“Milli Məclis hər cür oliqarxdan, alverçidən təmizlənənə kimi…”

“Milli Məclis hər cür oliqarxdan, alverçidən təmizlənənə kimi…” 

“Əksəriyyət deputatların maaşlarının artımına qarşıdır. Həm də ciddi şəkildə. Mənsə bunun qatı tərəfdarıyam və düşünürəm ki, deputatlar tutduqları mövqeyə layiq maaş almalıdırlar. O kolxoz dövrü keçib gedib çoxdan. Deputat elə təmin edilməlidir ki, normal və rahat işləyə bilsin”. 

 

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi şərhçi Azər Həsrət deyib. O, bildirib ki, bu maaş artımları davam etməlidir: “Ta ki, Milli Məclis hər cür oliqarxdan, alverçidən, onun-bunun qohum-qardaşından, yerlisindən təmizlənib normal qanunverici orqana çevrilənə kimi davam etməlidir. 

Hazırda MM-də oturanlar arasında deputatın “d”sindən xəbəri olmayan, amma qaz vurub qazan dolduranlar da var. Onlar üçün, bəli, maaş artımı məqbul deyil. Amma normal deputat fəaliyyəti ilə məşğul olan və kənardan heç bir gəliri olmayanlar da var axı. 

Həm də MM gələcəkdə məhz sırf deputatlıqla məşğul olanlardan təşkil ediləcəksə onların normal işləməsi üçün normal da maddi təminat olmalıdır. Yəni deputatların maaşını çox da tənqid etməyin!

O başqa məsələ ki, başqa sahələrdə də maaş artımı tələb edirsiniz. Bunda haqlısınız. Dövlət mümkün olduqca maaşları artırır, amma bəllidir ki, indiki qarışıq dünyada bunu yetərli saymaq bir az çətindir. O baxımdan artımlarla bağlı əlbəttə ki, dövlət də tədbirlər görür, planlar cızır. Buna da şübhə etməyək”.






Fikirlər