halda, hakimiyyətin iradəsinə zidd Rəsul Quliyevin Azərbaycana gəlmək şansı yoxdur: “Özünün açıqlamasından da görünür ki, o, hökumətin razılığı olmadan vətənə gəlməyəcək”.

S.Cəlaloğlunun sözlərinə görə, Rəsul Quliyev Azərbaycanda olmadan da seçkidə namizədliyini verə bilər: “Rəsul Quliyev ADP-nin sədri olarkən ABŞ-da yaşasa da biz bir neçə dəfə onun deputatlığa namizədliyini irəli sürmüşük, namizədliyi qeydə alınıb və hətta 2005-ci il parlament seçkilərində Xətai rayonunda seçki dairələrinin birində qalib də gəlmişdi. Onun qələbəsi tanınmadı və biz bu məsələni Avropa Məhkəməsinə qədər apardıq, sübut elədik ki, qalib gəlib. Yəni Rəsul müəllim özü Azərbaycana gəlmədən də onun namizədliyinin verilməsi ilə bağlı işlər aparıla bilər”.

ADP sədri qeyd etdi ki, Rəsul Quliyev hakimiyyətin razılığı ilə yox, ölkə konstitusiyasına uyğun olaraq beynəlxalq ictimaiyyətin dəstəyi altında Azərbaycana gələrsə, ölkədə ictimai-siyasi həyatda köklü dəyişikliklər baş verə bilər. Bu da Rəsul Quliyevin şəxsiyyəti ilə bağlı deyil: “Xalq Azərbaycanda yaşayan müxalif liderlərin cəhdlərinə reaksiya vermir. Rəsul müəllim camaatın gözü qarşısında deyil, xaricdə yaşayır, onun haqqında real və qeyri-real müxtəlif rəylər var. Bu baxımdan, o, cəmiyyət üçün yeni lider kimi meydana çıxa bilər. Təbii ki, ciddi şəkildə beynəlxalq dəstək alacağı halda, Azərbaycandakı siyasi proseslərdə fundamental dəyişikliklərə nail ola bilər. Biz Ukraynanın və Gürcüstanın hakimiyyət dəyişikliyi ssenarisinə baxsaq, açıq-aydın görəcəyik zəngin adam faktoru önə çıxıb. Azərbaycanda da əgər beynəlxalq güclərin dəstəyi ilə dəyişiklik ssenarisi olacaqsa, hakimiyyətə demokratik qüvvələrin içindən bir liderin yox, kapitala malik bir şəxsin gətirilməsi gözləniləndir. Rəsul Quliyevin bu baxımdan müəyyən qədər potensialı var. Rəsul Quliyevin şəxsən özünün İvanişvili və Poroşenko qədər kapitalı olmasa da, dediyim ssenari olarsa, böyük kapitalı təşkil edə bilər. Mən yaxşı bilirəm ki, Rəsul Quliyevin hakimiyyətə gəlməsi üçün İvanişvilinin və Poroşenkonun kapitalından çox kapitalı ortalığa qoya biləcək adamlar var. Bu baxımdan, Rəsul Quliyev prosesdə lazım olan vəsaiti təşkil eləyə bilər.

Image result for Sərdar Cəlaloğlu

ABŞ fazalı demokratiya siyasəti həyata keçirir. Bu siyasət ölkələrdə rejim dəyişikliklərini aralıq rejimlər qurmağı nəzərdə tutur. Aralıq rejimlər nə klassik demokratik rejimdir, nə də klassik avtoritar rejimdir. Şərt budur ki, hakimiyyətdə olan güclərlə müxalifətdə olan güclərin ittifaqı olsun. Yəni demokratik qüvvələrin loyal qanadı ilə hakimiyyətin nisbətən loyal təmsilçilərindən ibarət ittifaq qurulur. Keçid dövrünün komandası onlar olur. Bu baxımdan da yanaşsaq, Azərbaycanda dəyişiklik olacaqsa, həmin ssenari tətbiq oluna bilər. Müxalifətdə olan loyal qüvvələr arasında isə Rəsul Quliyev də var. Rəsul Quliyev milli azadlıq hərəkatından çıxan və hakimiyyətə qarşı radikal mövqedə duran qüvvələrdən fərqli olaraq zaman-zaman iqtidara loyal münasibət nümayiş etdirir, bəyanatlarında, müsahibələrində hakimiyyətə yönəlik müsbət mesajlar ünvanlayır. Bu baxımdan, elə vəziyyət yarana bilər ki, Rəsul Quliyev hakimiyyətlə ittifaq razılaşması əldə edə bilər-seçkidə hakimiyyətin namizədi birinci, Rəsul Quliyev ikinci olsun variantından söhbət gedir. Bu variant baş tutarsa, ölkədə keçid üçün çox effektli variant olar. Təbii ki, danışmaq, ideya vermək asandır, amma onu həyata keçirmək vacibdir".

S.Cəlaloğlu vurğuladı ki, burada təkcə Rəsul Quliyevin şəxsi iradəsi rol oynamır, beynəlxalq ictimaiyyətin, xalqın iradəsi önəmli rol oynayır. Həm bu məsələlərdən, həm də iqtidarın özünün dəyişikliklərə nə cür reaksiya verməsindən çox şey asılıdır: “Beynəlxalq ictimaiyyətin çox ciddi şəkildə iştirakı olmadan heç bir ciddi dəyişiklik prosesi uğurla yekunlaşa bilmir. Azərbaycan müxalifəti olaraq biz indiyə qədər apardığımız mübarizədə, heç bir seçkidə yanımızda beynəlxalq ictimaiyyəti, Qərbin nümayəndələrini görməmişik. Ukraynada isə ABŞ dövlət katibinin müavini meydanda yemək paylayırdı. Bu dəstəyin yarısı indiyədək Azərbaycan müxalifətinə verilsəydi Azərbaycan tamamilə başqa istiqamətdə inkişaf etmişdi. Eynilə Rəsul Quliyevə də nə zamansa qeyd etdiyim formalarda dəstək olmayacaqsa, gəlişi və hansısa dəyişiklik edə bilməsi mümkün deyil.

Rəsul Quliyev kifayət qədər zəifləyib. ADP-nin sədri olan vaxtlarda Rəsul Quliyevin gücü Azərbaycanda aparıcı güc idi. O dövrdə Rəsul müəllimin gücü, potensialı indikindən yüz dəfələrlə artıq idi. O vaxt əldə etdiyimiz dəstək də indikindən artıq idi. Amma indi dünyada şərtlər dəyişib. Yəni bu gün Rəsul Quliyev əvvəlki gücündə deyilsə, bu o demək deyil ki, indi dediyi ideyanı həyata keçirə bilməz. Hər an hansısa ssenarilər işə salına bilər və bu zaman Rəsul Quliyev də həlledici əhəmiyyət daşıyanlardan ola bilər".






Fikirlər