Rəsulzadənin bənzərsiz və orijinal əsərləri çap ediləcək – Nəsiman Yaqubludan ANONS...

Rəsulzadənin bənzərsiz və orijinal əsərləri çap ediləcək – Nəsiman Yaqubludan anons

Bu gün Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. 1955 -ci ilin bu günündə Ankarada dünyasını dəyişən Rəsulzadə qardaş ölkədə dəfn edilib.

 M.Rəsulzadənin irsi bu gün də hələ tam araşdırılmayıb. Rəsulzadə irsinin ən məhsuldar tədqiqatçılarından olan tarix elmləri doktoru Nəsiman Yaqublu  Moderator.az-a açıqlamasında  onun ümumilikdə isə 10 cildlik əsərlərini nəşr etməyi planlaşdırdığını bildirib:

 “Bu gün Rəsulzadınin dünyadan köçdüyü gündür.  Bu ərəfədə, onun mühacirətdə yazdığı  İranla bağlı yazılarını topladığım kitab “Məhəmmədi Əmin Rəsulzadə - İran yazıları,  mühacirət dövrü”adı ilə  çap ediləcək. Digər bir işimiz, M.ƏRəsulzadənin mühacirətdə yazılmış əsərlərinin  III cildini hazırlamaqdan ibarətdir. I cild 2016-cı ildə, II cild 2021-ci ildə çap olunub.  III cildini isə 2023-cü ildə hazır  edəcəyik.  Ümumilikdə isə 10 cildlik əsərlərini nəşr etməyi planlaşdırmışam.

 M.ƏRəsulzadə elə bir zəngin irs qoyub ki, onsuz Azərbaycanın siyasi, elm, mədəniyyət tarixini təsəvvür etmək mümkün deyil.  Onun irsi tam olaraq, ortaya qoyulmayana qədər tariximizin araşdırılması mümkün deyil. Bu gün kim nə araşdırırsa, mütləq  M.Ə.Rəsulzadənin əsərlərinə istinad edib, öz nöqsanlarını aradan qaldırmalıdır. Çünki  o, geniş elmi, tarixi əsaslarla, Azərbaycan mövqeyi ilə bu yazıları, araşdırmaları aparıb, məqalələr çap etdirib. Onun əsərlərini araşdırmadan Azərbaycan elm, mədəniyyət, siyasi tarixini araşdırmaq mümkün deyil. Bu gün biz ona, ancaq, ruhu şad olsun deyə bilərik.

 Rəsulzadənin elm-təhsillə bağlı məqalələri müxtəlif dövrlərə aiddir: Çar Rusiyası dövrü,  Xalq Cumhuriyyəti dövrü və Sovet hakimiyyəti dövrü. Hər üç  dövrdə elmlə bağlı əsərlərinin əsasında, xalqı maarifləndirmək, dəyərləndirmək, ən yeni elmi dəyərləri  cəmiyyətə gətirmək və bununla bağlı yüksək səviyyəli kadrlar hazırlamaq dayanır.  Onun elə  birinci yazısı elmə həsr edilmişdi. 1903-cü ildə “Şərqi-rus” qəzetində M.Ə.Rəsulzadənin maariflə bağlı ilk şeri, “Elm haqqında deyilmişdir” çap edilib.  Yəni, o,  elmə, təhsilə həmişə yüksək dəyər verib.  Onun 2 əsas addımını biz yüksək qiymətləndiririk. Biri, Azərbaycan Dövlət Universiteti,  digəri isə, yüzlərlə tələbənin xaricdə təhsil alması.  Bütün bunlar sübut edir ki, M.Ə.Rəsulzadə və onun silahdaşları, elmə təhsilə hər zaman yüksək qiymət veriblər”.






Fikirlər