Daha bir neçə nəfər mövqeyini qətiləşdirdi

Qənirə Paşayeva, Hacı Madər, Jalə Əliyeva, Tahir Kərimli və Araz Əlizadə seçkidə iştirak qərarını verdi; Zeynəb Xanlarova isə son sözünü deməyib

 

“Jurnalist dostlarımızın seçkilərdə iştirak edib-etməyəcəyimlə bağlı suallarına cavab olaraq bildirmək istəyirəm ki, namizədliyimi hazırda millət vəkili olaraq Milli Məclisdə təmsil etdiyim 105 saylı Tovuz seçki dairəsindən irəli sürmüşəm”. 
 
Bu sözləri Milli Məclisin 105 saylı Tovuz seçki dairəsindən olan deputatı Qənirə Paşayeva sosial şəbəkədə qeyd edib.
SSRİ xalq artisti, deputat Zeynəb Xanlarova millət vəkilliyinə namizədliyini hələ irəli sürməyib.  50 saylı Qobustan-Abşeron seçki dairəsindən (əvvəlki adı 50 saylı Qobustan-Xızı-Sumqayıt) axar.az-a verilən məlumata görə, adıçəkilən dairəyə Zeynəb Xanlarovanın namizədliyi barədə müraciət daxil olmayıb.  Xanım deputatın köməkçisi Mələk Bayramova “Yeni Müsavat”a bildirdi ki, hələ Zeynəb xanım son qərarını ona deməyib.
Milli Məclisin bitərəf deputatı Jalə Əliyeva noyabrın 1-nə təyin olunan növbəti parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürəcək. Bu barədə publika.az-a J.Əliyeva özü bildirib.  J.Əliyeva yenə də 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyini irəli sürəcəyini deyib: “Hazırda sənədlərimi hazırlayıram. Yəqin ki, yaxın günlərdə sənədlərim seçki dairəsinə təqdim olunacaq”. J.Əliyeva təmsil olunduğu dairədən YAP-ın namizəd irəli sürməsi məsələsinə də toxunub: “Bu seçkidir, burada kimin seçilib-seçilməməsini seçici həll edir. Nəticə necə olacaqsa, bu, seçki günü bəlli olacaq. İnşallah, nəticə seçki günü bilinəcək”. Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 92 saylı Zərdab-Ucar seçki dairəsindən Gülağa İsgəndərovun namizədliyini irəli sürüb.
Ümid Partiyasının sədri İqbal Ağazadə ilə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə parlament seçkilərində rəqib olacaqlar. AzNews.az xəbər verir ki, A.Əlizadə parlament seçkilərində iştirak edəcəyini və namizədliyini irəli sürəcəyi dairəni açıqlayıb. Bildirib ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olacaq.  Məlumat üçün bildirək ki, İ.Ağazadə də eyni dairədən namizədliyini irəli sürüb. Yeni Azərbaycan Partiyasının 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədi isə Ağrılı Aliyədir.
 
Vəhdət Partiyasının sədri Tahir Kərimli də seçkilərə qatılmağa qərar verib. T. Kərimli APA-ya deyib ki, o, namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürəcək. Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən isə Ərəstun Cavadovdur. 
Parlamentin ən uzunömürlü deputatlarından olan Hacı Madər Musayev bu il noyabrın 1-nə təyin olunan növbəti parlament seçkilərinə namizədliyini irəli sürüb. Namizədliyini 10 saylı Binəqədi üçüncü seçki dairəsindən irəli sürdüyünü deyən Hacı Madər sözügedən ərazidən lazımi dəstəyi alacağına əminliyini bildirib: “Mən müstəqil adamam, namizədliyimi də müstəqil formada irəli sürmüşəm. YAP da bu dairədən namizəd irəli sürübsə, yaxşı edib. Mənim doğma kəndim də bu dairədə yerləşir. Yəqin ki, Allahın köməyi ilə seçicilər də mənə etimad göstərərlər. Göstərməsələr belə, mən onlara heç bir söz deyə bilmərəm, bu, onların öz seçimləridir”.
 
Xatırladaq ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyası (YAP) Samirə Həsənovanın namizədliyini irəli sürüb.

 






Fikirlər