Bu il bizə nə vəd edir?

İkili standartlara əsaslanan siyasət yürüdən kollektiv Qərb postsovet məkanı ölkələri ilə bağlı strategiyasını daha da aktivləşdirməyə hazırlaşır. Həmin strategiyanın məzmunu inkişaf etməkdə olan dövlətlərin resurslarından yararlanmaq, daha doğrusu, istismar etmək, habelə Qərbin maraqlarının tam təminatına nail olmaqdır.

ABŞ və Avropa İttifaqı arasındakı geosiyasi qarşıdurmanın gücləndiyi dönəmdə Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu bölgə statusundan çıxaraq, ətraf regionlara təsiri fasiləsiz artan geostrateji məkan halını alır.

Təbii ki, Vaşinqton bölgədə təsir imkanlarını artırmaq, Gürcüstandan və Azərbaycanın xarici siyasətinə müdaxilə etmək, həmçinin, Ermənistanda mövqelərini daha da möhkəmləndirərək, Rusiya və İranın regional oyunçu statusları ilə vidalaşmasına çalışır.

Ötən il rəsmi Vaşinqtonla Bakı arasında yaşanmış problemlər və anlaşılmazlıqlar bilavasitə Birləşmiş Ştatların "təşəbbüs"ü ilə baş verib. Vaşinqton Bakıya təzyiq göstərmək, erməni lobbisinin maraqlarının məcmusu olan qərarların verilməsinə nail olmaq üçün çoxsaylı qərarlar qəbul etmiş, bəyanatlar vermişdi. Hətta "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş yenidən işə salındı, Azərbaycana hərbi-texniki yardımlar dayandırıldı. Konqresin Nümayəndələr Palatasında və Senatda ölkəmizə qarşı cəza sanksiyaları ilə embarqoların tətbiq olunması da təklif edildi.

Bakının mövqelərindən geri çəkilmədiyini anlayanda Vaşinqton pressinq cəhdlərini dayandırdı. Birləşmiş Ştatların isteblişmenti çox gec olsa da, anladı ki, ölkəmizə qarşı diktat, təzyiq və pressinq variasiyaları işlək deyil. Əksinə, belə cəhdlərə əl atanlar əks nəticə ilə qarşılaşırlar.

Prezident İlham Əliyev söyləyib: "Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq, bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin".

Bu, Azərbaycanın xarici siyasətinin və mövqelərinin məhvəri, paradiqması və fəaliyyət strategiyasıdır.

Postsovet məkanı ölkələri arasında Azərbaycan unikal diplomatik potensialana malikdir: ölkə Qərbin və Şərqin siyasətinin daşıyıcısı olmaq missiyasından imtina edərək, bloklara qoşulmayan dövlətdir. Rəsmi Bakının yürütdüyü siyasət tam müstəqim, suveren olduğundan heç bir güc mərkəzi, superdövlət və ya beynəlxalq təşkilat təzyiqlərlə təsirlər formatında nəyəsə nail ola bilməyiblər.

Ölkəmizin müstəqil diplomatiyasını şərtləndirən məqamlar aydındır: azad siyasət, dayanıqlı inkişaf, kənardan verilən təlimatların rədd edilməsi, vətəndaşların maraqlarının və xalqın mənafeyinin təmin edilməsinə yönəlmiş strategiya.

Bütün bunlar Azərbaycanın 2020-ci ilədək formalaşmış qlobal dünya düzəninə qarşı çıxaraq inkişaf etməkdə olan dövlətləri istismar etməklə "qızıl milyard"ın siyasi maraqlarını və iqtisadi rifahını təmin etməyə çalışan güclərə antaqonist mövqe tutmasına səbəb oldu.

44 günlük İkinci Qarabağ Müharibəsi və ondan sonrakı üç il isə Azərbaycanın beynəlxalq hüququn prinsipləri ilə normalarının reallaşmasına ümid etdiyi onilliklər ərzində gözləntinin fəallaşma ilə əvəzlənməsini nümayiş etdirdi.

Tam 28 il sərasər BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını, işğalçı Ermənistana qarşı zəruri tədbirlərin görülməsini, erməni işğalındakı ərazilərimizin dinc danışıqlar yolu ilə azad edilməsini gözlədik.

Dünya miqyasında ən ali hüquqi sənəd sayılan BMT TŞ-nin qətnamələrini Ermənistan havadarlarına güvənərək, adi kağız parçası hesab etdi. Rəsmi İrəvan daha da aqressivləşmiş, ağzğınlaşmışdı. Ermənistanın artıq sabiq müdafiə naziri David Tonoyan "Azərbaycanla yeni müharibə bizim üçün yeni ərazilər olacaq!" demişdi. Baş nazir Nikol Paşinyan Şuşada içib sərxoş vəziyyətdə yallı getmiş, "Qarabağ Ermənistandır və nöqtə!" söyləmişdi.

BMT TŞ funkionallığını tam itirərək, adi beynəlxalq təşkilata çevrildiyini və işğalçı Ermənistana hər hansı formada təzyiq göstərə bilmədiyini nümayiş etdirmişdi.

Ermənistan özünü çox rahat hiss edirdi, çünki ATƏT-in Minsk Qrupunda həmsədr olan ABŞ, Rusiya və Fransa münaqişənin nizamlanmasını, erməni işğalına son qoyulmasını və məcburi köçkün soydaşlarımızın evlərinə dönmələrini yox, münaqişənin mümkün qədər uzanmasını istəyirdilər.

"Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" deyən həmsədr ölkələr Bakını aciz duruma salmaqla yanaşı, status-kvonu qorumağa çalışırdılar.

Alınmadı, çünki alına da bilməzdi.

BMT TŞ-nin etməli olduğunu Azərbaycan etdi və 21-ci əsrin ilk milli-azadlıq savaşı olan 2-ci Qarabağ Müşaribəsini, əsl ədalətli müharibəni gerçəkləşdirdi.

Məhz bu müharibədən sonra, Azərbaycanın yolunu təkrarlamaq istəyən bir sıra dövlətlər apardıqları hərbi əməliyyatları "ədalətli müharibə" adlandırmağa başladılar.

Lakin həmin müharibələrin istisnasız olaraq hamısı müxtəlif merkantil səbəblərə görə başlayaraq davam etdirildiyindən "ədalətli müharibə" adlandırıla bilməz.

Çünki Azərbaycan əzəli və qanuni ərazilərini işğalçılardan azad etdi, separatizmə son qoydu və indi həmin ərazilərə Böyük Qayıdışı gerçəkləşdirərək, bərpa-inşaat prosesini sürətlə davam etdirir.

Müharibəyə başlayan və hərbi əməliyyatlar aparan dövləti dəstəkləyən düşərgə ilə, onun cəzalandırılmasını, sanksiyalara məruz qoyulmasını istəyən düşərgələr sürətlə formalaşır. Ukrayna, Somali, İsrail-Fələstin və s. hərbi toqquşmalarının genezisi bunu şərtləndirir: işğal edənlə işğala məruz qalan, haqlı tərəflə beynəlxalq hüququ pozan və haqsız sayılan tərəf - müharibələrin siyasi konstruksiyası ilə axarı faktiki olaraq eynidir.

Sadəcə Azərbaycan hərbi əməliyyatları ədalət, ləyaqət, humanizm və beynəlxalq hüquq çərçivəsində apararaq, ordunun sivilləri hədəfə almadığını göstərməklə yanaşı, sübut etdi.

Diplomatiyamız isə qlobal miqyasda Azərbaycana olan münasibətlə mövqeləri tamamən dəyişərək, qarşıdakı vəzifələrlə bahəm, ölkənin mövqeyini çox yüksək səviyyəyə qaldırdı.

Məhz Azərbaycanın yürütdüyü siyasət, rasional və praqmatik diplomatiya sayəsində Cənubi Qafqaz bölgəsində qüvvələr nisbəti sürətlə dəyişib: Bakı yeni geosiyasi reallıqları formalaşdırmaqla yanaşı, onları idarə etməkdədir.

Məsələn, Rusiya və İran son illərədək Azərbaycana sürəkli pressinqə can atırdısa, indi Bakı ilə mümkün qədər geniş miqyasda, intensivlikdə və çeşiddə əlaqələr qurmaqdadır.

Ermənistan belə, yekun sülh sazişini imzalamaqda maraqlı olduğunu bəyan edərək, hamiləri ilə havadarlarının bütün təzyiqlərinə rəğmən, Azərbaycanla birbaşa, vasitəçilərsiz, ikitərəfli danışıqların və müzakirələrin mövcud problemlərin həllində ən effektiv istiqamət olduğunu anlamağa başlayıb.

Bu il ölkəmiz üçün çağırışlar və eyni zamanda, ciddi iqtisadi, geosiyasi və diplomatik uğurlar ili olacaq.

Çünki Azərbaycan müstəqil, suveren və güclüdür.

Elçin Alıoğlu
TREND






Fikirlər