RUSİYA və İSRAİLI ARASINDA təyyarə olayı- Azərbaycan nə edə bilər?

Qabil Hüseynli: “Azərbaycan üçün narahatlıq yaranacağına səbəb görmürəm”

Rusiyanın İl-20 radioelektron kəşfiyyat və mübarizə təyyarəsinin vurulması, 15 rus hərbçisinin həyatını itirməsi şimal qonşumuzun İsraillə gərginliyini pik həddə çatdırıb.

Hər keçən gün tərəflər arasındakı qarşıdurma artmaqdadır. İsrail tərəfi baş verənlərə görə rəsmi Dəməşqi, İranı və Hizbullahı günahkar bilib. İsrail həmçinin insidentin araşdırılması üçün Rusiyaya bütün vacib informasiyaları təqdim etməyə hazır olduğunu bəyan edib.

Ekspertlər bu gərginliyin yeni Qərb-Rusiya qarşıdurmasına səbəb olacağını düşünürlər. Eyni zamanda bu qarşıdurmanın Azərbaycana ziyan vura biləcəyi də vurğulanır. Belə ki, rəsmi Bakının həm Rusiya, həm də İsraillə dövlətlərarası yaxın əlaqələri mövcuddur. Belə olan şəraitdə Azərbaycanın bu gərginlikdə hansı istiqamətdə dayanacağı suallar doğurur.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, bu təyyarə olayı hələ ciddi surətdə araşdırılmayıb: “Buraya Beynəlxalq Aviasiya Xidmətinin ekspertləri gəlməli, yaxud da Rusiya müstəqil şəkildə bunu öz tərəfindən araşdırmalıdır. Eyni zamanda təyyarənin ”qara qutu" deyilən hissəsi tapılmalı, pilotların son danışıqları üzə çıxarılmalıdır. Rusiya belə bir versiya irəli sürür ki, guya təyyarənin vurulmasında təqsirkar İsraildir. Düzdür, təyyarənin Suriya hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulması haqqında faktlar təsdiqlənir. Amma Rusiya iddia edir ki, guya Suriya hava hücumundan müdafiə sistemini çaşdıran, təyyarəyə atəş açılmasına şərait yaradan İsrail qırıcıları olub. Amma bunlar quru sözlərdir. İsrail isə iddia edir ki, onun təyyarələri Suriya ərazisinə daxil olmayıb, Aralıq dənizi üzərində uçurmuş. Doğrudur, onların məqsədi İrana xidmət edən Hizbullah təşkilatının hərbi bazalarına atəş açmaq idi. Amma bu hadisədən sonra onlar bundan vaz keçdilər. İsrail baş vermiş hadisə ilə bağlı üzərinə hər hansı bir məsuliyyət götürmək istəmir. Rusiyanın israrla təyyarənin vurulmasına İsrail tərəfin səbəb olduğunu deməsi elmi və texniki cəhətdən əsaslandırılmış fikirlər deyil. İstənilən dövlət rəqabətdə olduğu ölkə ilə mübarizə apararkən beynəlxalq hüquq normalarına uyğun olan vasitələrdən istifadə edə bilər.

Ä°lgili resim

İsrail də deyir ki, təyyarələrim Suriya ərazisinə daxil olmayıb. Vurulan rus təyyarəsinin içərisində olanların hamısı yüksək ixtisaslı kəşfiyyatçılar olub. Onlar həm Aralıq dənizi boyu, həm İsrail əraziləri, həm də Suriya, hətta ola bilsin ki, Türkiyə ərazilərinə qədər uzanıb gedən kəşfiyyat xarakterli uçuşlar həyata keçirirmişlər. Bu məsələ ətrafında göründüyündən də çox ciddi şəkildə qarşıdurma yaranıb. Putin dedi ki, təyyarəmizi vuran İsrail deyil. O, bununla ortamı müəyyən qədər yumşaltmağa çalışdı. Amma sonradan Müdafiə Nazirliyinin sözçüsü bildirdi ki, təyyarənin vurulmasında əsas günahkar İsrail təyyarələridir. Bu da çox ciddi arqumentlərə söykənməyən fikirlərdir. Çünki İsrail təyyarələrinin  belə yanıltmaq imkanları varsa, o zaman onlar daha tez-tez Suriya hava hücumundan müdafiə sistemini yanıldarlar və onları da təkcə Rusiyanın deyil, Türkiyə və digər dövlətlərin də təyyarələrini vurmağa təhrik edərlər.

Məsələ kifayət qədər mürəkkəbdir. Bunun araşdırılması üçün vaxt lazımdır. Həqiqəti ortaya çıxarmaq üçün kifayət qədər zamana ehtiyac var. Rusiyanın təhdid dili ilə danışması və biz tezliklə görəcəyik ki, bu hadisəyə necə cavab verilir kimi fikirlərin səslənməsi onu göstərir ki, Rusiya bu bölgədə cəza xarakterli yeni bir plan işləyib hazırlamaq niyyətindədir. Bu plan da bölgədə sülh və əmin-amanlığı, həmçinin də Putinlə Ərdoğanın Soçidə əldə etdiyi razılaşmanı ciddi təhdid altına ala, Rusiya ilə qarşıdurmanı yenidən gərginləşdirə bilər. Nəticədə bölgə bütövlükdə yenidən alovlana bilər. Hər şey Rusiyanın təmkinli və hadisələrə obyektiv yanaşmasından asılı olacaq. Kreml əgər bu məsələlərə subyektiv yanaşıb ortamı qızışdırmaq xətti seçərsə, zənnimcə, proseslərə Amerika da, NATO da daxil ola bilər. İsrail isə bununla bağlı ciddi tədbirlər görməyə məcbur qalar. Hələ ki tərəflər bir-birinə qorxu gəlməklə güzəştlər qazanmaq niyyətindədirlər. Hər hansı bir cəza tədbiri işə salınarsa, bu, ortamı daha da gərginləşdirəcək və əsl günahkarları tapmağı çətinləşdirəcək. Suriya təyyarəni vurduğunu etiraf etsə də, İsrailin burada təhrikçi olduğunu önə çəkmək kifayət qədər mübahisəlidir. Proseslərin sonucu Ərdoğanla Putin arasında əldə olunan razılaşmanın pozulması ilə nəticələnə bilər. Bəzi ekspertlər hesab edirlər ki, bu təyyarənin vurulması Putin-Ərdoğan razılaşmasına kölgə salmaq və həmin razılaşmanı pozmaq məqsədi güdür. Amerika və Avropa mətbuatı bu məsələdə İranın təhrikçi mövqeyini daha çox qabardır. Qeyd edirlər ki, İrana xidmət edən Hizbullah təşkilatının Bəşər Əsəd rejimi üzərində ciddi qəyyumluğu var idi. Bu baxımdan bu məsələdə İranın barmağının olması istisna edilmir".

Politoloq Azərbaycanın bu gərginlikdə zərər görməyəcəyini düşünür: “Bu məsələdən Azərbaycan üçün narahatlıq yaranacağına səbəb görmürəm. Düzdür, Rusiya və İsraillə çox yaxın münasibətlərimiz var. Ölkəmiz bölgədən çox uzaqdır. Azərbaycan bu məsələdə obyektiv araşdırmanın aparılmasının tərəfdarı kimi çıxış edəcək. Eyni zamanda bölgədə sülh və əmin-amanlığın yaradılmasına cəhd göstərəcək. Bu səbəbdən baş verə biləcək hadisələrin Azərbaycana zərər vura biləcəyi qənaətində deyiləm”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi